Bu gün Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olacaq Featured

Bu gün - noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olacaq. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-ın Türkiyə müxbirinə istinadən xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub. Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları dəstək verib.

Filmin ssenarisi real hadisələrə əsaslanır və erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan qəhrəmanlarının rəşadətini əks etdirir.

Filmin müəllifləri – quruluşçu rejissor Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, quruluşçu operator Şahmar Səfəroğlu və başqaları tamaşaçılara müharibənin, o cümlədən Xocalı soyqırımının faciəli səhifələrinin ab-havasını çatdırmağa çalışıblar.

“Köhnə çamadanlar” filminin çəkilişləri 2021-ci ildə başa çatdırılıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Premyeradan əvvəl “Qadın, Sülh, Qələbə” adlı sərgi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.