Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
İTKİ
1.
Səhnə 1. Ext. Gün
Dəniz sahili...
Ətrafda, sadəcə, sınıq-salxaq bir balıqçı daxması görünür. Daxmanın yanında köhnə bir qayıq.
Daxmanın kənarında bir adam var.
Səhnə 2. Ext. Gün
Adam dənizə atmaq üçün tilovu hazırlayır. Daha sonra o, daxmanın həyətində olan balaca masanın yanında əyləşib nərdtaxtanı hazırlayır.
Səhnə 3. Ext. Gün
Nərdtaxtanı hazırlayan 2-ci adam 1-ci adama sual verir.
2-ci adam:
– Ağlar, ya qaralar?
1-ci:
– Nə fərqi var ki? Onsuz da uduzacaqsan…
2-ci adam ocağın üstündəki çaydanı götürür və stəkana çay süzür. Oyun başlayır.
Səhnə 4. Ext. Gün
Bakı, Sabunçu… Dəmir yolu. Səfər dəmir relslərin yanında gəzir… Bir az yolun sağı ilə, bir az solu ilə. Kadr arxasından qadın səsi eşidilir.
Qadın: (kadr arxası)
– Bəli… İtib…
Harda itib, necə itib, bilmirəm… Yox, onun şəkli yoxdu məndə… Heç toyumuzda da şəklini çəkməyə qoymadı. Elə şeyləri sevməzdi.
Səhnə 5. Ext. Gün
Dağüstü Bakı məhləsi... (İtalyan cortile) Balkondan döşəkağları asılıb. Külək onları yellədir... Açıq pəncərələrin də pərdələri küləkdən tərpənir. Orta yaşlı bir kişi açıq eyvanda dayanıb həyətə baxır.
Səhnə 6. Ext. Gün
Yeddi-səkkiz yaşlı bir uşaq qaça-qaça məhləyə gəlir. O, binanın qarşısına çatanda dayanır.
Uşaq balkondan həyətə baxan kişiyə səslənir. Qadın əlində telefon, döşəkağları arasından çıxaraq həyətdəki uşağa baxır…
Uşaq:
– Nənəm deyir ki, hər tərəfə baxdıq. Bizdə deyil.
Kişi heç nə demədən içəri girir...
Səhnə 7. Ext.-İnt. Gün
Sahə müvəkkili və yanında sivil geyimli bir əməkdaş taxta pilləkənlərlə yuxarı qalxır. Açıq eyvanda olan qapılardan birini döyür. Qapını qadın açır.
Sahə müvəkkili:
– İtki bu evdə olub?
Qadın:
– Bəli.
Sahə müvəkkili və sivil geyimli əməkdaş içəri daxil olurlar.
Səhnə 8. İnt. Gün
Sahə müvəkkili və əməkdaş masa ətrafında olan oturacaqlarda otururlar. Əməkdaş qoltuğunda olan qovluqdan ağ vərəqlər və karandaş çıxarır. Səfər təəccüblü şəkildə qapıya qısılaraq olanları izləyir. Qadın da gəlib bu iki nəfərlə üzbəüz oturur.
Sahə müvəkkili:
– Heç bir şəkli, fotosu yoxdur?
Qadın:
– Yox… Sizə təəccüblü gəlir. O, qəribə adamdır. Qara saçlı, iri gözlü arıq biridir…
Sahə müvəkkili:
– Aranızda problem, dava-şava tez-tez olur?
Səfər:
– Yox, nə dava… Nəyin davası?
Sahə müvəkkili:
– Bir stəkan su xahiş eləyə bilərəm?
Səfər qadına yaxınlaşıb təəccüblü baxışlarla ətrafı nəzərdən keçirir.
Səhnə 9. İnt. Gün
Qadın mətbəxə keçir və iki stəkana su süzür. Bu an Səfər də qadının arxasınca mətbəxə doğru gəlir. Səfər mətbəxdə su kranını acır… Üzünə su vurur… Daha sonra qadına tərəf çevrilərək sual dolu baxışlarla soruşur…
Səfər:
– Görəsən harda itib…
Qadın mətbəxdən çıxır…
Səhnə 10. Ext. Gün
Dəniz qırağı. Oyun davam edir. Hər iki nəfərin diqqəti oyundadır. Oyunçular arabir gözucu tilova da nəzər salırlar.
