“TÜLU” – Orxan Fikrətoğlunun fantastik hekayəsi(1-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

TÜLU

 

 

Fantastik hekayə

 

Atama ithaf

 

Pillələr ağırlığına dözməyib qırıldı. Qalın kəndirə oxşar hörümçək toruna dolaşa-dolaşa aşağı yumalandı. Gözü qaranlığa öyrəşənə qədər yerindən tərpənmədi. Zəlzələnin yeni təkanlarından zirzəmidə qorunacaqdı. Burnuna qanqarışıq nəm torpaq qoxusu gəldi. Buranın dinc sükutu vardı, qorxusunu sığallayırdı. Bir az sakitləşib təkanların bitməsini gözlədi. Qarşısından ciyildəyə-ciyildəyə siçan qaçdı. İt boydaydı. Bədəni ürpəndi. Birinci dəfəydi bu yekəlikdə siçan görürdü. Özü də çəhrayı rəngdə. Əlinin altına keçən daşı siçana atdı. Siçan qorxub-eləmədi. Əksinə, insan təki tövşüyə-tövşüyə geriyə döndü. Qollarını sinəsində daraqlayıb maddım-maddım üzünə baxdı. Sonra birdən-birə qaranlığın içində yoxa çıxdı. Onu qaramı basırdı? Siçanın çəhrayı qorxusu altında dünənki günü xatırlamağa çalışdı.

