Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
AYRIC
5.
– Yalan deyirsən! Sən məni unudasan deyə evlənirdin! – Mədinənin gözləri doldu.
– Oralara girmə!
– Onda sonuncu sualıma cavab ver. İstəyərsənmi dünya qapının o tayında qalsın? Otaqda ancaq sən və mən olaq. Bu sevgiyə gücün çatacaq?
– Çatacaq! – söylədi və Mədinəni qucaqladı.
Onlar həmin gecə taleyin acığına toy etdilər. Hər ikisi bu rəmzi toya əməlli-başlı sevinirdi. Bir qədər əyləndikdən sonra Mədinə yaxınlaşıb dizlərinin üstündə oturdu.
– Bu, sınaqdır da, bilirsən? – dedi.
– Bilirəm! – cavab verdi.
– Sən birinci sınaqdan çıxa bilməmişdin!
– Bundan çıxaram!
– Məni daha tək qoyma! – Mədinə kövrəldi.
Sonra birlikdə konyak içdilər. Mədinə içdikdə ayılırdı. O isə əksinə, əməlli-başlı keflənirdi. Ancaq səhərə yaxın Mədinə onu ayağa qaldırıb çarpayıya doğru apara bildi. Pencəyini əynindən çıxarıb yatağa uzatdı. Sonra özü də səhər gözünə işıq düşməsin deyə pərdələrin ipini çəkib yatağa uzandı.
Günortaya yaxın qapının döyülməsinə oyandılar.
Mədinə ayağa qalxıb qapını açdı. Hoteldə yaradılmış səyyar sanitar tibbi qərargahdan onlar üçün göndərilmiş kiçik dərman qutusunu yaşlı sanitardan alıb döşəmənin üstünə qoydu. Qutunun üstündə dərmanlardan istifadə olunma qaydaları da yazılmışdı. Həkim yaxmanın cavabının doğru olduğunu təsdiqləyən sənədi də onlara göndərmişdi. Yazıya görə onun ikinci testi verməsinə ehtiyac duyulmurdu. Mədinə isə sağlam idi. Ürəyi istədiyi zaman otağını dəyişib başqa bir hotel nömrəsinə köçə də bilərdi.
Mədinə yazılanları ucadan oxuduqdan sonra qutunu döşəmədən qaldırıb çarpayının böyründəki jurnal masasının üstünə qoydu.
– Mən istəsəm, başqa nömrəyə də keçə bilərəm ha, kocacığım! – Mədinə qəsdən onu sancırdı.
Çarpayıda dikəlib qorxudan iri açılmış gözləri ilə Mədinəyə baxdı. Həyəcanla: – Mən tək qalacam? – soruşdu.
Mədinə: – Səni atıb hara gedirəm, ay dəli? Gücnən əlimə düşmüsən. Qorxma, pis adama heç nə olmur. Mən bu mərətə heç zaman yoluxmayacam! – söylədi.
Yuxudan qalxandan başı ağrıyırdı. Ayaqlarını çarpayıdan aşağı sallayıb parça çəkələklərin üstünə qoydu. Elə köynəyini əyninə geyinmək istəyirdi ki, sinəsində bəlğəmli öskürək qasırğası başladı. Bir qədər ögüyə-ögüyə öskürdükdən sonra içində elə bil nəsə qırıldı. Həmin bu nəsə ürəyinin altında daş kimi yumurlanıb nəfəs almasını çətinləşdirdi. Sonra həmin bu daş kimi topadan qırılmış bir tikə xışıltılı bəlğəm nəfəs borusuna düşüb onu boğmağa başladı. Bircə anda nəfəsi kəsildi, rəngi gömgöy oldu. Nə qədər istəsə də, nəfəs ala bilmədi. Nəhayət, Mədinə onu sinəsi üstə döşəməyə yıxıb ciyərlərini yumruqlamağa başladı. Handan-hana bir ovuc daş kimi möhkəm bəlğəm topası nəfəs borusundan çıxıb tappıltıyla döşəmənin üstünə düşdü. Qara qətran rəngində olan bəlğəm topasının üstündə qan ləkələri də vardı.
