Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində Şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib platforma rolunu oynayacaq “Omarket”in (Şərq ölkələrinin kino marketi) açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, “Omarket”in açılışı Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” adlı böyük film festivalı çərçivəsində reallaşıb. Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. “Baku Cinema Breeze” indiyə qədər ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Əvvəlcə qonaqlar yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən sərgisi ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, mədəniyyət sahəsində startaplar, oyun texnologiyaları, dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkanları bir araya gətirib.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze” ölkəmizdə fəaliyyət göstərən bütün kino festivallarını özündə birləşdirir, bütün kino ekosistemini bir çətir altında toplayır. Layihə çərçivəsində “Omarket” sərgisinin təşkil edilməsi ölkəmizdə kino sənayesinin inkişafı üçün böyük potensialın olduğunu və dövlətimizin bu prosesə dəstək verdiyini göstərir.
Onun sözlərinə görə, ümumilikdə “Baku Cinema Breeze” platforması 15-dən çox ölkənin nümayəndələrinin, 100-dən çox qonağın iştirak edəcəyi, müxtəlif ölkələrdən 300-ə yaxın filmin nümayiş ediləcəyi tədbirləri özündə birləşdirəcək. Platforma çərçivəsində keçirilən festivallar təkcə kino sənətinin inkişafına təkan vermir, həm də gənc və istedadlı rejissorlarımıza özlərini ifadə etmək, dünyaya çıxış əldə etmək imkanı yaradır. Festivallarda nümayiş olunacaq filmlərin hər biri böyük zəhmət, yaradıcılıq və sevgi ilə ərsəyə gəlib.
Digər çıxış edənlər də festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir birinci panel iclası ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)