İşdən evə, həmişəki kimi, gec qayıtmışdı. Qızı öz otağına çəkilib yenə kitab oxuyurdu. Sonra nə oldu? Heç nə olmadı axı. Arvadı ondan nəsə istədi. O da arvadına kobud cavab verib mətbəxə keçdi. Görəsən, arvadı ondan nə istəmişdi? Heç cür yadına düşmədi ki, arvadı zəlzələdən qabaq ondan nə istəyib? Nə istəyəcək? Yəqin, pul istəyib! Yox, deyəsən, pul deyildi. Onu da xatırladı ki, arvadı onunla son dəfə ingiliscə danışdı. Səhər dükandan alacağı ərzaq siyahısını kağıza yazıb soyuducunun üstünə maqnitlə yapışdırdığı da yadındaydı. Birinci təkan da elə o zaman oldu. Gerisini xatırlamırdı. Gözlərini açanda dağıntıların altındaydı. Hər yan qaranlıqdı. Göz gözü görmürdü. Daşların altından qızını köməyə səslədiyi də yadına düşdü. Zəlzələ olduğunu əvvəlcə başa düşməmişdi. Başına uçmuş daşların arasından birtəhər sivişib çıxdığı zaman ikinci təkan olmuşdu. Yalnız onda anlamışdı ki, zəlzələdir. İlk ağlına gələn də “zirzəmiyə enməliyəm” fikri olmuşdu. Orada bir neçə gün saxlanmaq üçün hər şey vardı. İşığa doğru süründü. Sol ayağını hiss etmirdi. Ağlı-başı nə qədər üstündəydi, özünə hesabat verməliydi. Deməli belə, zəlzələ olub. Yeddi-səkkiz saat olar dağıntıların altındadı. Təkrar təkanlar ola bilər. Bağa aparmaq üçün brezent əsgiyə bükdüyü külüngünü tapdı. Tapıntı həm diləkdir, həm də uğurlu işarə. İrəlidə işıq közərir. Orada çölə çıxışı olan qapı da var. Həmin qapı qonşu villaların zirzəmiləri ilə də birləşir. Villalar tikiləndə qonşular bir-birinin evinə küçəyə çıxmadan gedib-gələ bilsinlər deyə yerin altında lağım qazdırmışdılar. Lağımın qazılması ona o vaxt baha başa gəlmişdi. Arvadı xərclənən pula görə xeyli deyinmişdi. İndi isə xərclədiyi pul karına gələ bilərdi. Zəlzələ elektrik naqillərini, yəqin ki, qırmışdı. Bəs bu işıq, görəsən, pəncərəsiz zirzəmiyə haradan düşür? İrəli boylandı. Yaşıla çalan divar qaranlıqda közərməkdəydi. Hörümçək torları əlinə-ayağına dolaşırdı. Zirzəminin divarları görünmürdü. İrəli süründükcə ovqatı dəyişirdi. Get-gedə təni çəkisizləşirdi. Bəlkə yuxu görür? Amma nə yuxu? Zəlzələ evini başına uçurmuşdu. Hər şey olduğu kimi yadındaydı. İt boyda siçan yenə qarşısından keçdi. Siçanı hürkütsün deyə bərkdən: “Bunun rəngi niyə belə çəhrayıdır?” – qışqırdı. Qışqıran kimi də təngnəfəs oldu. Boğazı da qurumuşdu. Su içmək istəyirdi. Dincəlmək üçün divara söykəndi. İndi yorğunluqdan bağlanan gözünü açandan kömpüter görmüşdü. Kompüterdən savayı heç nəylə maraqlanmırdı. Ən yaxın adamları ilə təmas qura bilmirdi. İnsanlardan qaçırdı. Arvadı ilə pul xətrinə evlənmişdi. Nazir qızı olan arvadının da ona olan bağlılığı ancaq peşəsinə görəydi. Onun kimi kompüter dahisinə kim ərə getməzdi? Məxfi sənədləri kilidli qovluqlarda qoruyan idarənin müdiriydi. Çox gərəkli adamdı. İdi niyə? Görəsən, özü haqqında nəyə görə keçmiş halda düşünür? Təhlükəsizlik xidməti “fors major” hallarda bütün sənədləri kompüterdəki gizli saxlanclardan silməliydi. Görəsən, məxfi sənədlər silindimi? Xakerlərin kefidir. Əlinin altında kompüterinin olmamasına heyifsiləndi. Yəqin, şəbəkə də pozulub. Amma insan yoxdursa, sirr də yoxdur. İndi o sənədlər kimə lazımdı? Dar macalda kim kimdən nəsə gizləməyi düşünür? İnsan yoxdursa, məxfilik də yoxdur. Bu qarışıqlıqda heç kimə gizli sənəd gərək olmaz. Hamı canının hayındadır. Sirr nədir? Şəhəri tərpədib bütün sirləri aşkar etmiş həzrəti-zəlzələ insanlar üçün “siçan-pişik” oyununa yer qoymamışdı. İşığa doğru süründü. Yuxarı çıxmaq lazımdı. Altındakı yaş torpağı bədəni ilə hiss edirdi. Ağlına gəlməzdi ki, zirzəmi belə böyükdür. Villa tikiləndə heç bura düşməmişdi. Tikilən zaman buranı öz gözləriylə görsəydi, indi hara getdiyini dəqiq bilərdi. Görəsən, yuxarıda hava necədi? Qızı dağıntıların altından çıxa bildimi? Arvadının dağıntılar altından çıxıb-çıxmaması onun üçün maraqlı deyildi. Bir damın altında yaşasalar da, bir-birinə bağlı deyildilər. Arvadının öz həyatı, onun öz ömrü vardı. Son illər arvadının çarpayısına “kişi kimi” girdiyini də xatırlamırdı. Arvadı başqa bir kişi ilə dostluq edirdi. Buna baxmayaraq, nə o, nə də arvadı ayrılmaq haqqında düşünürdülər. Hər ikisinə belə yaşamaq sərf edirdi. Ailə onlar üçün gecələdikləri kirayə otaq kimiydi. “Necə də axmaq olub onun xəyanətlərinə ürəkdən acımışam, – düşündü. Sən demə, bütün olanlar bircə anda unudulurmuş. – Nəyə görə alçala-alçala yaşayırdım? Ona görə ki, cəmiyyətin yaratdığı işlək çevrədən çıxmayım. Həmişə tətikdə olan güllə kimi lazımlı olum. Mühitim olsun. İndi hanı o mühit? Yer bircə dəfə silkələnən kimi insanlar mühitləri qarışıq dövrana döndülər. Hərəsi bir deşikdədir. Zəlzələ deyirsən e ağzında. Ağına-bozuna baxmır”.

