Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Yabanı kimdir? Roz, yoxsa bizə uyğun olmayan hər şey?
Hərfi mənasında “yabanı” əhlilləşməmiş olandır. Kimin/nəyin əhlilləşmiş olub-olmaması isə bizim yanaşmamızdan, daha doğrusu, idrakımızdan asılıdır. Başqa sözlə, öz təbiətimizə, düşüncəmizə uyğun olanlar bizimçün əhlilləşmişdir, uyğun olmayan isə yabanı…
Təsəvvür edin, bir çəmənə giririk və orada düyməsini yeyə biləcəyimiz əmənkömənçi (əbəgüməci) komu görürük. Yeyə bildiyimiz üçün əmənkömənçi girir əhlilləşmiş kateqoriyasına. Amma onun düz böyründəcə batbatı var, yemək olmaz, toxumlarını azacıq çeynəyən kimi, adam havalanır. Və bizimçün batbatı olur yabanı bitki. Başqa yerdə nə deyirlər bilmirəm, biz göyçəlilər batbatıya ayama da qoşmuşuq: “dəli batbatı”. Yaxud hamımızın tanıdığı əvəlikdən danışaq: yeyə bildiyimiz, tünd rəngli növ “əvəlik”dir, yeyə bilmədiyimiz, üstündə qırmızı xalları olan, açıq rənglisi isə “dəli əvəliyi”.
Bu misalları ona görə çəkdim ki, yabanılıqla mədəniliyin arasındakı sərhədin qeyri-müəyyən, qeyri-dəqiq olmadığını anladım. Çünki indi haqqında danışacağım cizgi filminin adı belədir: “Yabanı robot”.
Amerikalı uşaq yazıçısı, illustrator Piter Braun`un yaratdığı obrazdır yabanı robot. Mətn-müəllif arasındakı qarşıdurmalardan yaranan obrazlar dünyanı heyrətə salmağı bacarır. Ədəbiyyat tarixini, ədəbiyyatın kulisini bilənlər üçün bu obrazlar da iki yerə ayrılır: “doğma obrazlar”, “ögey obrazlar”. Mətn-müəllif qarşıdurmasında mətn dominantdırsa, “ögey”lər yaranır, müəllif dominantdırsa, “doğma”lar yaranır. Bu da ədəbiyyatın əbədi mübahisələrindəndir.
Piter Braun`un yabanı robotunu tanımağa cəhd etdikcə, mətnin qalibiyyətinin şahidi oluruq. Müəllifin “Yabanır robot”, “Yabanı robot qaçır”, “Yabanı robot qoruyur” adlı əsərləri ““Nyu-York Times” bestsellerləri” siyahısındadır. Uşaq yazıçısı kimi tanınan Braun`un bu əsərlərini də dünya ədəbiyyatı uşaq ədəbiyyatı nümunələri kimi qəbul edəcəkdi, “Yabanı robot” cizgi filmi çəkilməsəydi.
2024-cü ildə təqdim edilən ekran əsərinin büdcəsi 78 milyon dollar idi. Kassada 324,9 milyon toplamağı bacardı. Və hamımız bilirik ki, bu pulu uşaqlar deyil, böyüklər xərclədi.
Bundan sonra başlandı “Yabanı robot” haqqınday azılmağa… Məsələn, elle.in`in yazarı Ekta Sinha`nın 14 oktaybr 2024-cü il tarixli yazısında bu qeydləri oxuyuruq: “2024-cü il cizgi filmlərinin yalnız uşaqlar üçün olmadığını sübut etdi. Rejissor Kris Sanders bunu açıq-aşkar dünyaya göstərdi”.
Linet Nikolas parents.com-da yazdığı məqalədə deyir: “Məhz Rozun obyektivindən biz dünyanı, onun təcrübələrini görməyə başlayırıq. Onun həssaslığı, mərhəməti ətrafındakı canlı heyvanlara da təsir edir”.
Hə, “Yabanı robot”u meydana çıxaran qarşıdurmada müəllifin məğlubiyyətinin sirri elə bundadır: emosiyaları olan robotun mövcudluğunda. Hətta Braun əsərində oxuculara, (Sanders də tamaşaçılara) onu ötürür ki: “Dost sayı az ola bilər, əsas odur ki, sən o dostlarla xoşbəxt olmağı bacarasan”.
Digər tərəfdən, bizə “vəhşi təbiət” deyə anladılan/öyrədilən hər şeyin mif olduğunu anlayırıq. Mifologiya heç vaxt dağıdıla bilməyən, eyni zamanda da, divarları gözlə görünməyən qəsrdir. Onu yaradan insanın həyatı öyrənmək cəhdləri, qazandığı təcrübələr, qorxularıdır. Mif varsa, orada sevgidən, mərhəmətdən söhbət gedə bilməz. Lakin ROZZUM Unit 7134 nömrəli robotu yaradan yaradıcılıq eşqi, düşüncə sistemi bizə anladır ki, sevgini, mərhəməti tapmaq, ona həyatın-təbiətin hər anında yaxınolmaq üçün mifi elə mif kimi qəbul etməliyik-nəsrin yarpaqları kimi… Və o yarpaqları suyun üstündə saxlayan incə bağların suyun dərinliklərində bir kökə bağlı olduğunu da unutmamalıyıq.
Piter Braun öz bloqunda qeyd edir ki, “Yabanı robot” uyazmaq onun 8 ilini alıb.
Bu qeydlərinin sonunda o yazır: “Yuxudan oyanan və vəhşi adada tək olduğunu görən robot. Roz ora necə gəldiyini, haradan gəldiyini bilmir; o, yalnız sağ qalmaq istədiyini bilir”.
Tanış situasiyadır, hə? İlkinlik, sağ qalmaq instinkti… Və Roz neyləməliydi? Braun yazır: “Robotik şəkildə ətrafını öyrənərək bilməsi lazım olan hər şeyi öyrənir… Lakin Rozun öyrəndiyi ən vacib dərs odur ki, xeyirxahlıq sağ qalmaq bacarığı ola bilər”.
Hə, məğlub olan yazıçının zəfəri elə buradan başladı - dünya onun “ögey” obrazının diliylə demək istədiyini anladı…
Sonda, kimsə gəlib mənə “Wild robot”un Azərbaycan dilində qarşılığının “Vəhşi robot” olduğunu söyləməsin. Roz vəhşi deyildi... Uzaqbaşı, ona “yabanı” deyə bilərik. Mənimlə razılaşmaq üçün cizgi filminə bircə dəfə belə, baxmağınıza dəyər, əziz böyüklər!
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)