Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
14 sentyabr 2024-cü ildə “Sən həmişə mənimləsən...” tamaşası ilə Şəki Dövlət Dram Teatrı yeni mövsümü naçılışını etdi.
Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa edirlər.
Qeyd edək ki, tamaşa İlyas Əfəndiyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Eyni zamanda, Şəki Dövlət Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Altay Məmmədovun “Ulduzlar görüşəndə” əsəri əsasında səhnələşdiriləcək tamaşanın masaarxası məşqlərinə start verilib. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, baletmeysteri Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Nərmin Abbasova, İlkin Rüstəmov, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Rəşid Mirizadə, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.
Həmçinin, məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP 29-a Azərbaycan Respublikası ev sahibliyi edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, COP 29 tədbirinin davam etdiyi müddətdə (11-22 noyabr) Azərbaycan məktəblərində payız tətili (12-22 noyabr) olacaq. Bu tətil günlərində Şəki Dövlət Dram Teatrında məktəblilərə “Ulduzlar görüşəndə” tamaşası nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)