Yarım saata yaxın zirzəminin daş döşəməsi ilə üzü işığa doğru süründü. Əl-ayağının altında qalan əşyalar ona tanış gəlmirdi. Bəlkə evinin altında başqa bir zirzəmi də varmış. Bura gözünə yad dəyirdi. Arvadı zirzəmiyə köhnə mebelləri, lazımsız maşın hissələrini, bir də atası evindən gətirdiyi kitabları yığırdı. Köhnə pal-paltar üçün zirzəmidə dolab da tikdirmişdilər. O dolab da gözünə dəymirdi. Əslində işığına doğru süründüyü o yaşılımtıl divardan savayı gözü heç nəyi görmürdü. Nə edirdisə, qarasına edirdi. Dayanıb bir qədər də nəfəsini dərəndən sonra qonşuları səslədi: “Fərid... Qasım... Oqtay...” Hay verən yox idi. Ya eşitmirlər, ya da dağıntıların altında qalıb ölüblər. Birdən mollaların dedikləri düz çıxdı? Öləndən sonra Allaha cavab verməli oldu? Onda nə edəcək? Anadan olandan günahın içindəydi. Yaxşı işlərini xatırlamağa çalışdı. Yadına düşmədi. Bu günə qədər heç kəsə təmənnasız yaxşılıq etməmişdi. Gözünün qabağında köməyə ehtiyacı olan nə qədər adam olsa da, heç birinə əl tutmamışdı. Deyilənlər düz çıxsa, heç nə. Batdı!

Kimsə çiyninə toxundu. Qorxudan dəli kimi bağırıb küncə qısıldı. Çiyninə toxunan bərkdən güldü. Gülənin üzünü görə bilməsə də, qoxan nəfəsini lap yaxından duydu. Ya bu adam neçə gündü yemək yemir, ya da ölü olduğu üçün nəfəsi belə qoxur. Onun gülüşü də qoxulu idi.

– Fərid, sənsən?

Zirzəminin bu tərəfi Fərid adlı rəssamın villasına yaxın idi. “Yəqin, o da zirzəmiyə enib, – düşündü. – İndi də mənimlə zarafat edir”.

– Mənim adım yoxdur! – qoxulu adamın səsi də qulağına tanış olmayan çalardaydı.

– Necə yəni adım yoxdur?

– Ölülərə ad gərək olmur! – deyən qoxulu yenə güldü.

– Sən ölmüsən? – soruşdu.

Qoxulu adam:  – Sən də ölmüsən! – dedi.

Ayağa qalxıb qorxa-qorxa: – Mən ölməmişəm! O divara düşən işığı da görürəm! – söylədi.

Qoxulu adam: – Hansı işığı? – soruşdu.

– O göyümtül işığı deyirəm də!

– Bura zülmət qaranlıqdır, qardaş! Özünü aldatma!

Qoxan adamın sözünü ağzında qoyub irəli süründü. Sonra nə fikirləşdisə, çevrilib: – Sən bura necə düşmüsən? – soruşdu.

Qoxan adamdan səs çıxmadı. Əlini uzadıb bu adamın dayandığı yerə yumruq atdı. Adam nə gəzirdi? Əli havanı yardı. Bədəni üşəndi. “Başım xarab olar a birdən”, – düşündü. Geri sürünüb külüngü əlinə götürdü. Qorxa-qorxa ayağa qalxdı. Külüngün iti ucunu irəli uzadıb qaranlığı qarşısından qova-qova işığa doğru qaçdı. Təxmininə görə, zirzəminin bu tərəfində Fəridin qapısı olmalıydı. Gülünglə havanı yara-yara bir xeyli qaçdı. O qaçdığı sürətlə közərən işıq da gözündən uzaqlaşırdı. “İşə düşmədim”, – deyə düşündü. – Bu nə sirri-Xudadır belə? Əməlli-başlı şeytan əməlidir”.

