“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (4-cü paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

4

 

Gecədir. Elşad “QAZ 69”-un sükanı arxasında oturub maşını idarə edir. O, kənarları işıq dirəkli geniş magistral yolla geriyə, Daşkəsənə qayıdır.

Maşınını iri hərflərlə AĞDAM, GƏNCƏ, DAŞKƏSƏN yazıları yazılmış, müxtəlif istiqamətlərə dönmək işarəsi görünən yolayrıcında  saxlayır.

Bir müddət susub şəhərlərin adları yazılmış dəmir lövhəyə baxır və nə edəcəyini bilmir.

Yol işarəsi Daşkəsənə getmək üçün sağa, Ağdama getmək üçün isə sola dönmək lazım olduğunu göstərir. Elşad seçim edə bilmir. Çaşıb qalıb.

Nəhayət, mühərriki işə salıb Daşkəsən yoluna dönür.

Sürətlə maşınını Daşkəsənə tərəf sürür.

Bir qədər getdikdən sonra nə düşünürsə, qəfil əyləci basır.

Maşını yoldan kənara çəkib saxlayır. Arxaya çevrilib “atası” ilə danışır: – Allah sənin kimi sakit adama özün kimi bir sakit ölüm niyə qismət eləmirdi, görəsən? Adam atasını neçə dəfə torpağa gömər? Səni geri qaytarıb köhnə qəbrinə bir də öz əlimlə necə basdırım? El üzümə tüpürməz mənim? Deməz ki, atanı boş yerə niyə qəbrindən çıxarıb gorbagor eləyirdin? Uzanmışdı da dinməzcə qəbrində. Bu nə oyun idi açırdın onun başına? Səni bir də Daşkəsəndə basdırsam, adamların üzünə necə baxaram? Yox, ata. Daha geriyə yol yoxdur. Səni ancaq Ağdamda torpağa basdıracam. Ondan sonra nə olacaqsa, qoy olsun. Bir az da döz!

Maşından aşağı düşür...

Əl telefonunu cibindən çıxarıb kiməsə zəng vurur: – Bəşir, salam! Elşaddır. Sənə bir işim düşüb!

Maşına minib geriyə, Ağdama tərəf yol alır...

 

 

***

 

Hərbi hospitalın həyəti. Günəşli bir gündür.

Elşadın bacısı əsgər Rüstəmzadənin qoluna girib gəzdirir. Onlar hospitalın həyətindəki çiçəkli bağçada Rüstəmzadənin ayaqları açılsın deyə gəzirlər.

Rüstəmzadə üzdən yaxşı görünsə də, hələ axsayır. Dili də hələ açılmayıb.

Onlar sıra ilə düzülmüş taxta skamyaların yanından keçəndə Rüstəmzadə ayaq saxlayır.

Rüstəmzadə Elşadın bacısına əl işarəsi ilə oturub bir az dincini almaq istədiyini bildirir.

Elşadın bacısı Rüstəmzadəni taxta skamyaya əyləşdirir. Özü də onun yanında oturur.

Rüstəmzadə ilə Elşadın bacısı bir müddət skamyada dinməz otururlar.

Birdən Rüstəmzadə əyilib yerdən xırda daş götürür. Onu uşaq kimi ovcunda gizlədir. Sonra hər iki əlini kürəyinin arxasına aparıb daşı bir əlindən o biri əlinə ötürür. Ondan sonra hər iki əlini yumulmuş şəkildə Elşadın bacısının qarşısında cütləyir.

Elşadın bacısı müharibənin od-alovundan keçmiş bu əsgərin birdən-birə belə sadəlövhcəsinə uşaq oyunu oynamaq istəyini əvvəlcə anlamır. Sonra onun uşaq saflığı ilə alışıb-yanan gözlərini görüb bircə anlıq reallığı itirir. Və əlini Rüstəmzadənin iri yumruqlarından birinin üstünə qoyur.

Elşadın bacısı Rüstəmzadənin xırda daş gizlənmiş sağ əlini düzgün tapır.

Daşın düzgün tapılması əsgər Rüstəmzadəni aşırı sevindirir. O, ürəkdən sevinib gülür.

Rüstəmzadə qəfil nəyi isə xatırlayıb gülüşünü kəsir və ayağa qalxıb axsayaraq hospitalın əsas korpusuna tərəf yeyin-yeyin gedir.

Elşadın bacısı Rüstəmzadənin nə etdiyini, nəyə sevindiyini və niyə belə tələsərək palataya qayıtmaq istədiyini anlamır. Ayağa qalxıb çaşqın halda Rüstəmzadənin arxasınca qaçır.

Onun qoluna girir ki, səndələyib yıxılmasın.

