Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu fani dünyadan, yalan dünyadan,
Ölənlər qurtarır canın nə dərdi.
Ölüm ölənlərə bir sakit ada,
Ölüm qalanlara ən ağır dərddir…
Biri vardı, biri yoxdu. Bu dünyada Xuraman adlı bir aktrisa vardı. Yaratdığı obrazlar - "Asya", "Gülçöhrə", "Ceyran", "Qızılgül", "Rəna", "Eyzəngül", "Gülsüm", "Gülzar", "Cemma", "Humay", "Firəngiz", "Yetər" və sair rolları onu tamaşaçılara sevdirirdi. O qədər gözəl idi ki, oynadığı rollarda qrimlənsə də, həyatda heç vaxt makiyaj etməz, təbii gözəlliyə üstünlük verərdi. Yaxşı xörək bişirməyi, paltar tikib, məclis qurmağı xoşlayırdı. O vaxt dəbdə olduğundan, bir çoxları kimi, krassvord həll etməkdən zövq alardı...
Gənc Tamaşaçılar Teatrında onunla bir yerdə çalışmış aktrisa Məsumə Babayeva onu belə xatırlayır: “Xuraman tamaşalarda çox rol alırdı. Qısqanclıqdan teatrın aktrisaları çalışırdılar ki, necəsə onu gözdən salıb, rollarını əlindən alsınlar. Bunu hiss edən Xuraman onların cavabını verir, sərt münasibət göstərirdi. Hətta bir ara kollektivdən küsüb Naxçıvan Teatrına da getdi. Elə orada da Xalq artisti adını aldı”
Bəli, hər bir insan kimi onun da tərcümeyi-halı vardı. Tərcümeyi-hal hər bir ömrün kağıza sığdığı hadisələridir. Həmin yazıda əksini tapan olaylar bunlardır:
Xuraman Abdulla qızı Hacıyeva 1945-ci ildə Bakıda dünyaya gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı Dövlət Dram Teatrında aktrisa işləməyə başlayıb. Sonrada təhsilini davam etdirərək Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Bir müddət Gəncə teatrında işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Arada Naxçıvan teatrında aktrisalıq edib və yenidən əvvəlki kollektivə qayıdaraq ömrünün sonunadək orada çalışıb. 15 fevral 2005-ci ildə 59 yaşında ikən qəflətən vəfat edib…
Yaşasaydı, dünən - martın 7-də 80 yaşı tamam olacadı. Cismən aramızda olmasa da, o hələ də unudulmayıb. Axı onu tanıyanlardan hələ də yaşayanları var. Nahaq demirlər ki, adam onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür…
Bəli, hər bir ömür sonda bir nağıla dönür və bu nağılların hamısı belə başlayır- Biri vardı, biri yoxdu…
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)