Mina Rəşid, “Ədəbiyyat və incəsənət”
Aktyor və ssenarist Ənvər Abbasovu yəqin ki, tanımayan çox az adam tapılar. Onun son vaxtlar daha çox “Komedixana” səhnəsində oynadığı onlarla rol hər birimizin üzündə təbəssüm oyadır. Bəs görəsən bizi güldürərək həm də düşündürən, çox vaxt şirin Qarabağ ləhcəsi ilə danışan, rollarının öhdəsindən məharətlə gələn bu istedadlı aktyor kimdir? Elə bu sualla onun axtarışına çıxdıq. Öyrəndik ki, Ə.Abbasov təsadüfi hallarda televiziya və mətbuata müsahibə verir. Görünür, bu onun xarakterindən, həm də işinin çox olmasından irəli gəlir.
Ənvər Raquf oğlu Abbasov 1985-ci il iyunun 2-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Ailəlidir, bir oğlu və bir qızı var.
Müsahibələrinin birində söyləyir ki, çalışdığı sahəyə aid o, heç bir ali təhsil almayıb. Sadəcə bir kollecin məzunudur. Ə.Abbasov özünü daha çox ssenarist hesab edir. Bir az da zarafatla deyir ki, əgər rejissorluq etsə, onda rejissorlar çörəksiz qala bilərlər...
Aktyor beş il musiqi təhsili aldığını və Xalq artisti Zabit Nəbizadənin tələbəsi olduğunu bildirir. Xanəndə olmadığının səbəbini isə o, yenə özünəməxsus şəkildə ifadə edir. Deyir ki, bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki oxuyan çoxdur, ssenarist azdır…
Ə.Abbasov özünün dediyinə görə, işdən kənarda olduqca ciddi biridir. Bu vaxt onunla zarafat etmək belə olmaz. Amma bəziləri özünü yuxarıdan apardığı üçün belə etdiyini düşünürlər…
Aktyor deyir ki, senari yazmaq olduqca yorucu işdir. Onun çox vaxtımı alır.
Gəlin onun bu günədək, özünün dediyi kimi, əziyyətlə gördüyü işlərə nəzər salaq. Ə.Abbasov 2009-cu ildən efirə gedən “Bacanaqlar” komediyasının ssenari müəlliflərindən biridir. 2015-ci ildən həmin filmdən ayrılıb. O, senarisini yazdığı filmlərin, komediyaların əksəriyyətində həm də aktyor kimi iştirak edib. “Xoxan”, “Stalinin başı”, “Nikolayın evi” və başqa filmlər buna misal ola bilər. Çoxumuzun həvəslə baxdığı “Qız atası” teleserialının senaristi və redaktorudur. “Ay briliant”, “Axırıncı yol”, “Naxox” kimi filmlərin senaristi, məşhur “Qardaşlar”, “Kadrlar şöbəsi”, “Komedixana”da isə sadəcə aktyor kimi çıxış edir.
Bu günlərdə sevimli aktyor və senarist Ənvər Abbasov 39 yaşını qeyd etdivə 40-ın yoluna çıxdı. Bəzən çətin anlarımızda bizi gülməyə məcbur edən bu komediya ustasını ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)