Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə AGASADIQ GƏRAYBƏYLİ (1897-1988) xatirəsini təqdim edəcəyik. Milli kinomuzun və tetarımızın tarixində əvəzsiz rol oynayıb Ağasadıq Gəraybəyli. Ruhu şad olsun!
“Bəxtiyar” filmində maraqlı epizod var. “Kirpi” jurnalında öz karikaturasını görən klub müdiri Ağabala sarsılıb kresloya çökür və “Atova lənət, kirpi” deyir. Bir neçə dubl çəksək də bu, rejissor Lətif Kərimovu qane etmədi. Qısa fasilə elan olundu. Fasilə vaxtı Lətif mənə yaxınlaşıb:
– Ağa, – dedi, – Əslində hər şey yaxşıdır, ancaq elə bil yenə nəsə çatmır, o qorxu, təlaş, sarsıntı simanda hiss olunmur.
– Yaxşı, bəs nə fikirləşirsən, bəlkə bir dubl da çəkək? Bu dəfə də oturanda kreslonu aşırdım. Hə nə deyirsən?, -soruşdum.
Lətif bir qədər fikrə gedib əlavə etdi:
– Çəkməyinə bir dubl da çəkəcəyik. Ancaq sən hər şeyə hazır ol. Nəsə qeyri-adi, gözləmədiyin bir şey baş versə, dayanma, oyunu davam elə.
Çiyinlərimi çəkib razılaşdım. Lətif məndən ayrılıb çəkiliş gedəcək otağa tərəf addımladı. Bir qədər sonra rejissor köməkçisi məni çəkiliş meydançasına dəvət etdi.
Lətif son tapşırıqlarını verdi:
– Ağa, demək, jurnala baxırsan, sarsılırsan, yavaş-yavaş, tələsmədən kresloya çöküb, atova lənət kirpi deyirsən! Ancaq bərk oturma. Motor!
Dediyi kimi də elədim. Elə astaca kresloya çökmək istəyirdim ki, birdən altımdan bir pişik miyoltusu qalxdı. Az qala çaşacaqdım, amma Lətifin sözlərini xatırlayıb epizodu sona qədər oynadım.
“Stop” komandası verilən kimi ətrafı gülüş səsləri bürüdü. Sən demə, Lətif otağa qayıdanda mənim oturacağım kresloda yatmış pişiyi görüb, tapşırıbmış ki, ora valerian məhlulu töksünlər, pişiyin başı qarısın. Mənə də “yavaş-yavaş kresloya çökərsən” deyəndə, pişiyi əzəcəyimdən ehtiyat edirmiş.
Pişik də valeriandan ayrılmaq istəməsə də mənim onun üstünə oturduğumu görüb qorxubmuş. Ona görə ən son anda atılıb, qaçıb.
Ən əsası, altımda canlını hiss edəndə sifətimi qorxu bürümüşdü, çəkiliş alınmışdı.