Çevrilib peşman-peşman geri döndü. Zirzəmiyə endiyi qapıdan yuxarı çıxmaq istəyirdi. Pillələrə çatanda gözlərinə inanmadı. Yuxarıya açılan qapı bağlıydı. Bu qapını kim bağladı? Pillələri qalxıb çiyni ilə dəmir qapını itələdi. Yerindən tərpənmirdi. Canına qorxu düşdü. Arvadını səslədi. Cavab gəlmədi. Yorulub yerə çökdü. Axı o, zirzəmiyə enəndə qapını açıq qoymuşdu. Görəsən, onu kim bağlayıb? Bəlkə yuxarıda kimsə var? Xatırladı ki, zirzəmidə ərzaq dolabları da olmalıdır. Arvadı bu dolablara rayondan göndərilən ərzaqları yığırdı. Kəmərinin altını bərkitsə, pis olmazdı. Doyandan sonra fikirləşmək də asan olur. Özü də dolablar pilləkənə yaxın yerdəydilər. Ayağa qalxıb həmin dolablardan birini tapdı. Tapıntısına sevindi. Dolabdan çıxartdığı dəmir bankadakı alman sosislərini acgözlüklə yedi. Sosislərin bu qədər ləzzətli olduğunu ağlına belə gətirməzdi. Yeyib doyandan sonra zirzəmidə hava telefon xəttinin olduğunu da xatırladı. Aparatı tapıb dəstəyi qulağına tutdu. İşləyirdi. Di gəl, nə illah elədi, yaxınlarının telefon nömrələrini xatırlaya bilmədi. Öz evinin nömrəsi belə yadına düşmürdü. Nəhayət, ilk xatırladığı arvadının nömrəsi oldu, istəməsə də, arvadına zəng vurdu. Arvadı dəstəyi qaldırmadı. Sonra digər nömrələr də yada düşdü. Atasına, anasına zəng etdi. Götürmədilər. Sonra ağlına gələn şəhər nömrələrini yığdı. Cavab verən yox idi. Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etdi. Onlar da cavab vermədilər. Polisin, Təhlükəsizlik Nazirliyinin nömrələrini yığdı. Heç kəs dəstəyi götürmürdü. Canına qorxu düşdü. Bəlkə zəlzələ bütün şəhəri yerin altına gömüb? Kodunu bildiyi başqa dövlətlərə zəng etdi. Xeyri yox idi. Heç kəs cavab vermirdi. Sakitləşib oturdu. Telefona birdəfəlik “əlvida” demək istəmirdi. Gec-tez kimsə zənginə cavab verəcəkdi. Səbirli olmaq lazım idi. Bəlkə lağım qazsın? Qalın divarın altından o taya keçsə, rahatca yuxarı çıxacaqdı. Divar nə qalınlığında olacaqdı ki? Uzağı iki daş qalınlığında. Olsun üç daş. Daşın biri iyirmi santimetrdir də. Bu da eləyir altmış santimetr. Ağlına gəlmiş fikirdən dirçələn kimi oldu. Aşağı əyilib əli ilə döşəmənin bərkliyini yoxladı. Daşların arasından nəm torpaq qatı görünürdü. Daş plitənin birini tərpətdi. Döşəməyə sementlə bərkidilmiş plitə yerindən rahat çıxdı. Altdakı torpaq da asan qazıldı. Yaş olduğu üçün daşlar da ələndi. Yarım saata zirzəmidən tapdığı dəmir kəsiyi ilə bir metr dərinliyində çala qazdı. Qazdığı torpağı yuxarı çıxarmaq istəyəndə əli kiminsə əlinə toxundu. Yerin altından çıxmış o əl biləyindən tutmasaydı, qorxudan çalanı atıb qaçacaqdı. O əlin sahibi bircə anda torpağı aşağıdan sincab kimi qazıb yuxarı çıxanda gözlərinə inanmadı. Yerin altından xaçı boynunda cingildəyən keşiş çıxdı. Yumru gözləri hədəqəsindən çıxmış keşiş saqqalına yapışmış xırda daşları dənləyəndən sonra: – Adınızı deyin, sizinçün dua oxuyum! – dedi. Əyilib keşişin torpaq qoxulu əllərindən öpdü. Sonra da dili topuq vura-vura: – Siz torpağın altında neynirdiz? – soruşdu.

Keşiş kədərli səslə: – Mən Allahın evində ibadət edirdim, mənim balam. Zəlzələ bircə anda dünyanı alt-üst etdi. Allahın müqəddəs evi sənin zirzəminin altına gömüldü! Mən də o müqəddəs evin keşişiydim! – söylədi.

Torpaq altından indicə çıxmış keşişə hələ axıra qədər inanmırdı. Üzünü yaxşı görmədiyi üçün onun “xortdan” olduğunu düşünürdü.

– Siz ölməmisiniz, müqəddəs ata?

– Gec-tez hamımız öləcəyik, mənim balam! Ölümdən qorxma! Ölümünə sevin! – keşiş belə işləri bilən adam kimi danışırdı.

– Sonra sevinərəm! – dedi.

