Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivalda iştirak edəcək

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-13-də 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək.

AzərTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Dövlət Akademik Musiqili Teatrı fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək.

Qeyd edək ki, janr etibarilə bir-birindən fərqli olan bu səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.

Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda "Bir nəfəs qədər" tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

Festivalda nümayişi nəzərdə tutulan digər səhnə əsəri isə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşadır. Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovdur.

Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səfər öncəsi təəssüratlarını bölüşüb: “Belə bir nüfuzlu beynəlxalq teatr festivalında iştirakımız bizi çox sevindirir. Xüsusi ilə də "Bir nəfəs qədər" tamaşasını seçməyimiz də əbəs yerə deyil. Hər birimizin canlı şahidi olduğumuz şərəfli tariximizi beynəlxalq arenada dünyaya bir daha göstərmək istəyirik. Düşünürəm ki, yaradılan bu şərait dünyaca məşhur "Fəcr" Beynəlxalq Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan öncə də həm münsiflər heyətinin üzvü, eyni zamanda, ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Budəfəki festivalın da möhtəşəm mədəniyyət hadisəsinə çevriləcəyinə inanıram. Belə görüşlər ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.