Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
AYRIC
2.
Hər dəfə də mənə deyirdi ki, gəl səni aparım o sürücülərin yanına. Vallah, qızlığına dəyməyəcəklər. Elə oranı-buranı əlləşdirib öpəcəklər, axırda da bir yerini tapıb boşalandan sonra pulunu verəcəklər, qayıdacaqsan evinə. Nəsə... Bir gecə necəsə saqqızımı oğurladı. Bilirəm, indi inanmayacaqsan. Amma, vallah, belə olub. Sən xəbər tutmamışdan qabaq bir dəfə də o xaraba meydana getmişdim. Sən ikinci dəfəsinə gəlib çıxdın. Biz Ziba ilə maşının kabinəsinə qalxanda, indi başa düşürəm ki, sürücülər bəlkə də bir-birini yola verirlərmiş. İkisi də lüt idi. Ona görə belə düşünürəm. Tərbiyəsiz köpəyuşaqları. Nəsə, birinci dəfə elə Ziba deyən kimi də oldu. Qızlığıma dəymədilər. Yaxşı da pul verdilər. İkinci dəfə isə həmin o kök eşşəyə rast gəldim. Sonra da səni Allah yetirdi. Qisasımı ondan aldın. Vurub öldürdün. Amma o da mənim qızlığıma dəyməmişdi. Qızlığımı da Rusyetdən qayıdandan sonra sən korladın. Kefli idin. Heç demədim də sənə...
Güzgüdən Mədinəyə baxdı. Ağlayırdı.
Maşını Şağan yolunun kənarında tikilmiş “Sirat” hotelinin qarşısında əylədi. Açarı hotelin qara frak geymiş qapıçısına verib aşağı endi. Hotelin pəncərələrindən dəniz görünürdü. Qağayıların səsinə qədər yaxınlıqdaydı. Mədinə hotelin pillələrini yeyin-yeyin yuxarı qalxanda qəfil ayağı büdrədi. Az qaldı ki, yıxıla. Gülümsünüb öz-özünə: – Ayağısürüşkənəm də, neynəyim! – dedi.
Mədinənin sakit kinayəsindən gözləmədiyi halda eyni açıldı. Bayaqdan bəri danışılan xatirələrdən içinə dolmuş nifrət hissi bircə anda əriyib yox oldu.
Üzünü Mədinəyə tutub: – Gəl bir-birimizi köhnə palan içi açıb tökməklə yormayaq! Mən yenidən yaşamaq istəyirəm! – dedi.
Mədinə ona əhəmiyyət belə vermədən hotelin iri şüşəli qapılarından içəri keçdi.
Qeydiyyat şöbəsində hər ikisindən vaksin sənədi ilə bərabər kəbin kağızı da tələb etdilər. Hotel “pandemiya dövrünün qaydaları” ilə işləyirdi. Bir qədər çək-çevirdən sonra hotel rəhbərliyi ilə üçsıfırlı məbləğ müqabilində razılaşıb qalacaqları otağın açarını aldılar.
Mədinə “prezident lüksü”nün qapısı qarşısında sinəsinə qısılıb: – Görüm də məni Sirat körpüsündən bu gecə neçə dəfə keçirə biləcəksən? – pıçıldadı.
“Əstəğfürulah” deyib gülə-gülə otağın qapısını açdı. Və hər ikisi, sərhəd keçirlərmiş kimi, həyəcanla hotel otağına daxil oldular.
Hotel otağının, həqiqətən də, fərqli bir haləsi vardı. Bakirə, hələ yaşanmamış səhər kimi yeniydi. Yerliyi yaşıl divarlarına qədim yunan və Roma dövrünə aid əsatir qəhrəmanlarının yağlı boya ilə şəkilləri çəkilmişdi.
Mədinə divardakı tabloda qədim yunan olimplərinin ən kiçiyi, adının mənası “ikinci dəfə doğulan” olan Dionisin ayağına sığınmış qurbanlıq keçinin iri və məsum gözlərini görəndə əməlli-başlı heyrətlənib əlləri ilə ağzını tutdu.