Keşiş xırıltılı səslə gülə-gülə xaç çevirib: – Hələ Allah məni yanına çağırmayıb, qorxma, – söylədi.

Dərindən nəfəs alıb toxtadı. Keşişin xırıltılı gülüşündə dirilik vardı. “Onun yerin altından çıxması yaxşı oldu. Bir-birinə qaranlıqda həyan olarlar. Birlikdə zirzəmidən yuxarı çıxmaq da asan olar. Yeməyə yeməkləri, qalmağa yerləri var. Bu qaranlıqda nəyi bölüşəcəklər ki? Allaha çox şükür ki, torpağın altından pələng çıxmayıb! Keşişlə yola getmək asan olacaq!”

– Kilsənin zirzəmimin altına batdığına görə sizdən üzr istəyirəm. Mən bunu istəmirdim! – dedi.

– Başa düşürəm! Zəlzələni sən eləməmisən ki! – Keşiş nəzakətinə görə minnətdarlıq etdi.

– Acımamısız, müqəddəs ata?

Keşişin üzündə həyat işartıları göründü.

– Özünüzlə bura yemək də götürmüsüz? – soruşdu.

– Tənbəl tədarüklü olar! – dedi.

 

... Keşiş yeyib doyandan sonra üç dəfə xaç çevirdi. Bir-iki ağız dodaqaltı dua oxudu. Sonra tox səslə: – Burdan çıxmaq haqda düşünürsüz? – soruşdu.

– Əlbəttə düşünürəm! – dedi.

Keşiş: – Allahı köməyə çağıraq? – soruşdu.

– Deyirəm, bəlkə özümüz bir şey eləyək?! Ona çox zəhmət verməyək, – dedi.

Əvvəlcə keşişlə zirzəminin altındakı kilsəyə endilər. Ora çox darısqal idi. Nəfəs almaq olmurdu. Zəlzələ kilsəni yerlə yeksan eləmişdi. Zirzəmi kilsədən daha yaşanmalı yer idi. Geriyə qayıdıb bir dəfə də alman sosislərinin dadına baxdılar. Sonra birlikdə işıqlı divara doğru sürünmək qərarına gəldilər. İşıq çox da uzaqda deyildi. Di gəl, sən ona doğru süründükcə get-gedə uzaqlaşırdı. Keşiş bir xeyli sürünəndən sonra:  “Bu, lap şeytan əməlidir ki...” – qışqırdı. Və dizi üstə döşəməyə oturub dincini almaq istədi.

– Müqəddəs ata, mənə bir az yuxarıda qalmış dünyadan danış. Heç onu anlaya bilmədim axı. Beynim “error” verdi! – dedi.

Keşiş: – Nə danışım? Dünyadı da! – söylədi.

– Sizin Allah bu dünyanı necə yaratdı ki? – soruşdu.

Keşiş: – Allah bu dünyanı altı günə yaratdı, – dedi.

– Yəqin, tələsiyə düşdüyündən dünya belə natamam alındı, hə?

– Səhvin var, cavan oğlan, dünya natamam deyil. Natamam olan sənsən. Allahın nizamı saat kimi işləyir. Bax, özünü götür. Uşaq vaxtı necə idin?

– Necə idim ki?

– Saf, müqəddəs, şəfqətli.

Uşaqlıq illərini xatırlamağa çalışdı. “Görəsən, keşiş “saf, müqəddəs” deyəndə nəyi deyirdi? Beş yaşı olanda nənəsinin soba üstündə qaynatdığı mürəbbə qazanına bir nəlbəki istiot tökmüşdü. Ölənə qədər də bu əməlini nənəsindən gizlətdi. Yeddi yaşında böyük bacısına şər atmışdı. Atasına yalandan demişdi ki, bacısı yekə oğlanlarla damda öpüşür. Atası da ona inanıb bacısını bıçaqlamışdı. On dörd yaşında xalası qızını zorlamışdı. Sonra da ki, kompüter! Bu idimi müqəddəslik, saflıq?”

– Vallah, müqəddəs ata, saf olmağım yadıma gəlmir. Bu, sənin uydurmandır. Mən anadan elə belə doğulmuşam. Heç dəyişməmişəm də, – dedi.     

