Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam bura Azərbaycandır və mən buranın 21-cə illik vətəndaşıyam. Deyirlər, bir ölkənin insanlarını tanımaq üçün orada insanların necə öldürüldüyünə baxmaq lazımdır. Mən isə tam əksini iddi edərək deyirəm ki, bir ölkəni tanımaq üçün, orada insanların hansı yaşamlara məhkum olduqlarını müşahidə etmək lazımdır.
Azərbaycan çox böyük bir ölkə deyil, lakin burada kök salmış əhalinin kök salmış yaşam tərzi var. Paytaxt Bakı olduqca rəngarəng şəhərdir. Bakı o qədər parlaqdır ki, şəhərin işıqları, ulduzları rayonlara ərməğan edib. Nədən deyim, kimdən danışım deyə düşünmədən keçim əsas mətləbə. Bir xalq 70-80 il əvvəl yazılan dramı hələ də yaşayırsa, demək ki, o xalqın dəyişən simalarının altında dəyişməyi gözləyən və özünü gizlədən beyinlər var. İndi sizə söhbət açmaq istədiyim film - “Vətəndaş A” elə məhz bundan illər əvvəl Cəfər Cabbarlı tərəfindən qələmə alınan “Almaz” əsərinin motivləri əsasında çəkilmişdir. Səmimi olmaq gərəkərsə Azərbaycan kino industriyasının bu qədər möhtəşəm bir kino ərsəyə gətirməsi üçün hələ 20 il geridə olduğunu düşünürdüm, ta ki serialı izləməyə başlayana qədər.
Kino Azərbaycanın parlaq ulduzlu səmalarından aşağıda ümid işıqları sönmüş Daşkəsən rayonunun Abdalbəyli kəndində əhalinin həyat tərzindən bəhs edir. Hekayənin qəhrəmanı Cabbarlının eyniadlı əsərinin əsas obrazı Almaz Bakıda tək həyat sürən gənc tarix müəlliməsidir. Təyinatı Abdalbəyliyə keçən Almaz tərəddüd etmədən və böyük ümidlərlə yola düşür. Əslində, kəndə böyük ümidlərlə gələn Almaz, elə kənd avtobusu ilə biraz yol gələndə az-çox onu nəyin gözlədiyini təxmin edə bilirdi. Bura Bakı deyildi. Əlbəttə burada Bakıdakı genişliyi yaratmaq çox çətin olacaqdı.
Abdalbəyli kəndi bir dırnaqarası Hacının şəxsi mülkiyyətinə çevrilmişdi və Hacı Əhməd adlı bu şəxsin ailəsinə heç bir qüvvə bata bilmədiyi azmış kimi, əhalinin qanun elan etdiyi şaha çevrilmiş bir sətlənət salınmışdı. Kino Səid və Fərqanə adlı iki məktəbli gəncin qovuşmaq üçün qaçması üzərinə qurulsa da, burada qaçan tək onlar deyildi. Fərqanə Əhmədin bacısı oğluna zorla ərə verilən 11-ci sinif şagirdi idi. Səid də, onun sinif yoldaşı. Bir-birini sevən bu iki gənc sonrasını düşünmədən qaçıb kəndin uc bucaqlarında gizlənsələr də, hər ikisi çox gözəl bilirdi ki, onların bu kənddə yaşama şansları yoxdur. Əgər Hacının adamları tapmasa belə Fərqanənin babasının adamları tapan kimi heç biri sağ qalmayacaqdı. Hekayənin bu yerində özünə qalacaq ev axtaran Almazla gənclərin yolu Abdalbəyıinin unudulmuş evində kəsişir. Elə burada onların mübarizəsi başlayır. Əvvəlcə uşaqlardan ehtiyat edən Almaz onları yalnız buraxa bilməyəcəyini anlayıb uşaqlara kömək etmək qərarı alır.
Serialın hər bölümü bir doğru bilinən yanlışdan bəhs edir. Almaz Əhmədin dili ilə desək, qadın başına bütün işlərə başını soxduğu üçün hər bölüm bir çətinlik, bir problemlə qarşılaşır. Lakin o, əsla öz qərarlarından dönmür. Bu hekayədə hədər olan sevgilər, uğruna qanlar axıdılan məhəbbət, gözünü pul bürümüş saxta dindarlar, mentalitet adı altında cəmiyyətdən təcrid edilən kişilər, "dastoynu" ola bilməyən oğlanlar, intibahı necə ürəkdən istədiyi bəlli olan avam xalq, elin dilinə düşməmək üçün sevgisindən vaz keçən İqbal, günahsız yerə "yatıb çıxan mujik" kitabxanaçı, xaos, qorxu, gərginlik, mərhəmət, drama, psixologiya savaşı və ara bir şeir də var. Serialda bütöv Azərbaycan və onun pərdələnmiş reallıqları var. Zənnimcə obrazların hər biri öz rolunu adəta o rol üçün doğulmuşcasına yaşayır deyə kino mənə bu qədər dərin təsir edib. Kino on iki bölümdən ibarətdir və sentyabr ayından ictimai televiziyada yayımlanmağa başlayıb. Ümid edirəm, bu təhlildən sonra siz dəyərli oxucularım da serialı izləməyə başlayarsınız. Ən azından cəmiyyətin reallıqları ilə bir dəfə üzləşmək üçün izləyin, əziz oxucular.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)