Mədinə ancaq onun ölmədiyinə əmin olduqdan sonra hönkürtüylə ağlamağa başladı.
Bir xeyli döşəmədə uzanıqlı şəkildə qaldılar. Nəhayət, ayağa durmağa dizində taqət tapdı. Özü qalxdıqdan sonra Mədinəni də əlindən tutub ayağa qaldırdı.
– Bu da sənə bəy! Dalımdan daha toz tökülür! Neynirsən məni? – səsi əməlli-başlı batmışdı.
Mədinə boynuna sarıldı.
– Sənə bu gecə yaman toy tutmuşam ha, deyəsən, – Mədinə onu zarafatıyla ovudurdu.
– Sən maska tax e... zarafat eləmə. Heç olmasa birimiz ayaqda olaq da! – deyib əlləri əsə-əsə dərman qutusunu açdı. Səhər içməli olduğu dərmanları bir-bir qutudan çıxarıb mizin üstünə düzdü. Qızdırmasını ölçdü. Otuz doqquz altı idi.
Mədinə soyuducudan yemək çıxarıb mikrodalğalı sobada qızdırdı. Yeməyi boşqaba çəkib mizin üstünə qoydu.
– Yaxşı yeməlisən ki, xəstəliyə güc gələsən. İmmun sistemin güclü olmalıdır. Gəl daha, dərmanlarla oynama!
Mizin arxasına oturub dinməzcə səhər yeməyi yedilər. İştahı olmasa da, zorla yeyirdi. Özünü məcbur edirdi ki, zəifləyib yatağa düşməsin. Qəribəydi, Mədinə onu bir qadın kimi bütün hallarda özünə cəlb edirdi. Xəstəlik də bu istəyi içində soyuda bilməmişdi. Bununla belə, hər dəfə Mədinə ilə yaxınlıq etdikdən sonra sanki bədəninin gücü tükənirdi. Tərpənməyə belə taqəti qalmırdı. Bu nə demək idi? KOVİD sevgi əleyhinə xəstəlikdir? Xəstəliklə sevginin nə mübahisəsi ola bilər axı?! Amma, deyəsən, vardı. KOVİD qısqanc kişi kimiydi. Güclü kişiləri sevmirdi.
Səhər yeməyindən sonra Mədinə ilə divanda oturub bir az televizora baxdılar. Mədinənin də rəngi avazımışdı. Səsində bir boğuqluq vardı. Cibində gəzdirdiyi qızdırmaölçəni Mədinəyə uzadıb: – Bax gör qızdırman yoxdur? – soruşdu.
Mədinə əlini alnına qoyub: – Bumbuzam! – dedi və sonra da özüylə fəxr edirmiş kimi gülümsünüb: – Arvad olmaq asan iş deyilmiş. Bu qədər dərman adını yadda saxlamaq lazımdır. Kişinin hər yerinin hərarətini ölçmək lazımdır. Yerə yıxıb tüpürcəyini boğazından çıxarmaq lazımdır. Kefli olanda pencəyini soyundurmaq lazımdır. Hələ bunun gecəsi də var. Orda da diri olmalısan! Və ən əsası, xəstələnmək və düşmək qəti olmaz. Düşdün, kişi gedib sənin əvəzinə bir başqasını tapacaq! Elədir, kişi, ya elə deyil? – soruşdu.
Əlini Mədinənin əlinin üstünə qoyub: – Elə deyil! – dedi.
– Sənə qalsa, bu qapalı otaqda da məni əvəz edəni taparsan! –Mədinənin onu sancmasına cavab vermədi.
Bir qədər eyvanda birlikdə hava aldıqdan sonra yenə çarpayıya qayıtdılar. Mədinəni bu gecə tamam başqa ehtirasla sevdi. Sevgidən yorulub nəfəsini dərəndə Mədinə: – Adə, naxoşluq sənə düşüb ha, deyəsən, daha diri olmusan! – dedi.
