“Turan” (13-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

Titr yazı. 1921-ci il. Gürcüstan. Sarp.

“Agit teatr” köçü tozlu kənd yolu ilə gedir...

Ravi-aşıqla onbaşı İzzət arabada oturub.

At tanınmaz şəkildə çullanıb...

Mələk qanadlı qız arabanın arxasınca gələ-gələ onbaşı İzzətə sevgi ilə baxır.

Onun baxışlarında gizlədilmiş sevgi qığılcımları dolaş­maq­dadır.

Gecədir. Köç yatıb. Ətrafda iri tonqal yanır...

Mələk qanadlı aktrisa arabada yatmış onbaşı İzzətə yaxın­laşıb onu yuxudan oyadır...

Onbaşı İzzət arabadan torpaq üstünə düşür...

Mələk qanadlı aktrisa barmaqları ucunda dikəlib hündür boylu onbaşı İzzətin qulağına: – Səndən igid oğul istəyirəm, – pıçıldayır...

Mələk qanadlı aktrisa yenə barmaqları ucunda dikə­lib onbaşı İzzətin dodaqlarından öpür...

Onbaşı İzzət qızı özündən kənara itələyir: – Belə olmaz. Bu, kişilikdən deyil.

O, qızdan uzaqlaşıb arabalara tərəf gedir.

Tonqalın kənarında oturur.

Mələk qanadlı qız ona yaxınlaşır:

– Ya bu gün, ya sabah çıxıb gedə­cək­sən... Mən kimdən uşaq doğacam?.. Bu yalançı­lardan?.. Mərdlik və qeyrət atadan oğula keçir... Milli ənə­nə belə yaranır da... Sabahı düşünmürsən?

Onbaşı İzzət: – Belə olmaz... Ənənəyə uyğun olma­lıdır... Qoy Bakını azad edək, evlənərik.

Qız aşağı çömbəlib başını onbaşı İzzətin çiyninə söykəyir.

Mələk qanadlı qız: – Neçə yaşından döyüşürsən?

Onbaşı İzzət: – On dörd yaşımdan.

Mələk qanadlı qız: – Sevdiyin qız var?

Onbaşı İzzət: – Sevdiyim Osmanlı və var olacaq Turandır. Mən torpağımı sevdim.

Mələk qanadlı qız: – Qadın deyirəm...

Onbaşı İzzət: – Bu illərdə bircə gün də olsun rahat çar­pa­yıda yatmadım, harda qadın gördüm ki, sevəm də?

Mələk qanadlı qız: – Məni sevdin?

Onbaşı İzzət: – Mənimçün borc sevgidən irəlidir... Sabah ölkəm yaşasın deyə mən bugünümü qurban ver­dim.

Mələk qanadlı qız köksünü ötürüb onbaşı İzzətin üzünə baxır...

Mələk qanadlı qız: – Mənim günahım nədir bəs?

Onbaşı İzzət: – Türk olmağın.

Mələk qanadlı qız: – Səni kim belə tərbiyə etdi?

Onbaşı İzzət: – Paşam, bir də dost itkiləri...

Mələk qanadlı qız ayağa qalxıb tonqalın kənarında pan­tomim rəqsi edir...

Onbaşı İzzət maraqla Mələk qanadlı qızın rəqs etməsinə baxır...

 

***

Titr yazı. 21 oktyabr. 1918-ci il. Bakı.

Hürriyyət meydanı.

Nuru paşa, Mürsəl paşa, Cəmil Cahid bəy, Nazim bəy, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov ön sırada daya­nıblar. Məmməd Əmin Rəsulzadə Qafqaz İslam Ordusu­nun zabit və əsgər heyəti qarşısında çıxış edir.

Məmməd Əmin Rəsulzadə: – Qafqaz İslam Ordusu tarixi görəvini yerinə yetirib tərəfimizdən ləğv edildi. Onun əvəzinə Milli Ordumuz yaradıldı. Ferik Nuru paşa Azərbaycan ordusu­nun komandanı təyin edildi. Milli Ordu qurduğumuz dövlətin qarantıdır. Nuru paşanın ordu quruculuğu işindəki səriştəsinə güvənib gələcəyə ümidlə baxıram, cənablar.

Məmməd Əmin Rəsulzadə nitqini bitirir.

Nuru paşa Milli Ordu əsgərlərinin qarşısına keçir.

Nuru paşa: – Adımızı düşmənə görə dəyişdik. Dost­lar üçün həminiz. Böyük Turan yolunuzu gözləyir, aslanlarım”.

Nuru paşa at belində Milli Ordunun önünə keçir.

Hərbi parad başlayır...

Milli Ordu fəxri qonaqların da dayandığı mərkəzi tribu­na­nın önündən keçib gedir...

Milli Ordu əsgərlərinin mərd üzləri...

 

***

Titr yazı. Gürcüstan. Axıska. 1921-ci il.

Axıska türklərinin yaşadığı kənd...

Kosa, Mələk qanadlı qız və daha iki aktyor səhnə­nin tən ortasında dayanıblar...

Kənd sovetinin sədri iki bolşevik komandirlə bir­likdə birinci sırada əyləşib.

Səhnədə balaca boylu Mehseti dədəsi şeir deyir:

 

Murad daday nerədə?

