Xəbər verdiyimiz kimi, Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyi münasibətilə IV Beynəlxalq Teatr Festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da festivalda iştirak edir. Şəki səfəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil edilən qastrol səfərlərinin proqramına uyğun olaraq reallaşıbdır.
Musiqili Teatr bu gün İran, Özbəkistan, Qazaxıstan, eləcə də ölkəmizin bir sıra teatr kollektivlərinin yer aldığı beynəlxalq tədbirə özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası ilə qatılır.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov oynayacaqlar.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Xatırladaq ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 5-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(02.12.2024)