“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (11-ci, son paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

11

 

 

Gecə. Qarabağ.

Elşad artıq bizə yaxşı tanış olan qoca ləpirçi ilə birlikdə qaranlıq cığırlarla meşənin içərilərinə doğru gedir.

Qoca: – Bax, oğul. Sənin yatdığın Xankəndi həbsxanası bu sıx meşənin arxasındadır. Müstəntiqlərin otağının yerini isə, açığı, bilmirəm. Güman ki, həbsxanadan çox uzaqda olmaz.

Elşad: – Müstəntiqin otağına məni üç dəqiqəyə aparırdılar. Həbsxananı görsəm, həmin otağı mütləq tapacam!

Qoca: – Vallah, bala. Ayağım olsaydı, səninlə gedərdim. Hay-küy düşsə, qaça bilməyəcəm. Sənə də yük olacam. Burdan o yana daha özün getməlisən. Səni sabah dan üzü burda gözləyəcəm. Maşın da xodda olacaq. Yaxşı yol, bala. İşin avand olsun. Telefonundan istifadə etmə. O dəqiqə yerini biləcəklər. İndi başqa zamandır. Hamını fitindən tapırlar.

Elşad qoca ilə qucaqlaşıb bircə anda qaranlıqda görünməz olur.

 

 

***

 

Elşad meşədən çıxıb həbsxanaya doğru sürünür.

Keşikçilər adətən bu vaxtlarda həbsxananın yeməkxanasında oturub televizora baxırlar.

Ancaq həbsxananın qarşısındakı keşikçi postunun önündə tonqal qalanıb. Tonqalın qırağında iki erməni əsgəri oturub əllərindəki telefonla məşğuldurlar.

Elşad həbsxananın qarşısındakı kiçik xəndəyə hoppanıb bir müddət orada gözləyir.

Digər iki keşikçi xəndəyin lap qarşısından keçib tonqala tərəf gedir.

Onların əllərində indicə çöldə vurduqları dovşan görünür.

Bir qədər sonra Elşad çevik sıçrayışla xəndəkdən çıxıb həbsxananın inzibati binasının arxasına keçir.

Arxa tərəfdən kiçik birmərtəbəli inzibati binaya yaxınlaşır.

Bir qədər gözləyir.

Binanın arxasında heç kimin olmadığını dəqiqləşdirir. Sonra arxa pəncərələrdən birinin şüşəsini əlinə doladığı əsgi ilə sındırıb pəncərənin kilidini içəridən açır.

Elşad qaranlıq dəhlizlərlə gedir.

Bir-bir otaqların qapısını əlindəki kiçik əl külüngü ilə sındırıb içəri girir.

 Beş-altı otağa baxdıqdan sonra, nəhayət, onu dindirən müstəntiqin otağını tapır.

Elşad ona tanış dolabın ağzını açır.

Və atasının qırmızı yorğana bükülmüş cəsədini görür.

Elşad atasının cəsədi içində olan qırmızı yorğanı arxasına şələləyir.

Açdığı pəncərədən ehmallıca aşağı enib meşəyə doğru qaçır.

Keşikçilər tonqal qırağında oturub kart oynayırlar.

Bir qədər sonra inzibati binanı alov bürüyür.

Ancaq onda keçikçilər ayağa qalxıb əllərindəki silahlardan sağa-sola başıpozuq şəkildə atəş açmağa başlayırlar.

 

 

***

 

Elşadı Xankəndiyə ötürmüş qoca ləpirçi uzaqdan yanan həbsxananın tüstüsünü görür.

Qocanın üzündə sevinc işartıları yaranır.

Qoca: – Ay səni... qoçaq!..

 

 

***

 

Elşad “Şelli kəndi” yazılmış ünvan banerinin qarşısından keçir.

Artıq dan üzü sökülür.

Elşad qəbirləri dağılmış qəbiristanlığı tez tapır.

Axtarıb babasının sinə daşı sındırılmış qəbrini də tapır.

Elşad atası üçün babasının ayağı altında qəbir qazır.

O, atasını, nəhayət, torpağa tapşırır.

Cibindən çıxartdığı qara tuşla kiçik taxta parçasının üstünə atasının adını və soyadını yazır.

Taxta parçasını yenicə qazılmış qəbrin torpağına basdırır.

Əl telefonunu cibindən çıxarıb yandırır.

Telefonda Seyidin nömrəsini yığır: – Seyid, salam. Çox danışa bilmirəm. Siqnalı tutacaqlar. Atamı Ağdamda basdırdım. Babamın ayağının altında. Necə demişdim, elə! Sən şəhərcikdə atam üçün elə bu dəqiqə yas mağarı qurdur. Hamını da dəvət elə. Bütün şəhərciyi. Denən, Elşad atasını Ağdamda dəfn edib və onun üçün təzədən yas verir. İndi isə Quran oxu. Elə bərkdən oxu ki, atam burda eşitsin. Və bilsin ki, oğlu onu kəndinə qaytarıb. Mən qaçdım. Qismət olsa, görüşərik. Olmasa da, halal eləyin! Artıq sizin burada bir ziyarətgahınız var!

Elşad telefonunu qəbrin üstünə qoyub meşəyə doğru qaçır.

Seyid yanıqlı səslə qəbrin üstündəki telefonda avazla Quran ayələri oxumağa başlayır.

Səs bütün qəbiristanlığa yayılır...

Seyidin səsi: “ALLAHU ƏKBƏR... ALLAHU ƏKBƏR... BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM...

 Səs qəbiristanlığı adlayıb adamsız, teyflərin dolaşdığı bütün Qarabağa yayılır.