– Yaxşı, deyək ki, mühitin pis olub. Tərbiyən yaxşı verilməyib. İndi bu dar macalda tövbə etmək şansın var ki. Allah sənin kimilər üçün qapısını həmişə açıq qoyur. Düz yola qayıt da. Allah tövbə edəsən deyə yerin altından sənin üçün məni çıxartdı! Boşalt ürəyini. Tövbə et! Yüngülləş! – Keşiş danışdıqca işıqlanırdı.

– Tövbəni necə edirlər? – soruşdu.

Keşiş: – Nə günah eləmisən, boynuna alırsan. Mən də sənin günahlarını bağışlayıram gedir! – dedi.

– Belə asan? – soruşdu.

– Sən Allahı nə bilmişdin? O, bağışlayandır. O, hamını sevir.

– Günah deyəndə, hamı kimi yaşamışam da! Özümdən ömür icad eləməmişəm ki... İş-güc yiyəsi olum deyə nazirin gəzəyən qızını alıb özümə arvad eləmişəm. Bilə-bilə ki, arvadımın oynaşı var, göz yummuşam. Özümdən güclülərə yaltaqlanıb, özümdən zəifləri təpikləmişəm. Hamı necə, mən də elə. İndi başqa cür yaşamaq olmur! Yer qoymayıblar! Belə yaşamasaydım, necə ayaqda qala bilərdim? Kasıb olsaydım, bu boyda zirzəmi tikərdim? Bilirsən zəlzələ kilsəni niyə dağıtdı? Ona görə ki, sən də, Allahın kimi, kilsəni altı günə tikmişdin! Mən bu zirzəmini üç ilə tikmişəm! Gördün, sementin azlığından kilsə torpaq altına çökdü, zirzəmi isə çökmədi. Belə çıxır ki, pul Allahdan güclüdür, müqəddəs ata! Mən də yuxarıda pula tapınmışam! İndi bu dediklərim günahdır, ya günah deyil? – soruşdu.

– Sən günah etmək üçün çox acizsən, mənim balam! Qaranlıq olsa da, üzün aydınlaşdı!

– Kimə oxşayıram? – soruşdu.

Keşiş: – Öz üzün yoxdur deyə heç kəsə oxşamırsan! Amma öz aramızdı, yoxa qane ola bilərdin! – dedi.

– Bayaq sənə alman sosisləri verdim ha... dadlı idi?..

– Dadlı idi. Bildim nə demək istəyirsən. Mən o sosislərə görə nazir qızı ilə evlənməmişdim. Sən özün onları mənə sədəqə kimi verdin.

– Necə verdim?

– Sədəqə kimi!

– Yanılırsan, müqəddəs ata. Mənim təmənnam var. Havayı heç nə olmur. Mənə zirzəmidən çıxmağa kömək edəcəksən!

– Ay bərəkallah. Dur ayağa! Yuxarı çıxa bilsək, kilsə freskalarında dəyişiklik etdirəcəm!

– Nəyi dəyişəcəksən?

– İudanın əvəzinə divara sənin şəklini çəkdirəcəm.

Keşiş sözünü deyib hirslə ayağa qalxdı. Uzun qara libasının balağını yaş olmasın deyə əliylə qaldırıb işığa doğru qaçdı.

Keşişin arxasınca: – İuda kimdir? – soruşdu.

Keşiş geri çönüb cavab vermək istədiyi zaman zirzəminin döşəməsi qəfildən paralandı. Keşiş üstündə dayandığı daş plitə ilə birlikdə yerin altına girdi. Tozun, torpağın altından onun son naləsi eşidildi. Keşişin arxasınca: “Müqəddəs ata!” – çığırdı. Dağıntılar altından səs çıxmadı. Bir az gözlədi. Döşəmənin titrəməsi dayanan kimi sürünə-sürünə geri döndü. Yuxarı qalxmaq fikrindəydi. Yəqin, xilasedicilər artıq evin içindəydilər. Axırıncı təkandan gör nə qədər vaxt keçib. Çox güman ki, xilasetmə işləri başlayıb.

Zaman-zaman zirzəmiyə haradansa soyuq hava axını girirdi. Hərdən o, axına tərəf getməyi düşünürdü. Soyuq axının gəldiyi yerdə mütləq bir açıqlıq vardı. Bu açıqlıq təhlükəli də ola bilərdi, can qurtaran da. “Görmədin keşişin başına durduğu yerdə nə gəldi?! Gözləmək lazımdır. Onu mütləq xilas edəcəklər. Bəlkə elə cəhənnəm dedikləri düşdüyü bu zirzəmidir?!” Yenə vahimələndi.