Qoluna girdiyi an başını qaldırıb onun gözlərinin içinə baxır.

Rüstəmzadənin gözləri yaşlıdır...

Elşadın bacısının üzündə əvvəlcə təəccüb, sonra isə ilıq təbəssüm yaranır.

O, titrəyən əlləri ilə Rüstəmzadənin hələ də xırda daşı tutduğu sağ əlini sığallayaraq gülümsünür.

Və hospitalın əsas korpusuna qədər Rüstəmzadənin əlini əlindən buraxmır.

 

 

***

 

Elşad qaranlıq kənd yolunun kənarında maşınını saxlayır. Maşının işıqları boş çöllüyə düşür. O, həyəcanla işığın düşdüyü çöllüyə doğru baxır.

Nəhayət, maşının işıqları düşən boş çöllüklə yola doğru “CİP NİSSAN” markalı maşının gəldiyi görünür.

Maşın Elşada yaxınlaşıb dayanır. İçindən əsgər şinelli, elə özü yaşda bir oğlan düşüb Elşada tərəf gəlir.

Qucaqlaşıb görüşürlər.

Maşından düşən oğlan əlində tutduğu ov tüfəngini və pul paketini Elşada uzadır.

Elşad: – İşləyib qaytaracam! – deyir.

Yenidən qucaqlaşırlar.

Oğlan: – Ləpirçinin adı Məciddir. Səni hara lazımdır, ora qədər aparacaq. Zəng vurub demişəm. Arxayın ol. Səni gözləyir. İşin avand olsun! Sağ-salamat qayıt!

 

 

***

 

“QAZ 69” markalı maşın magistral yoldan çıxıb çöllük əraziyə düşür.

Elşad boş çöllükdə toz qaldıra-qaldıra bir müddət yol gedir.

Artıq gecə düşüb.

Maşını köhnə daxmanın qarşısında saxlayır. İşıqlarını üç dəfə yandırıb-söndürür.

Daxmadan yaşlı olsa da, canı sulu bir kişi çıxıb ona yaxınlaşır. Elşad əsgərlik dostundan aldığı pul paketini kişiyə uzadır. Kişi pulu alıb saydıqdan sonra şalvarının arxa cibinə qoyur.

Kişi Elşadın maşınına əyləşir.

Kişi: – Dostun zəng vurmuşdu. Risk edirsən. Çox qarışıq vaxtdı. Niyyətini soruşmuram. Öz işindi. Səni gizli yollarla Ağdama çıxarıb geri dönəcəm. Qalanı sənlikdir!

Elşad: – Sən məni əraziyə sal. Gerisi ilə işin yoxdur!

Kişi köhnə maşında təhlükəsizlik kəmərini axtarır ki, çiynindən aşırıb bağlasın. Elşad kişinin nə istədiyini anlayır.

Elşad: – Kəmərim yoxdur. Amma arxayın ol! Beş yaşından maşın sürürəm!

Qoca: – Erməniyə arxayın deyiləm e... sənə arxayınam! Mina çoxdur çöllərdə!

Elşad: – Allah istəyənə heç nə olmaz!”

Qoca: – Kəməri də Allah yaradıb da, a bala! Ayağına dəyən daşı da Allahdan bil. Doğurdan atanı Ağdama basdırmağa aparırsan?

Elşad maşını işə salır.

Onlar maşın gedə-gedə danışırlar: – Doğurdan!

Qoca: – Cin buyurub sənə? Nə fərqi var, a bala. Elə bura da Qarabağdır da, burda basdır da dədəni, tərsliyinə niyə salmısan?! Gərək elə Ağdama gedəsən? Gedib düşəcəksən minaya, atan da qalacaq çöllərdə, özün də!

Elşad: – Rəhmətlik deyərdi ki, “oğullar üçün dədə-baba qəbirləri müqəddəs ziyarətgaha çevrilməyincə vətən vətən olmur”. Ağdamda atam yoxdursa, məni ora nə bağlaya bilər? Heç nə! Vətən həm də atalarımızın qəbirləridir!

Qoca: – Ya sən çox ağıllısan, ya mən dəliyəm!

Elşad: – Nə sən dəlisən, nə də ki, mən ağıllıyam. İşdir də, hər ikimiz düşmüşük. Bacarırsan, köməy elə çıxaq!

Qoca: – Bəri bax, yəqin, sən Ağdamda qızıl yeri bilirsən. Atan da bəhanədir. Qızılı qazıb çıxarmağa gedirsən.

Elşad: – Yox, əksinə, qızılı basdırmağa aparıram! Odey, külçə qızılım arxa oturacaqda gör necə işıldayır! Hər sözü bir ləl idi rəhmətliyin!

Qoca çevrilib arxa oturacağa baxır.

