“Apokalipsis baş verərsə, mən güvəniləcək biri deyiləm” – günümüzün ən məşhur rejissorlarından olan Roland Emmerixlə müsahibə Featured

 

Bu günlərdə “Ayın enişi” (Moonfall) filmi ekranlara çıxıb. Filmin rejissoru “Müstəqillik Günü”, “2012” və “Birisigün” kimi ekran əsərlərinin müəllifi, eləcə də Hollivudun apokalipsis üzrə əsas mütəxəssisi Roland Emmerixdir. Onun yeni əl işi Ayın Yerətrafı orbitdən çıxması nəticəsində planetimizi məhv etmək təhlükəsindən bəhs edir. Burada iki astronavt və bir alimdən ibarət komanda bu fəlakəti dayandırmağa çalışır. Filmdə baş rolları Hayli Berri, Patrik Uilson və Donald Sazerlend ifa edib. TASS agentliyi ilə söhbətində Emmerix studiyaların niyə bu layihədən imtina etməsindən, onu pensiyaya çıxmağa məcbur edə biləcək məqamlardan və həqiqətən də qiyamət zamanı nə edəcəyindən danışıb. Maraqlı müsahibəni “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.

 

- Belə təəssürat yaranır ki, son vaxtlar yüksək keyfiyyətli, böyük büdcəli və epik fəlakət filmləri demək olar ki, çəkilmir. Pandemiyadan əvvəl kinoteatrları superqəhrəmanlar barədə filmlər “işğal etmişdi” ...

- (Gülür) Bəlkə ona görə ki, bu cür filmləri hələ də təkcə mən çəkirəm? Əslində mənə çox maraqlıdır ki, premyera zamanı nə baş verəcək, tamaşaçılar filmi necə qarşılayacaq, onların fikirləri necə olacaq?

- Çoxlarının fikrincə, istər “Müstəqillik günü”, “Qodzilla”, istərsə də “2012”, və ya “Birisigün” olsun, filmlərinizə dönə-dönə baxmaq olar. Və qəribə də olsa, onlar rahatlıq hissi yaradır. Sizcə, niyə fəlakət filmləri bəzən tamaşaçılara “sakitləşdirici” təsir göstərir?

- Hesab edirəm ki, bütün məsələ ondadır ki, belə filmlərin mərkəzində nisbətən normal insanlar dayanır. Bəli, əlbəttə ki, astronavtlar və sui-qəsd nəzəriyyəçiləri var. Amma yollarında inanılmaz maneələrlə üzləşən tamamilə adi insanlar da var. İndiki halda bu, Ayın Yerə düşməsidir. Lakin hər şey düşündüyümüz kimi deyil. Qəhrəmanlarımız Aya gedirlər, bu prosesi dayandıra biləcəklərini düşünürlər. Amma belə bir səfərə gedərkən evlərini və uşaqlarını tərk etməli olacaqlar. Onlar övladlarının gələcəyi üçün bunu edirlər. Filmimizdəki əhvalat bundan ibarətdir. Filmlərim daha çox, qəribə də olsa, ailə hekayələridir. Bunlar var gücü ilə sağ qalmağa çalışan insan ruhu haqqında əhvalatlardır. Düşünürəm ki, bəzi insanların onlara baxarkən hiss etdiyi “rahatlıq” məhz buradan qaynaqlanır. Üstəlik, bu filmlər çox əyləncəlidir.

- Pandemiya zamanı və özü də belə bir ulduz heyəti ilə film çəkmək necə idi? Aktyorlar arasında Hayli Berri, Patrik Uilson və Donald Sazerlend də var ...

