YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

YARAT Mərkəzində “Praktika” Teatrının YARAT təşkilatı ilə əməkdaşlığı çərçivəsində müasir üslubda hazırlanan “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub.

 

YARAT-dan AzərTAC-a bildirilib ki, tamaşa İosif Brodskinin yaradıcılığından ilhamlanan, “Praktika” Teatrının rezidenti Jack’s Garret komandasının 2022/2023-cü il mövsümündəki bədii fəaliyyətinin nəticəsidir. Daxili münaqişədən bəhs edən “Özüm ilə təklikdə” tamaşası küçə rəqsi və müasir xoreoqrafiya texnikalarını birləşdirərək hərəkətlərin gücü ilə poeziyanın dərinliyini bir araya gətirir. Baş qəhrəman yol ayrıcındadır: mübarizə aparmaq, ya da özünü qəbul etmək və işığa doğru irəliləmək, ya da qaranlığa dalmaq.

 

Aktyorlar Aleksandr Tronov və Aleksandr Alyoxin İ.Brodskinin şeirlərini yenidən mənalandıraraq tamaşaçını metaforalar və simvollar aləminə qərq etdilər. Səhnəqrafiya və ideyası xoreoqraflar Anna Deltsova və Aleksandr Tronova məxsus tamaşaya 150-yə yaxın qonaq qatılıb.

 

Tamaşadan bir gün sonra isə YARAT və “Praktika” Teatrının əməkdaşlığının davamı olaraq Jack’s Garret komandası tərəfindən müasir xoreoqrafiya üzrə ustad dərsi keçirildi. Rusiyalı xoreoqraf və aktyor Aleksandr Tronovun rəhbərliyi ilə ikihissəli təlimə qatılan iştirakçılar küçə rəqsi texnikalarını və hərəkətlərlə emosiyaların necə çatdırılacağını öyrəniblər.

 

“Praktika” Teatrı Moskvada yerləşən, dövrün tendensiyalarına cavab verən və fəaliyyətində çağdaş ədəbiyyatından istifadə edən eksperimental mərkəzdir. “Praktika” tamaşaçılarla müasir yazılar, musiqi, dizayn, memarlıq, multimedia və aktyor oyununun aktual bədii dili ilə danışır. Teatr bugünkü incəsənəti yaradan fənlərarası sahəni araşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.