Və Elşadın qırmızı yorğana bükülü atasının nəşini görür.

Qoca: – Söndür işıqlarını. Səddi keçirik!

 

 

***

 

Elşad və qoca işıqları sönülü köhnə “QAZ 69” ilə gizli yollarla Ağdama doğru gedirlər.

Onlar azad olunmuş ərazilərdə qurulmuş hərbi postları dağ yolları ilə aşıb ilk hərbi səddi adlayan zaman artıq günəşin də səmada izləri görünür. Səhər açılır. Elşad maşını qocanın göstərişi ilə tanımadığı bir kəndin girəcəyində, kiçik təpənin ayağındakı kahanın ağzında saxlayır.

Qoca: – Maşını kahaya sal!

Elşad maşını dinməzcə kahaya salır.

Elşadla qoca maşından aşağı düşürlər.

Qoca: – Burdan o yana maşınla getmək daha mümkün olmayacaq. Dronlar göydən izləyir, görərlər. Maşını burda saxla. Mən də burdan geri dönürəm. Ancaq gecələr yol gedərsən. Mənim xəritəm yoxdur sənə verim. Ağdam, bax, bu tərəfdədir. Düzünə gedərsən. Sağa-sola dönmə ha. Yoldan da çıxma. Eşidirsən, yoldan çıxma ha. Sənin ayağınla sabaha Ağdama çatacaqsan. Nə idi kəndinin adı?

Elşad: – Şelli!

Qoca: – Olmusan heç kəndində?

Elşad: – Yox, olmamışam. Amma atam o qədər danışıb ki, bütün evlərini, yollarını əzbər bilirəm. Tapacam!

Qoca: – Şelliyə Ağdamdan da yol var. Belə də. Sən Ağdamdan get. Bu biri yolu dağıdıblar. Qarşındakı erməni kəndidir. Qoyub qaçıblar. İstədiyin evə gir, gecəni gözlə. Gündüz vaxtı burnunu da çölə çıxarma. Minalardan ehtiyatlı ol. Çalış tapdanmış yollarla gedəsən! Maşına dəymə. Bura dron uçurmurlar. Ruslar bu kəndi xəritəyə salmayıb. Görünür, gələcəkdə burda özləri üçün nəsə tikəcəklər.

Qoca ilə Elşad qucaqlaşırlar.

Qoca Elşadın ona verdiyi pul zərfini cibindən çıxarıb maşına qoyur: – Bağışla... əvvəl elə bildim həlləm-qəlləm adamsan! Səni yolda tanıdım. Vallah, yaşım imkan versəydi, səninlə sona qədər gedərdim. Yük olacam deyə getmirəm! Halal elə! Pulu da götürmürəm. Kişinin üstünü götürdərsən. Məndən yadigar olsun! Telefon işlətmə ha! Telefon burda tələdir! Yandıran kimi dronla tutacaqlar!

Elşad: – Halal elə, dayı. Hələ səninlə görüşəcəyik!

– Nə qədər günəş çıxmayıb, mən geri dönürəm. Haydı, bala! Görüşənə qədər!

Qoca ayağını çəkə çəkə yolun sonunda görünməz olana qədər Elşad baxışları ilə onu ötürür.

Elşad atasının sümüklərini maşından düşürüb qırmızı güllü yorğana büküb kürəyinə şələləyir.

Maşından kiçik çantasını və ov tüfəngini də götürüb qaça-qaça yolun üstündəki birinci evə girir.

İçəri tör-töküntü olsa da, kənd evi Elşada yaxşı görünür. Hiss olunur ki, müharibəyə qədər burada o qədər də kasıb olmayan ailə yaşayıb. İri otağın mebeli, döşəməyə sərilmiş xalçalar bundan xəbər verir.

Elşad güllü yorğanı kürəyindən açıb dəhlizdəki divanın üstünə qoyur. Sonra evin içində gəzir. Sadə, artırmalı kənd evidir. Sobasından bəlli olur ki, ən azı iki ay var evdə insan yaşamayıb. Kənddə elektrik olmadığından soyuducunun içindəki ərzaqlar xarab olub. Ərzaqların üfunət qoxusu bütün evə yayılıb.

Evi bacardığı qədər sahmana salır. Kiflənmiş ərzaqları arxa pəncərədən çölə atır. Zirzəmidən ağzı açılmamış tutma və mürəbbə balonları ilə birgə bir şaqqa qaxac ət də tapır. Zirzəminin daha isti və təhlükəsiz yer olduğunu anladıqdan sonra yorğanı qucağına alıb ora endirir.

Zirzəmidən tapdığı mürəbbədən bir-iki qaşıq yeyəndən sonra döşəməyə uzanıb gözlərini yumur.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.