Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Həyatda məcburi heç nə yoxdur” deyirik. Lakin keçmiş məntiq və düşüncələrə nəzər saldıqda insanların, xüsusən də gənclərin istəmədiyi şeylərə, xüsusilə də istəmədiyi biri ilə evlənməyə məcbur edildiyini görürük. Günümüzdə bu cür hadisələr cüzi də olsa azalmasına rəğmən, hələ də bu məntiq və düşüncə tərziylə davam etməkdədir.
1963-cü ildə çəkilən “Əhməd haradadır” filmi də məhz iki gəncin fikri olmadan alınan evlilik qərarı ilə bağlıdır. Filmin rejissoru Adil İsgəndərovdur. Xoşbəxtliyini istəsə belə, valideynin öz övladının fikrini soruşmadan hərəkət etməsi istənilməyən nəticələrə gətirib çıxarır. Övlad ailədən, evindən ayrı düşür, ya da bu məcburi evliliyin sonu boşanma ilə sona çatır.
İşin gülməli qismi isə bir-birini görmədən evlənmək istəməyən Əhməd və Leyla Bakıda təsadüfən qarşılaşır və xoşbəxt ailə olaraq həyatlarına davam edirlər. Kimisə istəmədiyi bir şeyə meyli olmadığı istiqamətə məcburən itələməyin, yönəltməyin fəsadları hər zaman ağır olub və olmağa da davam edəcək. Valideyn xeyir-duası hər birimiz üçün önəmli olsa belə, hər kəs qarşısındakının müstəqil Azərbaycan gənci olduğunu bilməli və nəyi düzgün, nəyi səhv etdiyini anlayacaq yaşdadır.
Gəlin bir-birimizlə qəlb qırmadan aradakı pərdəni götürmədən anlaşaq. Nə də olsa, bu həyat bu gün küsülü qalsaq belə, sabah barışmağa fürsət tapa bilməyəcəyimiz qədər qısadır.
“Ədəbiyyat və İncəsət”
(26.01.2025)