Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək. “RNAB" festivalı 13 ildir fəaliyyət göstərir. Bütün seçilmiş filmlər ölkənin nüfuzlu məkanlarında böyük ekranda nümayiş olunacaq. İkinci filmimiz isə “RENUAC” festivalında uğur qazanıb və Çilinin paytaxtı olan Santyaqo şəhərində yerli və xarici media nümayəndələrinin iştirak edəcəyi nüfuzlu məkanlarda göstəriləcək.
Bunu AzərTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”.
O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə olunmasına xeyli vaxt sərf etdiyini bildirib.
C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Bu barədə fikrini bildirərkən qeyd edib ki, ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq çox faydalıdır. Bu, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə, insanların faydalı işlər görməyə hazırlanmasına hesablanmış bir addımdır.
“SSP Production” şirkətinin ekranlaşdırdığı daha bir film olan “Stalinin qaranlıq keçmişi” adlanır. Filmə Əkbər Qoşalı redaktorluq edib, mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. “Biz kommersiya məqsədilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.