Mədinədən: – Nə oldu sənə, keçidən qorxdun? – soruşdu.
Qadın divarda çəkilmiş keçini əlləri əsə-əsə göstərib: – Bu keçiyə bax! Gözlərimə inanmıram. Bu qurbanlıq keçini səninlə birgə üç gecə yuxularımda görmüşəm! Üç gecə sərasər sənin ayağının altında kəsilmək üçün cəllad kötüyünün üstünə uzadılıb! İndi bu nə deməkdir? Mən yatmışam? – cavab verdi.
Şəklə diqqətlə baxdıqdan bir xeyli sonra: – Yəqin, yatanda ac olmusan! Xətrinə keçi əti düşüb, – dedi. Və qapını içəridən bağladı.
Mədinə paltarlı-paltarlı çarpayıya uzanıb: – Həyat kişiylə daha gözəldir! – qışqırdı.
Şəkildəki keçinin məsum gözləri birdən-birə onu Bakıdan qaçaq düşdüyü illərə qaytardı. O zaman tale onu hələ dağılmamış Sovetlər birliyinin ən ucqar şəhəri olan Kalininqrada aparıb çıxarmışdı. Bir müddət şəhərdən kənarda yerləşən alman qəsəbəsində gizli çalışan kiçik araq fabrikində fəhlə işləmişdi. Gəliri də o zaman üçün pis olmamışdı. Qaçaqmalçılıq bütün dövrlərdə yaxşı pul gətirir. Ən əsası isə, belə işlərdə işləmək üçün ondan sənəd tələb edilməmişdi. Sovetlərin bir nömrəli ərzağı araq idi. O da araq istehsal edənlərin yanındaydı. Daha o illərdə adama bundan savayı nə lazım ola bilərdi ki? Heç nə. Ölmək istəyirsən, get Mazandarana. Bir dəfə yenə də gecə yarısı işdən yaşadığı kiçik daxmasına qayıdırdı. Hər gün işə gedib-gəldiyi cığır kiçik dəmir yolu stansiyasının böyründən keçirdi. Həmin gecə də qəsəbənin maşın yolunu federal dəmir yolundan ayıran, ağ-qara rəngli şlaqbaum gəlib keçəcək qatarın xəbərdarlığını aşağı enməsiylə bildirmişdi. O da, həmin gecə qatarın gəlib keçməsini gözləyən digər qəsəbə sakinləri kimi, səbirlə dayanıb ağ tüstülü kölgəsi uzaqdan görünən qatarın gəlib keçməsini gözləmişdi. Həmin gecə şlaqbaumun böyründə iri gözlü keçisinin başını sığallayan bir rus qarısı da dayanmışdı. Belə qarılar adətən əyalətlərdə kilsələrinin qarşısında ibadətə gələn zəvvarlara çöllərdən dərilmiş yabanı çiçəklər satırlar. Qarı həmin gecə stansiyaya yaxınlaşan qatarın yolunu oxuduğu müqəddəs dualarla və xaç çevirməklə nurlandırmışdı. Arxasında dayanmış orta yaşlı iki kefli rus kişisi isə qarının bu ifrat dindarlığını lağa qoyaraq şalvarlarını aşağı endirib gələn qatara çılpaq arxalarını göstərmişdilər. Bu təzad o zaman ona da, digər qəsəbə sakinləri kimi, gülməli görünmüşdü. Nəhayət, qatar ənənəvi aramlıqla kiçik stansiyanın qarşısından keçib getmişdi. Adəti üzrə bir neçə saniyədən sonra kiçik stansiya köşkündə oturmuş, qalın kürklü dəmiryolçu şlaqbaumu yuxarı qaldırmışdı ki, qəsəbə sakinləri evlərinə rahat gedə bilsinlər. Və bu zaman hamının gözü qabağında möcüzə baş vermişdi. Əvvəlcə qarının səkil keçisi şlaqbaumla birgə göyə yüksəlmişdi, ardınca da ağzı dualı qarının özü. Kefli kişilər bu dəfə gözlərinin qarşısında ilahi müdaxiləylə müqəddəs İsa kimi göyə yüksələn müqəddəs qarının boyu bərabəri dayanıb xaç çevirməyə və şeytanı lənətləməyə başlamışdılar.
