Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə görkəmli kinorejissor Niyazi
Bədəlovun anadan olmasının 115 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də açılıb.
Əvvəlcə kinorejissor haqqında videoçarx nümayiş etdirilib.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında Niyazi Bədəlovun böyük xidmətlərindən danışıb, fondun muzeyində ona məxsus nadir rejissor ssenarisinin qorunub saxlanıldığını qeyd edib.
Diqqətə çatdırılıb ki, Niyazi Mustafa oğlu Bədəlov Şəkidə anadan olub. 1927-ci ildə Şəkidəki “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb (1931–1936). 1936-cı ildən “Azərbaycanfilm”də çalışıb. Bir müddət Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. Müharibə (1941-1945) illərində cəbhə bölgələrində çəkilişlər edib. Rejissor həmçinin Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan bədii filmləri Azərbaycan dilinə dublyaj edib. Azərbaycanda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə N.Bədəlov haqqında xatirələrini bölüşüb, sağlığında ondan atalıq qayğısı gördüyünü bildirib. Qeyd etdi ki, N.Bədəlov ümumilikdə 40-a qədər sənədli film (“Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və s.), “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib. Azərbaycan kinosunda gənclik mövzusunda çəkilmiş ilk sənədli film olan “Komsomol nəsli” filmi onun müəllif kimi fərdi, maraqlı, zamana müvafiq estetik cizgiləri ön plana çıxarır. N.Bədəlovun maraqlı ekran işlərindən biri də “Azərbaycan aşıqları” – Aşıqların I Qurultayından bəhs edən sənədli filmdir.
O da diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsi və ondan sonrakı dövr, müharibə qəhrəmanlarının portretləri rejissorun yaradıcılığında xüsusi yer tutur. O, müharibənin, arxa cəbhənin təsvir həllini özünəməxsus boyalarla əks etdirməyə çalışıb.
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy sənətkarın öz filmlərinə ürək qoyduğunun hər ekran işində hiss olunduğunu deyib.
Rejissorun ailə üzvləri adından tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Tədbirin sonunda kinorejissor Niyazi Bədəlovun “Onun adı Serafino idi” və “Estafet” sənədli filmləri nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)