“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (2-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

İTKİ

2.

 

Səhnə 17. İnt. Gün

Binanın içi… Dəhlizlər dükanlarla doludur… İnsanlar var-gəl edir. İki nəfər pilləkənlərlə ən sonuncu mərtəbəyə qalxırlar.

Sahə müvəkkili:

– Belə də şey olar?!. Özün fotoqraf olasan, amma bircə dənə də şəklin olmasın…

Əməkdaş:

– Nə bilim, vallah…

Hər ikisi sonuncu mərtəbənin dəhlizində yerləşən fotostudiyanın qarşısına çatırlar. Ətrafda elə də çox adam yoxdur.

 

Səhnə 18. İnt. Gün

Binanın içi… Fotostudiya. Fotostudiyanın sahibi alçaqboy, orta yaşlı kişi dəhlizdə onlara yaxınlaşır. Salamlaşırlar. O, qapını acır və onlar içəri daxil olurlar.

Studiyanın sahibi:

– Hələ də tapılmayıb… Buralara da gəlməyib…

Sahə müvəkkili:

– Bir dəyişiklik var idi onda? Axır vaxtlar…

Studiyanın sahibi:

– O, həmişə eyni idi… Hər şeyini uduzmuş bir adam… Sakit biridi…

Başqa fotoqraflar olur, iş tutur, toya-nişana gedir. Çalışır daha çox qazansın. Amma uduzmuş toya-zada getmirdi…

 

Səhnə 19. İnt. Gün

Studiyanın içi. Fotorobot çəkməyə davam etmək üçün əməkdaş yenə qoltuğundakı qovluqdan vərəqləri çıxarır… O, studiyanın sahibinə tərəf baxaraq ona deyir.

Əməkdaş:

Evində onun bircə dənə də olsun şəklini tapa bilmədik… Yəqin, sizdə də yoxdur… Onu təsvir edin zəhmət olmasa…

Studiyanın sahibi:

– Vallah, nə deyim. Qarasaç, arıq... çəlimsiz bir adam... Elə də yaddaqalan adam deyil. Yəni üzündə, formasında qeyri-adi heç nə yoxdur. İri gözləri yadımdadır... Hə, iri gözləri var!

 

Əməkdaş keçən dəfə çəkdiyi şəklə bir də baxır... Bu gün fərqli heç nə eşitməyəcəyini anlayır... Başını yelləyərək kağızları toplayır və qovluğa yerləşdirir.

 

Səhnə 20. İnt. Gün

Fotostudiya. Sahə müvəkkili üzünü studiyanın sahibinə çevirərək deyir.

Sahə müvəkkili:

– Onun iş otağına baxa bilərik?

 

Səhnə 21. Gecə. İnt.

Qaranlıq hücrə... Səfərin müxtəlif illərdə çəkdiyi şəkillər. Səfər özünün son çəkdiyi şəkillərə baxır... Kadrlardan bəlli olur ki, o, peşəkar fotoqrafdır. Səfər yeni şəkilləri aşkarlayıb hücrədən çıxır.

Qapıda onu qadın qarşılayır.

Qadın:

– Tapmadın?

Səfər:

– Orda da yoxdur...

Qadın Səfərin əlindən tutur... Onlar yataq otağına gedirlər. Qadın işıqları söndürür.

 

Səhnə 22. Ext. Axşam

1-ci adam əlində zərlər olarkən birdən tilovun tərpəndiyini görür. Dərhal zərləri yerinə qoyaraq tilova tərəf gedir və onu çəkməyə başlayır. Elə də böyük olmayan bu balığı qarmaqdan çıxarıb içi su ilə dolu vedrənin içinə atır. Daha sonra tilovu hazırlayıb bir də suya atır.

 

Səhnə 23. Ext. Axşam

1-ci adam masaya yaxınlaşır və oturacaqda əyləşir. Əllərini bir əsgiyə silir. Zərləri götürüb oyununu oynayır...

 

Səhnə 24. İnt. Gün

Polis məntəqəsi. Səfər və qadın qaranlıq dəhlizdə yeriyirlər. O, dəhlizi keçib otağa daxil olur. Səfər bu tərəfi görünməyən şüşədən qarşıdakı otağa baxır. Otaq boşdur. Elə həmin an otağın qapısı açılır. Polisin müşayiəti ilə şübhəli şəxs içəri daxil olur. Səfər şübhəli şəxsə baxır... Səfərin arxasından üzü görünməyən adamın səsi eşidilir.

Naməlum səs:

Odur?

Araya sükut çökür... Hər ikisi etiraz əlaməti olaraq başını yelləyir.

Naməlum səs:

Ümidinizi üzməyin. Hələlik evdə olun. Lazım olsa, sizi yenə çağıracağıq. Görürsüz ki, axtarırıq...