Su axtarır, derədə.

İnci boncuk boynunda,

Bir dənə kızın koynunda.

 

Dədə şeiri bitirən kimi kəndlilər əl çalırlar.

Mehseti dədəsi keçib yerində əyləşir...

Kosa: – Daha kim şeir demək istəyir?

Ravi-aşıq səhnəyə daxil olub Kosanın sözünü kəsir: – Şeir zamanı bitdi. Bu ildən Gürcüstan Sovet Sosialist Respublikasında sizin üçün rus dilində məktəblər açılacaq. Əskilərdə olduğu kimi, daha türk di­lində danış­ma­yacaqsız. Gördünüz Türkiyə sizi necə atıb qaçdı. Onlar indi öz haylarındadırlar. Bizi fikirləşmirlər. Sizi tox və savadlı gör­mək istəyən ancaq Şura hökuməti oldu. Ona görə ki, bu höku­mətin padşahı, mollası yoxdur. Bu hökumətdə hamı padşahdır. Hərə özü üçün həm padşahdır, həm nökər.

Kəndlilərdən biri: – Necə olur bu?

Ravi-aşıq: – Mən də sizə elə bunları anlatmaq üçün tama­şa göstərirəm. Bax, bu qız mələkdir, göydən enib. Kosanı da ki, tanıyırsız da, yəqin? Kosa ilə bu mələk qızın danışığını dinlə­səniz, sizə hər şey aydın olacaq. Gəl görüm, qızım. Görün Kosa göy üzünün mələklərini necə komsomola dəvət edəcək.

Mələk qanadlı qız sıraların qarşısından keçib Ravi-aşığa yaxınlaşmaq istədiyi zaman ön sırada oturmuş bolşevik komandirlərindən biri onun qolundan tutub özü­nə sarı çəkir.

Komandir: – Bura gəl görüm... Sən nə dadlı mələk­sən...

Mələk qanadlı qız dartınıb komandirin əlindən çıxmaq istəyir.

Bunu görən Kosa qorxa-qorxa komandirə yaxınla­şıb qızı onun əlindən xilas etməyə çalışır.

Uzaqdan bu səhnəni izləyən onbaşı İzzətin yumruq­ları düyünlənir...

Ravi-aşıq da komandirin bu hərəkətindən narahat olub Mələk qanadlı qıza yaxınlaşır.

Ravi-aşıq: – Cənab komandir, mələyimizi buraxın... Sizdən xahiş edirəm, – deyir.

Sözünün yerə düşdüyünü görən komandir tapan­çasını çıxarıb qolundan tutmuş Kosanı güllə ilə vurur.

Və birdən-birə hamı komandirin aşırı kefli olduğunu görür.

Komandir səndirləyə-səndirləyə ayağa qalxıb tapançanı onbaşı İzzətin atına tuşlayır.

Kosa aldığı güllə yarasından yerdə qıvrılır...

Onbaşı İzzət dözməyib komandirə tərəf gedir...

Komandir bu dəfə tapançasını Mələk qanadlı qızın başına dayayıb: – Mənimlə yatmalısan, – deyə bağıırır.

Onbaşı İzzət komandirə yaxınlaşır.

Bir göz qırpımında komandiri qaldırıb başı üstün­dən yerə çırpır.

Komandir yerə yıxılan zaman tapançasından atəş açılır...

Güllə Mələk qanadlı qızın başına dəyib onu öldü­rür...

Mələk qanadlı qız yerindəcə keçinir...

Onbaşı İzzət komandiri əlləri ilə boğub öldürür.

İkinci bolşevik komandiri isə kəndlilər güllə ilə vurub öldürürlər...

Mələk qanadlı qızın dekor qanadlarını çıxaran onbaşı İzzət...

Mələk qanadlı qızın açıq gözləri...

Onbaşı İzzət mələk qanadlarını atının yəhərinə pər­çim­ləyir...

Axıska türkləri öldürülən komandirləri arabaya yük­ləyib dərəyə tərəf aparırlar...

Kənd sovetinin sədri arabaların qarşısında dizi üstə oturub kəndlilərə yalvarır.

Kənd sovetinin sədri: – Məni də öldürün, sizdən xahiş edirəm... Öldürməsəniz, gedib sizi satacam.

Onbaşı İzzət kənd sovetinin sədrinə yaxınlaşıb onu yerdən qaldırır...

Arabalar yerindən dərəyə tərəf tərpənir...

Onbaşı İzzət: – Sən heç mələklərin göyə çəkildiyi anı görmüşdün?

Kənd sovetinin sədri onbaşının sözlərindən heç nə anlamır...

Onbaşı İzzət: – Sən ancaq insanın itə çevrildiyi anı görmüsən.

Kənd sovetinin sədri yenə heç nə anlamır...

Onbaşı İzzət kənd soveti sədrinin xirtdəyindən tutub Mələk qanadlı qızın cəsədi üstünə gətirir.

Onbaşı İzzət: – Bax, mələklər göyə çəkiləndə belə olurlar. Bax və anla...

Kənd sovetinin sədri dizi üstə yerə çöküb ağlamağa başlayır...

Onbaşı İzzət yerə tüpürüb “Agit teatr”ın arabalarına doğru gedir...

 

 “Ədəbiyyat və incəsənət”

(02.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.