“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (9-cu paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

9

 

Qaçqın şəhərçiyi. Qürub çağı. Rejim.

Elşadla anası evlərinin qarşısındakı köşkdə oturublar.

Anası gərgindir. Tələsə-tələsə danışır: – Bacına elçi gəlmək istəyirdi, dedim, hələ gəlməsin!

Elşad: – Bir elçimiz əskikdi!

Elşadın anası: – Mən də elə dedim. Dədəsi itmiş qıza elçi gələrlər?

Elşad: – Kimdir? Qohumlardandı?

Elşadın anası: – Yox. Hospitalda görüb Ceyranı! İndidən deyirəm ki, biləsən. Sən tərs nəsildənsən. Sonra deyərsən mənə niyə əvvəldən deməmişdiz. İşi pozarsan. Gədənin dili laldır!

Elşad: – Nətər laldı? Lap elə laldı?

Elşadın anası: – Yox, müharibədə qorxub, dili tutulub uşağın!

Elşad: – Bəs nətər danışıblar? Müharibədən əvvəl?

Elşadın anası: – Yox e, təzəlikcə. Sən Ağdama gedəndə onu da hospitala gətiriblərmiş.

Elşad: – Müharibəyə gedibsə, yaxşı adamdır! Allah xeyir versin!

Elşadın anası: – Hələ Ceyrana demə. Özünü dambat tut. Belə tez razı olma. Sabah bacının da qiyməti ər evində olmaz. Evin böyüyüsən! Görək atanın işi necə olur. Sonra elçi gələndə də hələ bir-iki dəfə fikirləşərsən. O dəqiqə hə deməzsən. Axırda da verərik gedər. Gördün də uşağımın yığvalını. Ceyrana Ağdama getmək qismət olmadı.

Elşad: – Haralıdı oğlan?

Elşadın anası: – Qəbələdəndir!

Elşad: – Qələbədən sonra Qəbələ də gəldi. Qaldı atamın işi!

 

DTX-nin Daşkəsən rayon şöbəsi.

Elşad mülki geyimli əməliyyatçının otağında ayaq üstə dayanıb.

Əməliyyatçı kabinetdəki iş masasının arxasında oturub.

Əməliyyatçı: – İndi sənə deyəcəklərimi istintaq sirridir deyə deməməliydim. Amma səni tam araşdırmışam. Sərhədi necə və kiminlə keçdiyinə qədər. Bilirəm ki, düz adamsan! Qırmızı Xaç Komitəsində baronessa Van de Kertxof soyadlı qadın işləmir! Heç zaman da işləməyib. Ya sən yalan deyirsən, ya sənə yalan deyiblər. Ermənistan səni geriyə, çox güman ki, kəşfiyyat materialları toplamaq üçün göndərib. Səndən istifadə olunacaq. Atanı da ona görə girov kimi saxlayıblar. İş yerində səni tərifləyirlər. Əsgərlikdən də yeni qayıtmısan. Komandirlərin də sadiq adam olduğuna and içirlər. Bəs bu nədi belə? Ölkənə qarşı casusluq etməyə razılıq vermisən?

Elşad: – Göndərin məni geriyə. Bir dənə də avtomat verin. Gerisi ilə işiniz olmasın. Erməni kimdir ki, mən ona işləyəm? Siz məni nə sayırsız?

Əməliyyatçı: – Yaxşı, atanı sənə göndərəcək o baronessa ilə necə əlaqə saxlayacaqdın?

Elşad: – Telefonla. Mənə telefon veriblər. İlkin izahatımda yazmışam ki! Telefonu da sizə təhvil vermişəm!

Əməliyyatçı: – Baronessanın telefon nömrəsini sənə veriblər?

Elşad: – Özləri mənə zəng vuracaqdılar. Dedilər ki, telefonu həmişə üstündə gəzdir. Atan tapılanda sənə zəng vurub deyəcəklər!

Əməliyyatçı mizin yeşiyindən Elşadın Xankəndidən gətirdiyi cib telefonunu çıxarır.

Əlində tutduğu telefona diqqətlə baxdıqdan sonra həmin telefonla özünün cib telefonunun nömrəsini yığır. Və telefonları yan-yana tutub Elşada göstərir.

Həmin telefondan əməliyyatçının telefonuna edilmiş zəngin səsi çalındıqca Elşada verilmiş telefon sanki şəkil çəkirmiş kimi bir saniyədən bir işıqlanmağa başlayır.

Əməliyyatçı: – İndi başa düşdün? Sən hara gedirsənsə, harda olursansa, telefonuna gələn zənglər həmin yerlərin şəkillərini çəkir. Və sən özün istəmədən olursan erməni casusu.

Elşad: – İndi nə olacaq?

Əməliyyatçı: – İndi heç nə olmayacaq. Sən narahat olma. Sən bura gələndən onlara feyk xəbərlər göndəririk.

Elşad: – Deməli, baronessa da yalançı imiş?

Əməliyyatçı: – Əlbəttə yalançı imiş. Səni kəşfiyyata cəlb etmək üçün “leqenda” düşünüblər!