 - Çox, çox çətin. Sözün əsl mənasında bir-birimizə yaxınlaşa bilmirdik. Çəkiliş meydançasında hər kəsin öz sahəsi var idi: aktyorların öz sahəsi, çəkiliş qrupunun öz sahəsi. İnsanlar bir-birinə yaxınlaşa bilmirdilər. Bəli, təbii ki, aktyorların saç və qrim ustaları var idi. Amma hamımız məsafə saxlamalı idik. Hətta bir-birimizin yanında otura bilmirdik. Ona görə də daim yüksək səslə danışmalı olurduq. Bu və ya digər səhnəni çəkməzdən əvvəl hamımız böyük bir dairənin içərisində dayanıb indi nə çəkəcəyimizi müzakirə edir və yalnız bundan sonra çəkilişlərə başlayırdıq. Həm də həftə sonları həmkarlarımın heç birini şam yeməyinə dəvət etməyimə icazə vermirdilər. Bir sözlə, əvvəllər çəkiliş zamanı “normal” olanların çoxu indi qeyri-mümkün idi. Ona görə də bu filmi çəkmək mənim digər filmlərimdən çox fərqli idi. Və təbii ki, çətin idi. Biz bütün filmi 61 günə çəkməli olduq. Bu çox çətindir. Koronavirus filmdə çox şeyi “yedi”. Bu, bizə əlavə 5,8 milyon dollara başa gəldi və mən demək olar ki, çəkilişin on günündən imtina etməli oldum.

 - Özü də 140 milyon dollarlıq büdcə ilə?

 - Bizimki kimi bir filmi çəkdikdə və eyni zamanda bu, müstəqil layihə olduqda, çox vaxt sənin müəyyən məbləğdə pulun olur və heç kim təyin olunan məbləğdən artıq heç nə vermir. Bu zaman əlavə itkilər olarsa maaşınızdan pul tutulacaq və s. Beləliklə də, biz vizual effektlər, redaktə və digər xərcləri qarşılamaq üçün həmin vəsaiti düzgün idarə etməyə çalışırdıq. Hər halda, düşünürəm ki, öhdəsindən gəldik.

 - Bəs niyə prinsipcə belə bir epik ekran əsərini müstəqil film kimi çəkməyə qərar verdiniz? Siz nəyi sübut etmək istəyirdiniz? Kino sənayesinə göndəriləcək mesaj nə idi?

- Yox, yox... İş ondadır ki, kinostudiyalar belə filmlər çəkməkdən çəkinirlər. Onlar üçün bu, böyük riskdir. Müstəqil layihə ilə bağlı maraqlı cəhət ondan ibarətdir ki, potensial qazanc, yaxud da maddi zərər riski 120 və ya 130 ölkə arasında bölünür. Mənə elə gəlirdi ki, bütün dünya üçün film çəkirəm. Bəlkə kimsə ondan pul qazanacaq, bəlkə kimsə pul itirəcək. Mənə elə gəlir ki, gələcəkdə bu, məzh belə işləyəcək. Fakt odur ki, bu gün studiyalar belə layihələri qəbul etməkdən çox çəkinirlər.

- Görəsən niyə?

 - Bəli, həqiqətən çox maraqlıdır. Studiyalar bu cür layihələrə meylli deyillər. Çünki onlar orijinal ideyaya uyğun yaradılıblar. Təbii ki, istisnalar var. Məlum məsələdir ki, Stiven Spilberq kimi biri nə istəsə, edə bilər. Mən başa düşmürəm ki, niyə bu gün işlər belə gedir.

 - Bu fenomeni nə vaxt görməyə başladınız?

- İki-üç, bəlkə də dörd-beş il əvvəl.

- Yəni superqəhrəman filmlərinin populyarlığı işlərin gedişinə bu qədər təsir edib?

-Mən belə düşünmürəm, bəlkə də müəyyən qədər. Əslində superqəhrəman filmləri çox əvvəllər də məşhur idi. Onlar başqa filmlərdə edilən hər şeyi özlərinə götürürdülər. Sonra bunun üzərinə onlayn xidmətlər də gəldi. Və məhz bu, fikrimcə, hazırki vəziyyətə gətirib çıxardı. Onlayn xidmətlər üçün çəkiliş apardığınız zaman çox pul xərcləyə bilərsiniz. Amma filmimin premyerasının onlayn olmasını istəmirəm. Mən təqaüdə çıxmağı üstün tuturam. Hər şey çox sadədir - erkən pensiyaya çıxacağam! (Gülür.)

- Ümid edirik ki, bu baş verməyəcək. Filmləriniz həqiqətən böyük ekran üçün çəkilib. Özü də ekran nə qədər böyük olsa, bir o qədər yaxşıdır!

 - Bəli, məhz belədir! Mən kinoteatrda filmlərə baxaraq böyümüşəm. Mənim bundan xoşum gəlir. Niyə belə filmlərə televizorda və ya kompüter ekranında baxmalıyam

- Bəs fəlakət filmlərinə marağınız necə yarandı?