Keçinin boynuna bağlanmış kirli kəndirin şlaqbauma dolaşması səbəbindən hamının gözü qabağında göyə “yüksəlmiş” qarının və keçisinin gözlərindəki o ilahi məsumluğu və məmnun işığı bu gün də unuda bilmirdi. Sabit iman bu yalan dünyada yaşamaq üçün ən doğru yalan imiş. Qarı o zaman necə də böyük inamla illərlə etdiyi dualarının müstəcəb olduğuna inanmışdı. Və illərlə tapındığı İsa Məsih kimi, etdiyi davamlı ibadətlərinə görə dərgaha “yüksəldiyinə”, öz müqəddəsliyinə necə də ürəkdən inanmışdı. Qarının gözlərində elə böyük sevgi, elə gur ilahi nur və elə böyük barış hissi var idi ki, o zaman qaranlıq gecəni belə səhər kimi aydınlatmışdı.
Hotel otağının divarına yağlı boya ilə çəkilmiş qurbanlıq keçinin də gözlərində həmin o tanış ilahi nur, həmin o göyə “ucalma” anında qarının gözlərində yaranmış Tanrıya qovuşma yəqinliyi vardı. O zaman həmin o dindar rus qarısı keçisinin boynuna öz əliylə bağladığı kəndirin təsadüfən şlaqbauma ilişməsi səbəbindən göyə ucaldığını ağlından belə keçirməmişdi. İnamı var idi axı, ona görə. Qarı bütün ömrünü bu inamla yaşamışdı deyə belə bir möcüzənin olacağını gözləmişdi. Buna hazır idi. Ömrü boyu beyət etdiyi İsa Məsihin ölümünün müəqəddəs olduğuna inandığı üçün özünün də bu meracı haçansa təkrar edəcəyinə inanmışdı. Həmin an isə dualarının bədəli olaraq Tanrı tərəfindən ona edilmiş ətanın sevincini yaşamışdı. İnsan nəyəsə ürəkdən tapınmasa, kiməsə inanmasa, sevməsə, heç vaxt hüznlə yaşaya bilməz. Heç rahat ölə də bilməz. İnsan insandan ancaq özünü aldatmaq bacarığı ilə seçilir. Öləcəyini bilə-bilə başqa cür necə yaşaya bilərsən axı? Ancaq yalanla. Özünü aldada-aldada. Sonu unudaraq və düşünməyərək”.
Haradansa beyninə gələn təzadlı fikirlərdən əməlli-başlı üşənib divana oturdu. Otağın tavanından asılmış qızılı çilcırağın zəif işığı altında üzünü Mədinəyə tutub: – Bu nə şəkillərdi belə, adamın lap bağrı yarılır! – dedi.
Mədinənin başı dolabdan sellofana bükülmüş hamam xalatını çıxarmağa qarışmışdı. Onun nə dediyini eşitmədi. Qadının hər bir hərəkətində incəlik, naz, axıcı xumarlılıq var idi. Nə qədər istəsə belə, ona davamlı olaraq nifrət edə bilmirdi. Mədinə zərif, incə, su kimi tinsiz, ölçüsüz, ucu-bucağı olmayan bir axın kimiydi. Amma acılığı da ağız yandırırdı. Ayağa qalxıb Mədinənin incə belindən tutdu. Qadın təması başqa yerə yozdu. Əlində tutduğu sellofana bükülü xalatı ona uzadıb qımışa-qımışa: – Nə xəbərdi, adə! Əvvəl bunu aç, görüm yadırğamamısan ki? – dedi.
Sellofanı barmaqları ilə yırtıb içindəki ağ hamam xalatını Mədinəyə uzatdı.
– Bu xəstəlik qurtarsın, səni Mayamiyə aparacam! – dedi.