– Məni sən diriltdin!
Səhərisi gün gözlərini açanda Mədinəni başının üstündə ağlayan gördü.
– Adə, xəbərin var? Bütün gecəni boğulurdun e. Nə qədər də oyadıram, oyanmırsan. Bilirsən necə qorxmuşam?! İstiliyin də qırxı keçmişdi. Dörd dəfə paltarlarını dəyişmişəm. Axırı, sənə öz xalatımı geyindirdim. Bir dənə alt paltarıyla bu on dörd günü necə keçirmək olar? Bəlkə oğluna deyəsən, sənə tuman-köynək gətirsin?! – dedi.
Ayağa qalxıb acqarına iki qədəh konyak içdi. Başı hərlənirdi. Saat on ikidə həkim gələcəkdi. Oturub dinməzcə yemək yedilər. İştahı yenə yox idi. Qayğanağa əlini də vurmadı, eləcə tavada qaldı. Birtəhər şirin çayı içdi. Bir tikə çörəyi ağzının içində ora-bura hərlədikdən sonra zibil qutusuna tüpürdü. Sonra yenə bir qədəh konyak içdi. Bir neçə saat konyakın xumar dumanı altında oturub susdu. Daha düşünə də bilmirdi. Nəhayət, oğluna zəng vurub hotelin qarşısına çağırdı. Mədinə düz deyirdi. Dəyişəcəyi yox idi.
Oğlu tez gəldi. Eyvana çıxıb dinməzcə onun boynubükük duruşuna baxdı. Otuz yaşı keçsə də, mayor rütbəsi daşısa da, oğlu hələ böyüməmişdi. Mədinəyə qəti şəkildə gözə görünməməyi tapşırsa da, oğlu məsələnin nə yerdə olduğunu, deyəsən, öyrənmişdi. Üzündəki utancaq təbəssüm onu satırdı. Atasının yerinə utanmaq oğlunun uşaqlıq şakəriydi. Başında qalmışdı. Arvadı da ona zəng etmirdi. Tezliklə bu xəbər işinə də çatacaqdı. Onda şəriki istehzalı baxışlarıyla üzünə baxıb mümkün qədər kinayəli tərzdə söyləyəcəkdi: “Həəə, Balakişiyev, indi məni başa sal görüm sən boyda kişi aeroport yolunun üstündə tikilmiş “Sirat” adlı əyləncə məkanında “dürat” kimi bir qadınla hansı hoqqalardan çıxmısan?”
Gəncliyində dəlicəsinə sevdiyi, ona görə qatil olduğu, illərlə həsrətiylə yandığı qadınla bu gün bir otaqdaydı. Haçansa bu günü o qədər arzulamışdı ki... İndi isə özünün də bir hissəsi olduğu qəddar gerçəklik bu yaxınlığın əleyhinə idi. Haçansa itirdiyi sevgisinin üstünə bu illər ərzində o qədər yük yüklənmişdi ki, barxanası ərşə yüksəlmişdi. Biri elə hotelin həyətində dayanıb bic-bic qımışan oğlu. İndi aşağıda dayanıb məzlum-məzlum üzünə baxır. Elə bilirsən bu yumşaq uşaq onu düşünür? A tövbə, əgər onu düşünürsə. Ancaq özünü, karyerasını, rütbəsini, ailəsini və şəxsi rahatlığını düşünür. Atası ona ancaq təmiz adla lazımdır. Onun nəyinə gərəkdir ki, atasının ürəyində kim var? Haçansa nə olub? Atası haçansa nə yaşayıb? Kimi sevib və ya sevə bilərmiş. İndi o, ancaq öz uğuru üçün çalışır. Ancaq özünü düşünür. Çərxi-fələk belə dönüb. Bütə çevrilmiş əxlaq nizamını on dörd günlük azad davranışıyla qırdığına görə ətrafının onu qınayacağını bilirdi. Tərəzinin bir gözündə Mədinəydi, digər gözündə isə bütə çevrilmiş sevgisiz həyatı. Bir dəfə Mədinəni ətrafına qurban vermişdi. İkinci dəfə ölü bütlərindən qurtula biləcəkdimi?
Oğlunun sınmış duruşunu görüb daha ona heç nə demədi. Nə tuman-köynək? Onu nə üçün çağırdığını belə unutdu. Oğluyla əliylə sağollaşıb tələsik içəri keçdi.
Həkim otaqdaydı, Mədinəylə danışırdı.
Müayinədən sonra həkim onlara spirtli içki içməyi qəti qadağan etdi. Səhərlər açıq eyvanda idman etməyi və yaxşı-yaxşı yeməyi məsləhət bildi. Mədinəyə ağzına mütləq maska taxmağı, xəstədən mümkün qədər uzaq durmağı tövsiyə etdi. Ona isə yazdığı dərmanları vaxtlı-vaxtında içməyi tapşırıb getdi.
Həkim qapıdan çıxan kimi Mədinə: – Burda da məni sənə yaxın qoymurlar, fikir verirsən? Uzaqdan-uzağa səninlə necə öpüşə bilərik? – soruşdu.
Gülə-gülə: – Hava damcı yoluyla! – cavab verdi.
Mədinə əl çəkmədi: – Mən səninçün KOVİD-əm? Sevgi mənim üçün toxunmaqdır, təmasdır! – pıçıldadı və xısın-xısın güldü.
Demək olar ki, hər gün Mədinənin rəfiqələri onlara yemək gətirirdilər. Onlar bu işi saat mexanizmi kimi dəqiq qurmuşdular. Hər gün biri bişirib gətirirdi. Mədinə yenə də mizin üstünə həmin o ev yeməklərindən düzmüşdü. Nahar etmək üçün birlikdə mizin arxasına keçmişdilər. Dad bilməsə də, ev yeməklərinin görüntüsü iştahını açıb ovqatını dadlandırırdı. Həm də dad daha çox Mədinənin dilindəydi.
Hər iki dadlı dadı bir dəfə də daddıqdan sonra pencəyini çiyninə atıb eyvana çıxdı. Çox keçmədi Mədinə də arxasınca gəldi. Bir müddət eyvanda sakitcə dayanıb hava aldılar. Mədinə ona evi xatırladırdı. Qəribəydi, onlar heç zaman bir evdə yaşamamışdılar. Bununla belə, Mədinə get-gedə onun damsız-daşsız evinə çevrilirdi. Qadını qucaqlayıb: – Allah qoysa, burdan çıxaq, məni rəfiqələrinlə də tanış edərsən. Sağ olsunlar, çox vəfalıdırlar! – dedi.
Mədinənin gözləri doldu. Səsi titrəyə-titrəyə: – Onlardan başqa heç kəsim yoxdur. Təkcə atam sağdı, onu da iflic vurub, yataq xəstəsidir. Mən baxıram. Daha doğrusu, baxırdım. Burdayam deyə indi qonşum baxır. Amma ürəyim yenə yanındadır. Dedim axı, mənimki gətirmədi. Təkəm də. Quqquluqu... tək-tənha. Sənə Zibanın əhvalatını axıra qədər danışmadım axı. Zibanın qızları vardı ha, aylarla, illərlə Dubaya gedib qəhbəliklə pul qazanan qızları. Onların biri indi məktəb direktorudur. Biri nazir müavininin arvadıdır, üçüncüsü də milyonçu ərəbə ərə gedib. Mən onların pullarını saymıram ha. Allah başlarından töksün. Necə ki, tökür. Bu, onların ruzusudur. Hamının ruzusunu da, bəxtini də, deyilənə görə, O verir. Mən öz taleyimi, bəxtimi deyirəm. Bu necə olur, görəsən?
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)