Çox keçmir, üzləri qara maskalı bir dəstə erməni əsgəri qəbiristanlığa girib atəş aça-aça telefondan eşidilən səsə doğru qaçır.

Onlar yenicə qazılmış qəbri tez tapırlar. Ermənilərdən biri yenicə qazılmış qəbrin üstündəki telefonu əlinə alıb qulağına tutur. Seyidin yanıqlı səsinə bir qədər qulaq asdıqdan sonra telefonu daşa vurub sındırır.

Erməni əsgəri: – Lənətə gəlmiş türklərin Quranını oxuyur! Telefon siqnalını beş dəqiqə bundan qabaq tutublar. Uzağa qaça bilməyəcək. Yəqin, meşədədir. İki-iki bölünün. Onu ancaq öz ərazimzidə vura bilərik. O taya keçdi, türklər qoymayacaq. Diri tutmayın, öldürün!

Erməni əsgərləri dəstələrə bölünüb Elşadın arxasınca qaçırlar.

 

 

***

 

Daşkəsəndəki Qaçqın şəhərciyinin mərkəzi meydanında qurulmuş yas mağarı.

Çadırda Elşadın atası Qafarın yas mərasmi keçirilir.

Yuxarı başda Seyid və daha iki ahıl kişi oturub. Seyidin oturduğu mizin arxasından asılmış xalçanın üstündə Elşadın atası Qafarın şəkli görünür.

Seyid: – Camahat. Qafarı iki saat bundan qabaq Ağdamda torpağa tapşırdıq. Elşad atasına verdiyi sözünü tutdu. Qəhrəmanlıq Qaf dağını yerindən dəbərtmək deyil ha. Bu, kinodur. Atanı vətənə qaytarmaq isə real qəhrəmanlıqdır. Bunu Elşad bacardı. Artıq bizim Qarabağda bir ocağımız, pirimiz var. Salavat zikr edin Qafarın ruhuna. Gör necə düz oğul tərbiyə edib.

Seyid Quranı açıb avazla oxumağa başlayır.

Seyid avazla: “Bismillahir-Rəhmanir-Rəhim... İza caə nəsrullahi vəl-fəth. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca!”

 

 

***

 

Elşad meşənin içiylə qaçır...

Ermənilər onu hər tərəfdən mühasirəyə alıblar.

Elşad meşədən axan kiçik çayı keçmək istəyərkən ayağı büdrəyib yıxılır.

Başı daşa dəyib əzilsə də, yenə ayağa qalxıb qaçır.

Qaçır.

Ermənilər atəş aça-aça arxadan onu qovurlar.

Nəhayət, meşədən çıxıb onu dağın ətəyində gözləyən qoca bələdçiyə çatdığı zaman arxadan açılan avtomat sırası Elşadı haqlayır.

Elşad aldığı güllə yaralarından qocanın əlində ölür.

Qoca ləpirçi cibindən çıxartdığı tapança ilə ermənilərə tərəf bir neçə dəfə atəş açır.

Ermənilər ləpirçi qocanı da atdıqları snayper gülləsi ilə vurub öldürürlər.

Ermənilər Elşadla qocanın öldüyünü tam dəqiqləşdirmək üçün onların meyitlərinin yaxınlığına gəlirlər.

Ermənilərdən biri Elşadın silahının olub-olmadığını yoxlayır.

Və onun silahsız olduğunu görüb heyrətlənir.

Həmin erməni üzünü o biri ermənilərə tutub: – Onun silahı yox imiş! O, bizim üstümüzə silahsız gəlibmiş! – deyir.

Digər erməni Elşadın yumulmuş ovcunu təpiklə vurub açır.

Elşadın yumulmuş ovcunda Şellidən götürdüyü torpaq görünür. Həmin torpaq onun barmaqları arasından yavaş-yavaş qum saatının dənələri kimi üzüaşağı süzülür.

Elşadın yumruğunu təpikləmiş erməni digərlərinə: – Onların silahı budur! Ona görə də ölümdən qorxmurlar! – deyir.

Ermənilər silahlarını çiyinlərinə atıb qorxa-qorxa meşəyə doğru qaçırlar.

 

 

***

 

Aylı gecə. Şelli qəbiristanlğı. Haradansa avazla oxunan Quran ayəsi eşidilir. Kamera yavaş-yavaş axtarıb eşidilən səsin mənbəyini aşkar edir.

Bu, Elşadın erməni əsgərləri tərəfindən sındırılmış telefonudur. Atasının qəbri üstündə Seyidin göndərdiyi mesajla açılıb.

Seyidin avazla oxuduğu Quran qəbiristanlığı adlayıb bütün Qarabağa yayılmaqdadır.

Seyid: – Qul auzu birrəbin-nas. Məlikin-nas. İləhin-nas. Min şərril vəsvəsil-xənnas. Əlləzi yuvəsvisu fi südurin-nas. Minəl cinnəti vən-nas.

Elşad... hardasan? Bayaqdan zəng edirəm, telefonu açmırsan. Ona görə sənə mesaj atıram. Atanın yası əla keçdi. Hamı burdaydı. Gəncədən belə gəlmişdilər. Atana da, sənə də rəhmət oxudular. Əməlinlə diriykən rəhmət qazandın, ay oğul. Üzün ağ olsun. Qayıdanda birinci bizə gələrsən. Nənən sənə plov dəmləyib. Üstündə də mənə gətirdiyin xanəndə qaz!

Seyidin son sözü qəbiristanlıqda bitmiş yabanı ot-qanqal içində qızaran kökü torpağa möhkəm bağlı olan qızıl lalələrin üstündə bitir...

Qədim qəbirlərin fonunda kökü torpağa möhkəm bağlı olan qızıl lalələr külək altında kiçik bayraqlar kimi dalğalanır.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.