Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə RZA TƏHMASİBİN (1894-1980) xatirəsini təqdim edəcəyik. Milli kinomuzun və tetarımızın tarixində əvəzsiz rol oynayıb Rza Təhmasib. Ruhu şad olsun!
***
1969-cu ildə “Mehman” filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən gəlirdilər, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
Təəccüb içində sual verdim:
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri bir daha mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən…
Əlbəttə ki, xilas olmaq üşün inkar etmək lazım idi hər şeyi.
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm, - dedim.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı.
Bir iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı.