Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Qarabağ. 1921-ci il. Dekabr.
“Agit teatr”ın köçü...
Onbaşı İzzət ağaca söykənərək oturub.
Aktyorlar arabalarda yatırlar...
At diqqətlə arabaların üstünə atılmış qırmızı örtüklərə baxır...
Ravi-aşıq onbaşı İzzətə yaxınlaşıb yerə çöməlir: – Mənimlə birlikdə aktyorluq eləyəcəksən. Burda ancaq yalanla yaşaya bilərsən. Doğru səni öldürər. Bolşeviklər əllərində çıraq səni gəzir. Al, bu da sənədin. Adın Vartapetdir.
Onbaşı İzzət: – Bu nə addır? Fərli müsəlman adı tapa bilmirdin?
Ravi-aşıq: – Bu ad səni daha çox qoruyacaq. Bu gün Vartapetlər dəbdədir. Sənə uyğun səhnələr yazacam. Türk paşasını oynayacaqsan. Belə-belə, Allaha təvəkkül, başımızı girləyəcəyik.
Onbaşı İzzət: – Haçana qədər?
Ravi-aşıq: – Gələn dəfəyə qədər.
Onbaşı İzzət: – Məni Türkiyə sərhədlərinə doğru apar. Gerisi ilə işin olmasın. Səni, yəqin ki, sərhədlərdə saxlamırlar. Yolda nə desən, edərəm. Ora çatana qədər danışmaram da.
Ravi-aşıq mələk qanadları olan qızı yanına çağırır.
Ravi-aşıq: – O atın quyruğunu hör. Üstünü də çulla. Sonra yük arabasına qoş. Gözlərini də bağla. Sağa-sola çox baxır. Bu gözəl oğlana da cırım-cındırdan-zaddan geyindir. Uzun sözün qısası, elə et ki, atı da, özü də tanınmasın. Səhər Qazaxdan Gürcüstana keçirik... Borçalı çökəyinə...
***
Titr yazı. 1918-ci il. Bakı ətrafı. Binəqədi kəndi.
Nuru paşanın qərargahı.
Nuru paşa masa arxasında oturub. Nazim bəy ayaq üstədir. Qafqaz İslam Ordusunun əsgəri Qoçu Nəcəfqulu ilə birlikdə Nuru paşanın qərargahına daxil olur.
Əsgər: – Paşam, Könüllü Azərbaycan korpusunun döyüşçüsü Qoçu Nəcəfqulu hüzurunuzdadır. O, Azərbaycan naminə on yeddinci ildən bəri döyüşür. Yerli relyefi müəyyən etməkdə bizə yardımçı olacaq. İcazə verin gedim.
Nuru paşa: – Adını çox eşitmişəm. Qafqaz İslam Ordusu adından sənə minnətdaram.
Qoçu Nəcəfqulu: – Mən öz şəhərimi, adımı və qadınların namusunu qorumuşam. Dədə-babadan nə görmüşəm, onu götürmüşəm. Bakı işğal altındadır. Adamları heç nədən öldürürlər. Mənə silah və adam ver, özüm gedim o dığaları qırım. Belə olmaz. Bunu Allah da götürməz, bəndə də... Şəhərdə silis də yoxdur. Kim nə istəyir, onu edir. Yiyəsizlikdir. Körpə uşaqları belə süngüdən keçirirlər.
Nazim bəy: – Üç gündən sonra şəhərə girəcəyik. Möhkəmlənmək üçün nöqtələri bu gecə müəyyən etməliyik. Kəşfiyyatçıları maneəsiz şəhərə sala bilərsənmi?
Qoçu Nəcəfqulu: – Əlbəttə salaram.
Nuru paşa: – Bilirsən ermənilər niyə bizim uşaqları süngüdən keçirir?
Qoçu Nəcəfqulu: – Müsəlman deyillər, ona görə?
Nuru paşa: – Onlar bizim bələkdə olan uşaqlarımızdan belə it kimi qorxurlar, ona görə. Get hazırlaş.
Qoçu Nəcəfqulu qərargahdan çıxır.
Nazim bəy: – Az qalıb, paşam. Bir-iki günə Bakını azad edəcəyik.
Nuru paşa: – Mən o günün dualarını edirəm, Nazim bəy.
***
Titr yazı. “Metropol” mehmanxanasının önü.
1918-ci il. 15 sentyabr.
Yandırılmış Həşimov mülkünün yanından keçən hərbi maşınlar...
“İsmailiyyə” binasının önündə şəkil çəkdirən hərbi geyimli türk zabitləri...
“Kaspi” mətbəəsinin ermənilər tərəfindən dağıdılmış binası önündə sosialist internasionalı mitinq keçirir...
“Metropol” mehmanxanası türk və Azərbaycan bayraqları ilə bəzədilib.
Hotelin qapısı üstünə latın əlifbası ilə “HEYƏTİ-VÜKƏLA” sözləri yazılıb.
Qafqaz İslam Ordusunun “Metropol” hotelinin qarşısında dayanmış növbətçi əsgəri sənədləri yoxlanılan şair Salman Mümtazı salamlayır.
Əsgər: – Cənab Salman Mümtaz. Sizi 15 sentyabr Bakının Qurtuluşu Günü münasibətilə keçirilən təntənəli ziyafətdə görməkdən çox məmnunam.
Salman Mümtaz igid əsgərin alnından öpüb içəri keçir.
Geniş salonda iclas başlanır...
İclası Heyəti-vükəla rəisi Fətəli Xan Xoyski açır.
Fətəli Xan Xoyski: – Əziz və dəyərli qardaşlar. Qafqaz İslam Ordusunun zəfəri bizim var olmağımızı aydınlatdı. Bu zəfər olmasaydı, bizlər də yox idik. Ədu hələ də qapının ağzındadır. Amma biz artıq bir dövlət olaraq varıq. Biz orduyuq. Biz dünyaya öz gözlərimizlə baxıb, onlarla öz ana dilimizdə danışırıq. Rus istibdadı çökdü. Bu çöküntü altından biz türk arkadaşlarımızın əlindən tutub çıxdıq. İcazə verin Qafqaz İslam Ordusunun komandanı “Altun Ləyaqət” və “Altun imtiyaz” medalları ilə təltif edilmiş iyirmi doqquz yaşlı ferik Nuru paşa Hacı Əhməd oğlunu sizə təqdim edim.
Salona toplaşmış qonaqlar ayağa qalxaraq əl çalmaqla Nuru paşanı salamlayırlar...
Fətəli Xan Xoyski: – Sözü paşamızın siyasi müşaviri Əhməd bəy Ağayevə verirəm. Buyurun, Əhməd bəy.
Əhməd bəy Ağayev yerindən danışır: – Əcəba, kimdir Nuru paşa deyə düşünənlər aranızda da var, heç şübhəsiz. O, göydən enən mələk deyil. Mərd döyüşçüdür. O da qorxur. Ancaq düşməndən deyil, Allahdan qorxur. Paşam 1889-cu ildə İstanbulda doğulub. Kökü Krım türklərindəndir. Atasının adı Hacı Əhməddir. Bu dəqiqə bu nəslin üç nümayəndəsi general rütbəsində Türk dünyasına xidmət edir: Ənvər paşa, Nuru paşa və Xəlil paşa. Nuru paşa min doqquz yüz altıncı ildə quru qoşunları məktəbinə daxil olur. Doqquzuncu ildə bu məktəbi uğurla bitirir. Min doqquz yüz on birinci ildə paşam hərbi akademiyanı da bitirir. Min doqquz yüz on üçüncü ildə yüzbaşı, on altıncı ildə minbaşı, on səkkizinci ildə isə yarbay rütbəsi alır. Onu Qafqaz İslam Ordusuna komandan təyin edən Osmanlı sultanı elə həmin il paşama ferik, yəni general rütbəsini verir. O, Şimali Afrika cəbhəsində igidliklə döyüşüb. Liviyada cəbhə komandanı olub. Trablisqərbdə italiyalılara qarşı savaşıb. Ödüllərinin sayını deyimmi? Onun ən böyük ödülü düşmən əlindən geri aldığı Azərbaycandır.
Salona toplaşanlar ayağa qalxıb əl çalırlar...
Sonra işıqlar sönür...
Zala toplaşanların arasından çıxmış Ənvər paşa qiyafəsində olan Abbas Mirzə Şərifzadə “Ədirnənin fəthi” tamaşasından monoloq söyləyir...
Xüsusi lojada oturmuş Nuru paşa, Məmməd Əmin Rəsulzadə, Xan Xoyski, Nəsib bəy Yusifbəyli və sonuncu Bakı xanı Fətəli xan...
Abbas Mirzə: – Ey qəhrəman türklərin igid balaları. Qarışqalar kimi ayaqlar altında tapdanmağa həyatmı deyilir? Hayır. Türk olduğunu anlayan hər kəs bunu qəbul etməz. Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummarıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına arxalanmayan bir millət yüksək-yüksək dağlara belə dayanırsa, nəhayət, yıxılacaqdır.
Zaldan alqış sədaları eşidilir... “Yaşa, Nuru paşa, yaşa, Ənvər paşa” şüarları səslənir...
Monoloq bitən kimi Bakı xanı ayağa qalxır.
Bakı xanı Fətəli xan: – Bilirsiniz ki, “Ədirnənin fəthi” tamaşasındakı Ramiz obrazı Nuru paşanın prototipidir. Bu əsəri on yeddi yaşında yazmış Cəfər Cabbarlı bu gün bizimlə birlikdədir. Bura gəl, Cəfər. Bilirəm, Nuru paşaya sözün var.
Gənc Cəfər Cabbarlı Nuru paşaya yaxınlaşıb təzim edir...
Cəfər Cabbarlı: – “Ədirnənin fəthi” əsərinin ilk səhnə baxışı 1917-ci ildə Bakıda olub. Bu gün sizə söz verirəm ki, Bakının azad olunması ilə bağlı yeni bir əsər yazacağam. Bu əsər sizin şərəfinizə yazılacaq, paşam. Bu əsərin də qəhrəmanı siz olacaqsınız. Bir də sizdən bir xahişim var. Nə olar, bizim Dağlı məhləsinə də bir dəfə qonaq gəlin. Görün anam sizə necə bozbaş bişirir.
Zalda gülüş səsləri eşidilir...
“Ədəbiyyat və incəsənət”
(29.04.2024)