“Abbasqulu bəyin nazıynan çox oynayırıq haa, Kərbəlayi" Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün kino sənətimizdə Abbasqulu bəy, Bəxtiyar, Qaraş kimi bənsəzrsiz və unudulmaz obrazlara can vermiş teatr və kino aktyoru, xalq artisti, dövlət mükafatı laureatı Həsən Məmmədovun anım günüdür.

 

Həsən Ağaməhəmməd oğlu Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda  doğulub.

1956-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin  Fizika-riyaziyyat fakültəsinə daxil olub.

İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Hələ tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə  Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişləri ilə əlaqədar fasilələrlə burada çalışıb.

1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib.

1992-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında doğma kollektivin aktyor truppasında çalışıb.

Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olub və daha sonra kino sənətimizdə 

Qaraş ( Böyük dayaq ), Əsgər ( Arşın mal alan ), Oqtay (Gün keçdi), Qəmərlinski (Arxadan vurulan zərbə), Nəriman (Bizi bağışlayın), Baba Əliyev (Birisi gün gecə yarısı), Murad (İstintaq ), Dədə Qorqud (Dədə Qorqud), Abbasqulu ağa Şadlinski (Axırıncı aşırım), Balaş ( Sevil),  Bəxtiyar (Yeddi oğul istərəm ), Murad ( Bir cənub şəhərində), Fərman (Qızıl qaz), General (Bakıda küləklər əsir), Qurban (Alma almaya bənzər) ,Əlibaba  (Səmt küləyi), Əzimov (İstintaq davam edir), Polkovnik (Şahid qız), Məmmədhəsən əmi (Qəm pəncərəsi), Mirzə Səfər (Papaq), Əlimurad (Həm ziyarət, həm ticarət), Kamil (Zirvə) kimi bir-birindən gözəl və unudulmaz obrazlar yaradıb.

Aktyor 1967-ci ildə Lətifə xanımla ailə həyatı qurub. Aynur və Əvəz adlı iki  övladı dünyaya gəlib.

Teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Həsən Məmmədov 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazına görə Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkən aktyor ürəyindən ağır əməliyyat keçirib.  Lakin, 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.