Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə Cahangir Zeynalovun (1865-1918) xatirələrini təqdim edəcəyik. Milli tetarımızın tarixində əvəzsiz rol oynayıb bu böyük mesenat. Görkəmli aktrisamız Nəsibə Zeynalovanın atasıdır. Ruhu şad olsun!
1-ci xatirə
Maddi imkaın yaxşı idi, odur ki, həmişə kasıb aktyorlara, rejissorlara əl tuturdum. O vaxt evim mərkəzdəydi (indiki İstiqlaliyyət küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişdiyi yerdə, indi Şahmat klubunun yerində - red.). Otaqların birini məşq üçün ayırmışdım, hələ səhnə kimi bir yer də düzəltdirmişdim orada. Hüseyn Ərəblinski cavan idi, səhnədə ilk addımlarını atırdı. Mirzəağa Əliyev, Mirmahmud Kazımovovski, Hacıağa Abbasov, Məhəmməd bəy Əlvəndi, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi sənət adamları tez-tez evimə gələr, həmin səhnədə məşq edərdilər. Məşqdən sonra qonaqlarıma süfrə açardım. Bir gün yenə məşq edirdik.
– Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır, – Mirmahmud Kazımovski dedi.
– Hə, vallah, düz deyirsən, ay Miri, – gənc Hüseyn Ərəblinski onu sözünə qüvvət verdi, – Adam məşqdən çox, məşqin qurtarmağını gözləyir.
– Yəni belə tez yorulursan? – təəccüblə ondan xəbər aldım.
– Yox, Kəbleyi, mən məşq eləməkdən yorulmamışam, məni mətbəxdən gələn bozbaşın iyi hayıl-mayıl eləyib, – Hüseyn zarafatla söylədi.
Sonra xəbər tutum ki, iki gündür qarın dolusu yemək yemir.
2-ci xatirə
Bir gün Əbdürrəhim bəy Haqverdiyev, Hüseynqulu Sarabski, Əbülfət Vəliyevlə bir yerdə “Qubernat” parkında gəzişirdik. Bir də gördük Ərəblinski başını aşağı salıb, pərt-pərt ora-bura baxır. Bizi görəndə özünə toxtaqlıq verib yaxınlaşdı. Salam-kalamdan sonra xəbər aldım:
– Nə olub ay, Hüseyn? Sözlü adama oxşayırsan.
Hamı nəzərlərini ona dikmişdi. Hüseyn qoltuğundakı qəzetlərin arasından bir kağız çıxarıb bizə uzatdı.
– Kəbleyi, bu, Əbdürrəhim bəyin “Ağa Məhəmməd şah Qacar” əsərindəki rollardı. Xeyli də rol var. Tamaşanı qoymaq üçün çoxlu pul-para lazım olacaq. Gəlsənə, tamaşanın xəzinədarlığı boynuna götürəsən. Səni bir balaca xərcə salmağımıza nə deyirsən?
Fikirləşmədən cavab verdim:
– Mənim bütün var-dövlətim, bu millətin maarif-tərəqqisi üçün peşkəşdir. Mənim bu gözlərim üstə. Mən oldum sizin xəzindarınız. Hə, de görüm kefin açıldı, ya yox?
O, gün elə bil Hüseynə dünyanı bağışladım. Yerə-göyə sığmırdı.
3-cü xatirə
Səhnəmizdə qadın aktyorlar yox idi, qızım Nəsibənin aktyor olmağını arzulayırdm. Ancaq 1918-ci ilin 17 martında Bakıda erməni daşnaklarının törətdiyi məlum hadisələr başladı. Məcbur olub həyat yoldaşım Hüsniyyə xanımla, körpə Nəsibə qızımı götürüb İranın Ənzəli şəhərinə, qayınatamın yanına getdim. Oktyabrın əvvəlində ara sakitləşdi, “Ardahan” gəmisi ilə Bakıya qayıdanda fırtına qopdu, 8 gün dənizdə qaldıq, natəmizlik baş alıb getdi, ağır xəstələndim. Nəfəs ala bilmir, qızdırmadan od tutub yanırdım.
Qonşularım üstünə həkim çağırdı. Həkim məni müayinə edib köks ötürdü:
– Yatalaq xəstəliyə tutulmusan, Kərbəlayi, – dedi, – Sənə ciddi müalicə lazımdır.
Nəfəsim kəsilə-kəsilə həkimə baxdım. Onun gözlərindəki ümidsizliyi görəndə hər şeyi başa düşdüm.
– Yəqin, ömür bura qədərmiş, həkim, – dedim, köks ötürdüm.
Sonra da bunları dedim:
-Ürəyim arzularla doludur, Azərbaycan teatrının xoş günlərini görmək istəyirdim, ancaq nə etmək olar. İnanıram ki, gələcək nəsillər mədəniyyətimizin inkişafında bizim də xidmətlərimizi unutmazlar.