Tanınmış aktyor Həsənağa Salayevin doğum günü Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xatırladınızmı bu aktyoru? Gəlin xatırlamayın da.

Həsənağa Salayev – mənim ən çox sevdiyim aktyorlardan biridir. Ona görə də bu gün ondan bəhs etməsəm qəbahət olar.

 

Həsənağa Dərya oğlu Salayev 1921- ci il dekabr ayının 5-də Bakıda anadan olub. Bakıdakı 6-cı Şura məktəbində təhsil alıb, 1937-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib, 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib, müharibənin qan-qadasından keçib, qələbədən sonra 1946-cı ildə yenidən doğma kollektivə qayıdıb. Onun “Oqtay Eloğlu” tamaşasında yaratdığı baş qəhrəman haqqında uzun illər mətbuatda müxtəlif fikirlər səslənib. Səhnə fədaisinin yaratdığı həmin monumental obraz bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır. Teatrla yanaşı, kino sahəsində də çalışan Salayev “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “İstintaq davam edir” bədii filmlərində əsas rollara çəkilib. “İstintaq davam edir” bədii filmində həm baş rolda oynayıb, həm də bu ekran əsərinin rejissoru olub. Milli teatrın və kinonun inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara, 1959-cu ildə Azərbaycanın “Əməkdar artist”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Həsənağa Salayev 1981-ci il oktyabr ayının 2-də vəfat edib, ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.