Prezidentlərin öz ölkələrinin ən ali orden və medallarını xarici ulduzlara verməsi hallarına geniş rast gəlinmir, belə hallar olduqda isə bu, böyük rezonans doğurur.
Ötən gün Serbiya Prezidenti Aleksandar Vuçiç Hollivud ulduzu Conni Deppə - “Karib dənizinin quldurları” filmi ilə məşhurlaşmış kino ulduzuna qızıl medal təqdim edib. Özü də şəxsən.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, aktyor bu medala Serbiyanın sosial və mədəni fəaliyyətində, xüsusilə kino sahəsində, həmçinin ölkənin dünya arenasında tanıdılmasında göstərdiyi yüksək nailiyyətlərə görə layiq görülüb. Təbii ki, Deppin Serbiya qarşısında xidmətləri xeyli şişirdilib, amma fakt faktlığında qalır.
Qeyd edək ki, hazırda Deppin başı üzərində qara buludlar dolaşmaqdadır. O, həyat yoldaşı Amber Hard ilə qalmaqallı şəkildə boşandıqdan sonra kinodan da uzaq düşdü, bir neçə cəlbedici təklifdən imtina etməli oldu. Daha sonra heç bir layihəyə dəvət almayan aktyor dəfələrlə mediaya Hollivudda onu boykot etdiklərini bildirmişdi. Üzünə qapı isə qəflətən Fransadan açıldı. Ona kinorejissor Mayvenndən tarixi filmində rol almaq təklif olundu. Aktyora ekran işində 58 il hakimiyyətdə olan Fransa kralı XV Lyudovikin obrazını canlandırmaq lazım gələcəkdi. O, böyük məmnuniyyətlə fransızlara “hə” dedi.
Budur, indi də Serbiyadan medal gəldi. Dəniz quldurunun, deyəsən, bəxti açılmaqdadır.