Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatıb

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı çərçivəsində Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əsas mövzusu “Sevgi” olan beynəlxalq festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas (müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün) proqramdan ibarət olub.

Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “Sevgi” mükafatı ilə təltif olunublar.

Bağlanış mərasimi zamanı, həmçinin “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.

Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.