Təqdim edir: İlqar Mehdi, “Ədəbiyyat və incəsənət” üçün
NİZAMİ GƏNCƏVİ
Böyük Nizami Gəncəvi filmdə təsvir olunan dövrün və adı keçən Eldənizlilər dövlətinin “vizit kartı” hesab ediləcək obrazdır. Ssenaridə Nizami həm şair, həm filosof, həm din xadimi, həm şeyx kimi görünür, Atabəylər dövlətinin ictimai-siyasi həyatında söz sahibi kimi çıxış edir. Şəmsəddin Eldənizlə, Möminə Xatunla görüşləri şairin nisbətən gənc illərinə təsadüf edir. O, hələ “Xəmsə”ni yazan dahi deyil, amma artıq tanınır, qəzəlləri dillər dolaşır.
Məhəmməd Cahan Pəhləvanla şair arasında olan münasibətlər, M.C.Pəhləvanın sifarişi ilə ona “Sirlər xəzinəsi” kimi ölməz əsər yazması kimi epizodlar isə çoxseriyalı bədii televiziya filminin növbəti hissəsində öz yerini tutacaq. Nizami filmdə öz dövrünün filosof şairi, haqsızlığa göz yummayan ədalət carçısı kimi təsvir edilir. Ssenaridə “Sirlər xəzinəsi” əsərindən Sultan Səncər və qoca qarı hekayətinin parçalarının epizodlara çevrilməsi şairin Azərbaycanın tarixi ilə bağlı nə qədər itməz bir izlər buraxdığının sübutudur.
MƏHSƏTİ GƏNCƏVİ
Şəmsəddin Eldəniz Naxçıvana gəlib fəaliyyətə başlayanda rastlaşdığı dərvişdən eşitdiyi rübailər məhz Gəncədə yaşayan Məhsəti Gəncəvinin olur. Sonradan Məhsəti Eldənizə bir namə də göndərir. Ondan Həqiqət aşiqi olmağı təvəqqe edir.
Məhsəti həm şairdir, həm qəzəlxan. Avazla öz qəzəllərini, rübailərini oxuması hakim dairəni daim narahat edir və Azərbaycan Atabəyliyinin paytaxtı Gəncədə şairə daim təqiblə üzləşir. Üstəlik, onun mahnı ifa etməsi “küfr” sayılan musiqiyə meyl etməsi daşqalaq edilməsinədək şairəyə acılar, iztirablar yaşadır. Eldənizin şairəyə qahmar çıxması isə onun bir mədəniyyət hamisi olması isbatıdır.
Sufi Əxi təriqətinin üzvü olan Məhsəti gözəlliyi ilə də ad çıxarıb. Təsadüfi deyil ki, onun gözəlliyinin göz qamaçdırdığını söyləyirlər.
Azərbaycan və ümumən müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən, yeni şəhər peziyasının təmsilçisi olan Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şətrənc oynayan qadın, ilk qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Gəncənin Xərabat məhəlləsində yaşamış Məhsəti daim qonaqlıqlar, musiqi və rəqs məclisləri təşkil edir. Daha çox eşqdən yazır. Rübailərinin dillər əzbəri olması Şəmsəddin Eldənizdə də bu məşhur şəxslə görüşmək istəyi yaradır. Eldənizin Qurd Bozun müşayiəti ilə Gəncəyə gedib Məhsəti ilə görüşməsi epizodu filmin ən yaddaqalan epizodlarından biridir. Orda ki, onlar şətrənc oynayırlar, Məhsəti bu rübaisini söyləyir:
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdən saldım
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Bu rübai həm də gəldi-gedər, fani dünyada müvəqqəti rol almış insan övladının gerçək durumuna bir işarə deyilmi? Azərbaycanı qarış-qarış gəzən, bir müddət Sultan Səncərin sarayında yaşayan Məhsəti obrazı filmdəki mədəni intibahın aparıcı simasıdır, ondan sonra isə estafeti böyük Nizami Gəncəvi qəbul edir.
SARI GƏLİN
Abxaz çarının sərkərdəsi Eltəkinin qızı Quzən Xatun gözəlliyi ilə bir çox əslzadələri heyran etmiş biridir. Zərif görkəmi olsa da sözündən dönməz, inadkardır. Çar sərkərdəsinin yeganə övladı olduğu üçün yaxşı təhsil alıb, musiqi duyumu mükəmməldir. O çöx duyğusaldır, həm də ərköyündür. Qonşu dövlətlərdən onunla evlənmək üçün şahzadələr, sultanlar, xanlar elçilər göndərir, lakin hamı rədd cavabı alır. Çar Demetrenin təkidi ilə sərkərdə yeganə qızını knyaz Danilaya ərə verir, lakin toy günü knyaz vəfat edir.
Dul qalmış (amma bakirə) Quzən Xatun ər üzü görmədən qara boyanmalı olur. Elə ki Atabəylərin ordusu ilə savaşda Dəli Ozan əsir götürülür, o, ilk baxışdan türk əsilli əsir ozana aşıq olur. Ozanla olan sevgisini rəfiqəsi Finaya danışır. Fina Quzən Xatuna sadiqdir, onu çox sevir, onun xoşbəxt olması üçün əlindən gələni edir. Fina Ozanla Quzən Xatunun qaçmasına kömək etmək istəyir. Sevdiyi və inandığı baş gözətçi olan Aytara planını danışır və kömək istəyir. Aytar ona kömək edəcəyini söz verir, lakin son məqamda öz mənafeyi üçün Finanı da qurban verir.
Quzən Xatun Finanın köməyi ilə Ozanla birgə saraydan qaçmağa müvəffəq olur. Daha sonra Fina Aytar tərəfindən aldadılır, Quzən Xatun saraya qaytarılır. Ozan türk torpaqlarında qalır, Fina həlak olur.
Quzən Xatun atasına çox yalvarsa da atası onu Ozanın dalınca getməyə qoymur, Ozanla gələcəyi olmayacağını anlayan Quzən Xatun özünə qəsd edir.
Bu obraz nakam sevgi yaşayır, bununla belə sevginin ölməz olmasına bir abidədir.
ƏBUL ULA GƏNCƏVİ
Əbul Ula Gəncəvi filmin ziyalı obrazlarından biridir. Ssenaridə sözü gedən dövrün ədəbiyyat mühitinin göstərilməsində bu obrazın xüsusi rolu var. Ssenaridə Ə.U.Gəncəvi Eldənizin hakimiyyətinin ilkin dövrünün məlik-üş-şüarəsi kimi təsvir edilir. Onun saray şairi olması və sarayda ona qarşı düşmənlərinin açıq aşkar təxribat qurması ssenarinin maraq doğuran hadislərindən bir neçəsini əhatə edir. Şagirdi Xəqanın zamanla Ə.U.Gəncəviyə düşmən kəsilməsi də bu hadisələrin ən maraqlı xətlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)