Bu gün əməkdar artist, Mədəniyyət Nazirliyi yanında İçtimai Şuranın eksperti, “Ustad dərsləri” ekspert qrupunun rəhbəri, aktyor Azad Şükürovun doğum günüdür.
Bu münasibətlə İctimai Şura onu təbrik edib. Təbrik mətnində deyilir:
“Hörmətli Azad müəllim. Sizi Mədəniyyət Nazirliyi yanında İctimai Şura adından doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. Şuramızda "Ustad dərsləri" işçi qrupunun rəhbəri kimi səmərəli fəaliyyətinizə görə də Sizə ayrıca minnətdarlıq edirik.
Siz 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olmuş, hələ orta məktəbdə oxuduğunuz illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olmaqla öz incəsənətə sevginizi büruzə vermisiniz, daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılmısınız.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil almağınız (1977-1981) aktyor kimi püxtələşməyinizə səbəb olub.
İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmış (1981-1984), daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) sənətə xidmət etmisiniz.
1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmısınız.
1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetində də çalışır, gənc nəslin təlim-tərbiyəsində rol oynayırsınız. Universitetdə kafedra müdirisiniz, dosentsiniz.
Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərmisiniz, gözəl qiraət ustasısınız.
2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülməyiniz, 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülməyiniz əməyinizin əsl bəhrəsi sayıla bilər.
Bir daha Sizi təbrik edirik, sənət səmalarından heç vaxt əskik olmamağınızı diləyirik!”