1-ci adam (gülümsəyərək):
– Çalış özünü itirmə… Oyundu da… Elə həyatda da. Özünü itirmə heç vaxt, səbirli, təmkinli ol!
2-ci adam 1-cinin bu provakativ sözlərinə fikir verməməyə çalışır. Daha sonra stəkanı qaldırıb bir udum çaydan içir.
Səhnə 11. İnt. Gün.
Qadın qonaq otağına gəlir və stəkanları masanın üzərinə qoyur. Sivil geyimdə olan əməkdaş qadına deyir.
Əməkdaş:
– Siz bizə itmiş adamı təsvir edin… Üz cizgiləri necədir?
Qadın:
– Adətən üzü həmişə tüklü olardı. İtmiş adam çox özünə fikir verməzdi… Sonuncu dəfə əynində qara şalvar, mavi köynək var idi…
Bir də altı yeyilmiş ayaqqabılar… İtmiş adamın ayaqqabıları da tez yeyilərdi həmişə…
Qadın gözünü boşluğa zilləyərək davam edir.
Qadın:
– Məndən çox da hündür deyil. O, çox gülməz, amma güləndə üzü çox qırışardı. Gözləri qara rəngdi. Qara saçları var…
Əməkdaş artıq ilk ştrixləri çəkməyə başlayıb… Sahə müvəkkili diqqətlə qadını izləyir.
Səhnə 12. İnt. Gün
Qapının səsi eşidilir. Sarışın içəri daxil olur. Sarışın qonaq otağına girir… Qadınla Sarışın görüşürlər. Qadın xəfif bir jestlə əlini Sarışının əlinə sürtür… Səfər bütün olanları izləyir. Və yaxınlaşıb əməkdaşın şəkil çəkdiyi vərəqə baxır. Biz vərəqdə nə çəkildiyini görmürük.
Sarışın:
– Qonşular da görməyib… Görəsən, hardadır?
Səhnə 13. İnt. Gün.
Sahə müvəkkili ayağa qalxır, o, həmkarına baxaraq başıyla getmək lazım olduğunu işarə edir. Əməkdaş da ayağa qalxır.
Sahə müvəkkili:
– Biz gedək… Araşdırarıq. Tapılar, narahat olmayın.
Sarışın:
– Mən sizi yola salım…
Üçü də evi tərk edir.
Səhnə 14. İnt. Gecə
Mənzilin içi. Qadın sönmüş televizorun qarşısında oturub. Səfər nəsə axtarır.
Qadın:
– Nə axtarırsan?
Səfər:
– Dur kömək elə!
Qadın:
– Teatrın qarşısında görüşdük. Heç olmasa bu yadındadır?
Səfər:
– Heç nə yadımda deyil.
Qadın:
– Girdik teatra. Axmaq bir tamaşa idi. Xatırlamırsan? Hər səhər arıqlamaq üçün stadionda qaçırdın. O zaman çox tərləyirdin. Yaxşı nəyin vardısa, o tərlə canından çıxdı. Nənən də hələ ölməmişdi... Onu da xatırlamırsan?
Səfər keçib qadınla üz-üzə oturur.
Səfər:
– Neçənci ildə evləndik?
Qadın:
– Daş düşəydi o günə!
Səfər:
– Deyirsən beş ildən sonra itdi?
Səfərlə qadın durub nəyisə axtarmağa başlayırlar. Səfər rəfə düzülmüş kitabları vərəqləyir. Qadın paltar dolabının içinə baxır. Daha sonra qadın divanın altından televizorun pultunu tapır. Qadın döşəmədən qalxaraq qışqırır.
Qadın:
– Pultu tapdım!
Qadın sevincək televizoru yandırır. Televizorda aparıcının səsi eşidilir. “Zərgər dükanının tozu da qızıl olur!”
Səfər hirsli-hirsli ayağa qalxır. Siqaretini yandırıb mətbəxə keçir. Səfər mətbəxə gedən kimi qadın pultun düyməsini basıb televizoru yenidən söndürür. Dinməzcə oturub bir nöqtəyə baxır.
Səhnə 15. Ext. Gecə
Səfərgilin məhəlləsi… Binada bir neçə işıq yanır… Hava küləklidir…
Səhnə 16. Ext. Gün
Bakı. Şəhər mərkəzi… Əvvəlki səhnələrdən tanıdığımız polis və fotorobot çəkən əməkdaş bir binanın qarşısına gəlirlər. Hava istidir… Onlar binaya daxil olurlar.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)