 

Səhnə 25. Ext. Gün, park

Günorta. Park. Parkda təmir işləri aparılır. Ətrafda xüsusi geyimli fəhlələr görünür. İki rəngsaz Səfərlə qadının oturduğu skamyanı rəngləyir. Ətrafda qızğın iş gedir. Amma sakitlikdir. Sadəcə, üfüqdə görünən meşədən quşların səsi eşidilir.

Səfər:

Sən də bilirdin?

Qadın:

Əlbəttə bilirdim!

Səfər:

Haçan oldu?

Qadın:

İyirmi il olar...

Səfər:

Onda niyə dillənmədin?

Qadın:

Neyniyəcəkdin ki?

Səfər:

Qoymayacaqdım itsin...

Qadın əli ilə Səfərin ağzını bağlayır. Səfərin gözləri dolub.

 

Səhnə 26. İnt. Axşam

Teatr salonu. Klassik musiqi konserti. Motsartın “Lacrimosa” əsəri səslənir. Səfər və qadın yanaşı oturublar. Kamera hərəkət edərək eyni sırada oturmuş dinləyicilərin portretlərini göstərir.

 

Səhnə 27. Axşam. İnt.

Teatr salonu. Alqışlar səslənir. Auditoriya zalı tərk etmək üçün ayağa qalxır. Səfər və qadın hələ də oturublar.

 

Səhnə 28. Gün. Ext.

Park. Səfər və qadın hələ də skamyada oturublar. Fəhlənin səsi eşidilir.

Fəhlə:

Fasilə edin!

Fəhlələr kadrdan çıxırlar. Təmir edilən parkın ortasında, rənglənən skamyada oturmuş cütlük çox qəribə görünür.

 

Səhnə 29. Axşam. Ext.

Balıqçı daxması. Xəfif külək əsir. Məhəccərə söykənmiş tilov görünür… Tilovun arxasında üzləri tam bəlli olmayan iki nəfər oyun oynayır.

 

Səhnə 29. Gecə. İnt.

Eyvan. Xəfif külək əsir. Səfər eyvandan otağa daxil olur. Səfər yenidən nəyisə axtarmağa başlayır. Çox keçmir, qadın ayağa qalxıb Səfərə qoşulur.

Səfər:

Zirzəmidə olmaz?

Qadın:

– İnanmıram.

Səfər otağın işığını söndürüb divana əyləşir. Üzünü qadına tutub pıçıldayır.

Səfər:

Görəsən, harda itirdim?

Qadın divana uzanıb başını Səfərin dizinə qoyur.

Qadın:

İnşallah tapılar!

Səfər kövrəlir.

 

Səhnə 30. Gün. İnt.

Səhər. Ev. Mətbəx. Qadınla Səfər evdə oturub çay içirlər.

Səfər:

Ağzını mırçıldatma!

Qadın:

Hirsini mənə niyə tökürsən?

Səfər:

Bəlkə Moskvada itib?

Qadın:

Orada sən abrını itirmisən.

Səfər:

Bunu mənə vaxtında desəydin, indi bu qədər əziyyət çəkməzdim. İndi onu hardan tapım? Həyatıma əzəl gündən pəl vuran sən oldun.

Səfər əlindəki stəkanı masanın üstünə qoyur. Qadın əsəbidir...

Qadın:

Çox sağ ol! Səninlə it də yaşamazdı... Mən yaşadım...

Səfər:

Mənimlə it yaşadı!

Qadın:

Otuz il bundan əvvəl belə danışmırdın ancaq... Onda qarşımda diz çöküb yalvarırdın... Hər gün mənə hədiyyələr alırdın.

 

Səhnə 31. İnt. Gün..

Qadın və Səfər mətbəxdə oturublar... Qapının zəngi eşidilir.

Qadın:

Dur qapını aç... Onu da mən eləməyəcəm ki...

Səfər ayağa qalxır və qapıya doğru gedir. Qapını açır. İçəri Sarışın daxil olur. Sarışın qadınla öpüşüb-görüşür. Hiss olunur ki, Sarışın bu evdə yad deyil. Səfər qapının yanında onlara tamaşa edir.

Sarışın:

Heç yerdə yoxdur. Elə bil heç olmayıb.

Sarışın sözünü dedikdən sonra qadına baxır və otağa keçir... Daha sonra qadın araya çökmüş sükutu pozur və Səfərə deyir...

Qadın:

Sən hələ dostunla düşmənini ayıra bilmirsən... Bu adama sirr etibar eləmək olar?

Səfər acıqlı şəkildə qadının yaxasından tutur...

Səfər:

Adam ancaq sənin o peysər qardaşındır, hə?!

Qadın:

Qardaşımın adını çəkmə. O, sənin tayın deyil!

Qadın yaxasını Səfərdən qurtarır.

Səfər:

Get çay gətir!

Qadın heç nə olmamış kimi mətbəxə keçir.

 

 

 “Ədəbiyyat və incəsənət”

(07.06.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.