Mədinə soyunduqca payızın gəlişinə yarpaqlarını tökən ağcaqayın ağacına bənzəyirdi. Hələ bəzi paltarları yarpaq-yarpaq əynindəydi. Bəziləri xəzəl kimi döşəməyə düşürdü. Eyni zamanda, ağcaqayın ağlığında olan çılpaq bədəni bütün gözəlliyi ilə artıq görünməkdəydi.
Qadın onun üzünə belə baxmadan: – Hələ sən məni Maştağa bazarına apar görüm, apara bilirsən! – dedi.
Siqaret yandırıb eyvana çıxdı. Daş onun bostanına atılmışdı.
Mədinəli keçmişinə biganə olduğunu maşında susmaqla bildirsə də, əslində həmin o sevdalı illəri üçün əməlli-başlı darıxırdı. Özünə belə etiraf etməsə də, Mədinədən sonra heç bir qadını eyni çılğınlıqla sevə bilməmişdi. Qaçaq olduğu illərdə Rusiyada nələrdən keçdiyini artıq unutmuşdu. Mədinənin pis yola düşməsi xəbərini aldığı günü isə bütün xırdalıqlarına qədər xatırlayırdı. İki illik qapanma belə bu ağrını ona unutdura bilməmişdi. Üstündən gör nə qədər vaxt keçsə də, hələ də yataqda Mədinədən iyrənirdi. Hər dəfə sevişdikləri zaman onu öldürəcək qədər hirsli olurdu. Mədinə ilə ancaq içkili halda yatağa girə bilirdi və son dərəcə aşırı kobudluqla pozğun qadın kimi davranırdı. Bədəni ilə bədəninə vurduğu hər bir sevgi təkanı bıçaq zərbəsi kimi sərt, kəskin və qançıxaran olurdu. Bununla belə, Mədinənin bu günə qədər ürəyində diri qaldığına özü də heyrətlənirdi. Mədinə həmişə içindəydi. Və heç zaman da oradan çölə çıxmamışdı. Bu tənliyin həlli yox idi. Bu nə hiss idi, anlamırdı. Sevgiydisə, sevgi belə hirsli olmazdı. Nifrətdisə, nifrət də belə şirin olmur. Bu bağlılığın hüznü, dincliyi, rahatlığı və əminliyi yox idi. Bu təmas sevgi üçün qəddar, intiqam üçün çox yumşaq idi. Bu yaxınlığın içində bir az qisas, bir az nifrət, bir az sevgi, bir az da doğma adama olan kölə bağlılığı vardı.
Eyvandan içəri keçib divana oturdu.
Hamam otağından Mədinənin səsi gəlirdi. Çiləyin altında pəsdən mahnı oxuyurdu. Ağzından çıxan sözlər otağa çatana qədər sudan keçib islanırdı deyə anlaşılmırdı. Görünür, aydın olmaq üçün söz gərək quru ola, islanmaya. Amma Mədinənin avazı da ona bəs edirdi. Su qadının yanıqlı avazını, mehrini söz qədər dəyişə bilmirdi. Əksinə, Mədinənin səsi soyuq suyu da isidirdi. Bu gün hamamın suyu Mədinədən qızırdı. Sözlərini su yuyub aparsa da, nəfəsi əməlli-başlı qapıdan bu taya keçirdi. Mədinə təpədən-dırnağa qədər tamam fərqli bir hal, ayrı bir nəfəs idi. Suyu da yuyub arıdırdı.
Ayağa qalxdı. Soyuducunun qapısını açıb kiçik konyak şüşələrini bir-bir çölə çıxartdı. İkisini birnəfəsə başına çəkib qalanlarını mizin üstünə düzdü.
Telefonla otağa yemək sifariş verəndən sonra çarpayıya uzandı.
Son zamanlar bütün günü əzgin olurdu. Eləcə yatmaq istəyirdi. İş görməsə belə, yorulurdu. Bütün günü öz-özüylə danışırdı. Sən deyən bir elə xatirəsi də yox idi ki, onu yorsun. Mədinəni çıxmaq şərtilə, olduqca hamar bir ömür yaşamışdı. Bununla belə, yenə də içi narahat idi.
“Ədəbiyyat və incəsənət”
(30.05.2024)