Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) strateji məqsədlərindən biridir. Bunun üçün yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. AKİ bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirir.
Kinematoqrafçılar İttifaqından AzərTAC-a bildirilib ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsi baş tutdu. Ənənənin davamı olaraq, AKİ cari ilin oktyabrında Muğanda müasir filmlərimizin nümayişlərini həyata keçirir. Nümayişlərdə bir qayda olaraq, müstəqil kinematoqrafçıların ərsəyə gətirdiyi filmlərlə yanaşı, dövlət sifarişi ilə çəkilmiş filmlər də tamaşaçılara təqdim olunacaq.
Beyləqan, İmişli, Sabirabad və Saatlıda nümayiş olunacaq filmlərin adları, tarixi və vaxtı barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)