3 gündə 3 möhtəşəm tamaşa Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir gün cümə, bir gün şənbə, bir gün bazar. Yox, təqvimi sadalamıram, Rus Dram Teatrının bu üç gündə verdiyi  tamaşalar barədə söz açmaq istəyirəm. Onlardan biri premyera idi. 

Əminəm ki, teatrsevərlər gərgin iş həftəsindən sonra bu gözəl məkana gedib bu 3 gözəl tamaşanı seyr ediblər. 

 

 

26 aprel - “Kişi, qadın, pəncərə... məşuq”

 

Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.

Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.

 

27 aprel - “Qürur və qərəz”

 

Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

 

28 aprel – PREMYERA – “Voytsek”

 

Tamaşa XIX əsr alman dramaturqu, alim və şairi Qeorq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanıb.

Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.

Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.

“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.

 

Qapaq şəklində: “Voytsek” tamaşasının afişası

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.