- Məktəbdə oxuyanda “Üçüncü dərəcəli yaxın əlaqələr” filminə baxırdım. Bu filmə baxanda anladım ki, məhz belə bir film çəkmək istəyirəm. Filmin mərkəzində çox sadə personajlar vardı. Onlardan biri elektrik ustası idi. Bu hekayə adi bir insan haqqındadır. Amma hekayənin sonunda o, qəhrəmana çevrilir. Mənə maraqlı gəldi. Bir neçə il bu barədə düşündüm. Sonra “Müstəqillik günü”nü çəkdim. Mənə elə gəlir ki, bu film gələcəkdə çəkdiyim bu cür filmlər üçün bir növ model, əsas oldu.

 - Deməli, fəlakət filmlərinizin çəkiliş formulu budur?

 - Belə də demək olar. Düşünürəm ki, “Müstəqillik Günü” bir çox superqəhrəman filmlərinə təsir edib, onların oxşar cəhətləri var. Eyni zamanda super qəhrəmanları tam başa düşdüyümü də deyə bilmərəm. Mənim üçün onlar axmaq geyimli insanların izdihamıdır və buna görə də bir növ fəlakət filmləri çəkməyə üstünlük verirəm. Mənim çəkdiyim hər filmin öz aspekti var. Bu, yadplanetlilərin işğalı (“Müstəqillik Günü”), iqlim dəyişikliyi (“Birisigün”), Nuhun gəmisi haqqında böyük bir film (“2012”) ola bilər. İndiki filmim isə bir növ insanlığın mənşəyi barədədir: Haradan gəldik, kimik və hara gedəcəyik kimi suallar yeni filmimin qayəsidir.

- Deməli, fəlakət filmlərinin çəkiliş formulu bir növ ekzistensial böhrandır?

 - Müəyyən mənada bəli.

 - Bəs “Ayın enişi”nin ideyası necə yarandı?

-Bəzən ideyalar oxuduğum kitablardan gəlir. Ədəbiyyat məni çox ruhlandırır. Bu, bir növ ssenaridir. İki ingilis yazıçısının (Alan Batler və Kristofer Nayt) “Ayın sirri. Gecə işığını kim yandırdı?” kitabı var. Kitabın ideyalarından biri də Ayın süni olmasıdır. Bu fikir məni ruhlandırdı və Ay “söndürülsə”, düşməyə başlasa, nə baş verəcəyini düşünməyə başladım. İnsanlar oraya gedib planeti xilas edə bilərlərmi? Hər şey belə başladı. Bir neçə il bu barədə düşündüm və sonra filmin ideyasını hissə-hissə bir yerə toplamağa başladım.

 - Filmdəki personajlardan biri də hər kəsi yaxınlaşan təhlükə barədə xəbərdar etməyə çalışan alimdir. Lakin heç kim ona inanmır. Demək olar ki, hər belə filmdə insanların inanmadıqları bir alim tipi var ...

- Əlbəttə. Axı burada hər şey real həyatdakı kimidir.

- Bu fikir pandemiyadan əvvəl ağlınıza gəldi?

- Yox, yox, həmişə problemi qabaqcadan görən astronavt və ya alim olur, amma heç kim onlara inanmır. Bizdə isə qəhrəman problemi görür, buna reaksiya verir, lakin ona inanmırlar və sonda hətta onu işdən də çıxarırlar. Az qala bütün karyerası məhv olur. Lakin yekunda o, haqlı çıxır və elektronikanı, kosmik gəminin necə işlədiyini xırdalıqlarına kimi bildiyi üçün Aya uçmağı bacaran oğlana çevrilir. Məsələ ondadır ki, süjetin mərkəzində həmişə qəhrəmana çevrilən və Yer kürəsini xilas edən bir nəfər olur.

 - Nəhayət, söhbətimizi optimist notlarla bitirək. Filmlərinizdən birinin süjeti reallaşsa, reaksiyanız necə olardı?

 -Ağlayardım. (Gülür) Mən mütləq ağlayardım, başımı qumda gizlədərdim. Heç bilmirəm. Maraqlı sualdır. Bir az qorxaq adamam. Düzünü desəm, ən cəsarətli oğlan deyiləm. Bəli, mən belə filmlər çəkməyi yaxşı bacarıram. Amma bu reallaşarsa, mən güvəniləcək biri deyiləm.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.