 “İlahi, Pərvədigara, bura necə də qaranlıqdı! Göz gözü görmür”. Amma o da var ki, zirzəmidə gözlə heç nə görünməsə də, hər şey olduğu kimi təsəvvür olunur. Əgər dünyada da bu cür qaranlıq olarsa, görəsən, insanlar necə yaşayar? Yəqin ki, yaddaşla! Düşün ki, dünyada heç nə gözlə görünmür. Zülmət qaranlıqdır. Hərənin də öz xəyalından doğan təsviretmə fərdiliyi var. Yəni hərə görünməyən dünyanı və onun içində olanları öz ağlının gözüylə görə bilir. Biri günəşi tava kimi, o biri dəsmal kimi görür. Aləm qarışardı bir-birinə! Allah da bu cür görülür. Biz əbədi qaranlıqdayıq deyə Onu gözümüzlə görə bilmirik. Ona görə də hərə Allahı öz ağlına uyğun olaraq təsəvvür edir. Çox şükür ki, dünyada hər şey gözlə görünür. Hamı bilir ki, günəş yumru, işıqlı diskdir.”

Birdən kimsə köynəyinin boyunluğundan dartıb onu yuxarı qaldırdı. Ayağa qalxan kimi qarnına dirənmiş bıçağın soyuqluğunu hiss etdi.

– Cibindəkiləri çıxart! – əli bıçaqlının səsi xırıldayırdı.

Əlini cibinə salmaq istədi. Xatırladı ki, gecə köynəyindədir.

– Cibim yoxdur, qardaş!

– Bəs nəyin var?

– Heç nəyim yoxdur!

– Yeməyin var?

– Bıçağını qarnımdan çəksən, verərəm!

– Hardadır?

– Göstərsəm, görəcəksən?

– Əlbəttə görəcəm. Yeməyə görə yeddi adam öldürmüşəm.

– Odey, orda, – əliylə soyuducunu göstərdi.

Bıçaqlı bıçağını qarnına soxub soyuducuya tərəf qaçdı. Bir həmləylə soyuducunu çiyninə qaldırıb qaranlığa qarışdı. Bıçağı dartıb qarnından çıxartdı. Qan yerinə kəsilmiş yerdən ağappaq quşlar çıxdı. Qaranlığın içinə uçmaq istəyən quşun birini tutdu. Heç zaman görmədiyi gözəl bir quş idi. Əlində qar kimi əridi.

“Bəlkə ölmüşəm? Ölülər bir daha ölmür axı. Ona görə qanım çıxmır!”

Qorxub döşəməyə oturdu. Əgər bu zirzəmi onun idisə, bıçaqlı bura necə düşmüşdü? Zirzəmi onun deyildisə, özü burda neynirdi? Bir fikir içini rahatladırdı. Öyrəşəndən sonra qaranlığı gözlə görmək mümkün imiş. Bıçaqlı qaranlıqda soyuducunu necə görmüşdüsə, o da beləcə qaranlığa öyrəşəcəkdi. Görəsən, haçan? Qəribəsi bu idi ki, keşişlə danışandan sonra yuxarı üçün o qədər də darıxmırdı. Əksinə, qaranlığa öyrəşirdi. Keşiş üzünə güzgü tutmuşdu. Bəlkə, doğrudan da, tövbə etsin? Yuxarıda o nə həyat idi axı yaşamışdı? Uzaqdan hənirti eşidildi. Yerə uzanıb qaranlığı başına çəkdi. Get-gedə səs yaxınlaşıb qarşısında mis kimi cingildədi. Uzaqdan hənirti kimi eşidilən adam səsiymiş. Özü də bir adamın yox, iki adamın səsiymiş. Adamlar tutaşmışdılar. Dalaşırdılar.

– Sən nəyə görə almanı soyub yemirsən, dişləyirsən?

– Bəs sən niyə almanı dişləməyib soyursan?

– Sənə nə var mən necə alma yeyirəm?

 

 “Ədəbiyyat və incəsənət”

(14.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.