Elşad: – Bəs atam necə olacaq?

Əməliyyatçı: – Atan onlardadır. Biz onların təklif etdiyi bu oyunu axıra qədər həmin şərtlərlə oynayacağıq. Səni də onlar necə “V temnuyu” oyuna qatıblar, biz də eləcə qəbul edəcəyik. Sonrası isə bizlikdir!

Elşad: – Məni silahlandırın geri dönüm. Şübhələrinizə son qoyum!

Əməliyyatçı: – Sonra sənə hansı təlimatlar verilib?

Elşad: – Başqa heç nə. Ancaq bu telefonu veriblər. Deyiblər ki, saxla. Sənə zəng ediləndə cavab verərsən. Zəng edən adam nə desə, onu da eləyərsən. Sonra isə bu telefonu qaytararsan həmin adama! Əvəzində da sənə atanın cəsədinin yerini deyəcək!”

Əməliyyatçı: – Sənə verilən bu tetefon daim nəzarətdədir. Səni buraxıram. Get! Onlardan gələcək zəngi gözlə. Onlarla əlaqəyə gir. Gerisi ilə işin olmasın. Gerisi mənlikdir!

Əməliyyatçı əl telefonunu Elşada qaytarır: – Sabahdan işə çıx. Adi həyatına qayıt! Toya, yasa get. Adamlara qarış. Qoy səndən şübhələnməsinlər.

Elşad otaqdan çıxdıqdan sonra əməliyyatçı daxili telefonunun dəstəyini qaldırır.

Əməliyyatçı telefona: – Səfərovu gecə-gündüz nəzarətdə saxlayın. İyirmi dörd saat. Torbada, deyəsən, çox böyük pişiklər var.

 

 

***

 

Elşad işdədir. Mədən yatağında əlindəki elektrik külünglə sal qayanı yarır.

Ətrafındakı fəhlələr də dinməzcə işləyirlər.

Nahar zamanı. Fəhlələr yatağın kiçik səyyar mətbəxində nahar edirlər.

Elşad yanında oturmuş fəhlə dostu ilə nahar edə-edə söhbətləşir.

O, əlində tutduğu çörəyə bir dişləm vurub üzünü fəhlə dostuna tutur:  – Atam hər gecə yuxuma girir. Ruhu sərgərdandır. Necə olur-olsun onu basdırmalıyam ki, rahatlıq tapsın!

Dostu: – Heç olmasa saxlandığın həbsxananın yerini xatırlayırsan?

Elşad: – Belə də... qaranlıq. Amma Xankəndidə olduğunu dəqiq bilirəm. Göz yaddaşım da yaxşıdır. Dağları görən kimi tapacam. Buna əminəm!

Dostu: – Rəhmətlik son dəfə harda idi?

Elşad: – Həbsxanada məni dindirən müstəntiqin otağında! Onlar analiz götürmək üçün kəfəni yırtmışdılar. Sonra özümə iynəylə tikdirdilər. Elə orda olacaq. Kimdir götürən? Öz əlimlə dolabın küncünə qoymuşdum. Ermənilər kəfənə əl vurmaq istəmirdilər ki, xəstəlik taparlar. Bəlkə də iyrənirdilər...

Dostu: – Ən böyük mikrob elə özləridir ki... Aləm onlardan iyrənir!

Elşad: – Deyirəm, həyatda qəribə işlər olur e. Atamın ölməyinə indi sevinirəm. Sağ olsaydı, qorxacaqdım ki, ermənilər onu öldürər. Ölüb deyə daha ölməyindən qorxmuram. Sakitəm. Onu Allaha tapşırmışam. Bircə itməyindən qorxuram!

Dostu: – Sənin işin də Allaha qalıb, vallah!

Elşad: – Doğurdan Allaha qalıb e... Sən mənim taleyimi yaşaya bilən başqa bir adam təsəvvür eləyə bilirsən? Atanı qəbirdən çıxarasan ki, aparıb vətənində basdıracaqsan... sonra da basdıra bilməyəsən, qala çöldə! Düşmənlərin ölmüş atanı girov götürüb səni öz məqsədləri üçün istifadə etmək istəsin.

Dostu: – Ağsaqqal nə deyir?

Elşad: – Deyir, hökumətdən kağız al ki, atan müharibə zamanı itkin düşüb. Sənə onun təqaüdünü təşkil edək!

Dostu: – Düz deyir də. Elə olub da. Sən ermənilərə əsir düşəndə atan səninlə deyildi? Deməli, o da səninlə birgə ermənilərə əsir düşüb də. Düşüb nədir e, kişi bu gün əsirlikdədir. Hara fırlatsan, sənin işin qeyri-adidir. Fikir ver e... Ölmüş adam əsir düşür... Heç yerdə heç zaman belə bir iş olmayıb. Heç ola da bilməz!

Nahar zamanı bitir. Fəhlələr bir-bir ayağa qalxırlar.

Fəhlələr ayaqla qızıl yatağına doğru gedirlər.

Elşad da dostu ilə birlikdə qızıl yatağına doğru gedir.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.