Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Yevlax. 1918-ci il. Aprel...
Yevlax körpüsü uğrunda mövqe savaşları gedir.
Qaraməryəm... Çöllük... Tərəflər qarşı-qarşıyadır...
Batal savaş səhnələri...
Döyüş anları... İri və ümumi planlar...
Bolşevik-daşnak birləşmələrinin hərbi düşərgəsinə və açıq savaşa təpəcikdən binoklla baxan Nuru paşa.
Onun yaxın silahdaşları Nazim bəy, Mürsəl paşa, Süleyman İzzət bəy də buradadırlar.
Nuru paşa: – Göyçay, Kürdəmir və Qaraməryəm ilk alacağımız məntəqələr olacaq, bəylər. Milli hökumətin Bakıya köçürülməsi planı payıza qədər bitməlidir. Bir neçə cəbhədə vuruşuruq. Alman-gürcü birləşmələri Qax, Zaqatala tərəfdən Azərbaycan hüdudlarına soxulub. Gəncə ermənilərinin tərksilah olunması işi hələ bitməyib. Rus ordusundan qaçmış ermənilər Şamaxıda, Bakıda, Qubada, Zəngəzurda on minlərlə dinc türkü qətlə yetiriblər. Bolşevik-daşnak birləşmələri Yevlax körpüsünü tutub Bakının yollarını üzümüzə bağlamaq istəyirlər. İngilisləri, Biçeraxovun kazaklarını da dediklərimin üstünə gəlsəm, mənzərə tam aydınlaşar. Nazim bəy, vəziyyəti dəyərləndirin.
Nazim bəy: – Paşam, Azərbaycan könüllülərindən təşkil olunmuş cəbhəni açdıq. Cəmil Cahid bəyin komandanlığında olan Beşinci firqədən iki alayı Ağdam və Əsgəran səmtə vuruşmaq üçün göndərdik. Gəncə, Qazax, Zaqatala, Nuxa, Qarabağ məntəqələri ilə bərabər Zəngəzurun şərq qismi də bizim idarəmizdədir. Azərbaycanı şərqdən və cənub-qərbdən təhdid edən düşmənə qarşı vuruşmaq üçün Beşinci Qafqaz firqəsinin 13-cü alayı əmrə müntəzirdir. İsmayıl Həqqi bəy Qarabağ məntəqəsinə nəzarət edir. Hal-hazırda erməni və ruslardan ibarət olan düşmən Kürdəmiri ələ keçirib. Müsüslü stansiyasının şərqindəki bataqlığa doğru gəlib. Eyni zamanda düşmənin daha bir güclü qolu Şamaxı–Ağsu üzərindən Göyçaya yaxınlaşır. Bu gün düşməni darmadağın edib Şamaxı şosesinə çıxmalıyıq.
Nuru paşa yenə binoklla savaş meydanına baxır...
Binoklun görüntüsündə keçilməz bataqlıqlar görünür...
Döyüş meydanında mövqe savaşları gedir...
Nuru paşa atın belinə qalxıb qılıncını siyirir.
Bir göz qırpımında atını bataqlıq səmtə çapır... Bunu görən əsgərlər də atlarını Nuru paşanın arxasınca bataqlığa doğru çapırlar...
Çox keçmir Nuru paşa və onun arxasınca gələn əsgərlər bataqlıqlardan çıxıb düşmənə cinahdan hücum edirlər. Düşmən gözləmədiyi həmlədən çaşıb mövqelərindən qaçır...
Nuru paşanın atlıları Yevlax körpüsünü ələ keçirirlər.
Qafqaz İslam Ordusunun əsgəri Azərbaycanın və Qafqaz İslam Ordusunun rəmz-bayrağını körpünün üzərinə taxır...
Batumdan gəlmiş çoxsaylı Osmanlı korpusu Yevlax körpüsünü hərbi marşlar oxuya-oxuya keçir...
Kadrda həmin əsgərlərin marş oxuya-oxuya Göyçayı, Şamaxını, Kürdəmiri azad etməsi görüntüləri də sərgilənir...
Bütün bu qələbələr körpüdən keçən Qafqaz İslam Ordusunun oxuduğu hərbi marşın sədaları altında həyata keçirilir...
***
Titr yazı.1921-ci il. Qarabağ. Oktyabr.
Gecə yarısı... Meşə... Haradasa bayquş ulayır.
Meşə xəzəllərini tapdalaya-tapdalaya gedən onbaşı İzzət...
Onun arxacınca Ravi-aşıq da gəlir...
Onlar hərbi hissənin taxta çəpərlərinə çatıb dayanırlar...
Meşənin səssizliyinə qulaq asandan sonra gizlicə çəpəri aşırlar...
Yaxınlıqda at tövlələri görünür...
Ravi-aşıq: – Çatdıq. Atını burda saxlayırlar. Tövləyə tək girəcəksən. Güllə atmaq mənlik deyil.
Onbaşı İzzət: – Sənlik olan nədir bəs? Yalan?
Ravi-aşıq: – Xeyr. Tamaşa.
Onbaşı İzzət: – Ən böyük tamaşa doğrudur, aşıq.
Onlar səssizcə tövləyə tərəf sürünürlər.
İri palıdın arxasında gizlənən Ravi-aşıq əliylə ağacların arasındakı tövlənin yerləşdiyi yerə işarə edir.
Tövlənin içi...
At o biri atlarla bərabər bolşeviklərin tövləsindədir.
At o biri atlara yaxın durmur.
Təkcənə üzü qapıya dayanıb dırnaqları ilə torpağı eşir.
Atların keşiyini iki bolşevik əsgər çəkir.
O biri əsgərlər yaxınlıqdakı kazarmadadırlar...
Kazarmada yatan əsgərlər...
Ravi-aşıq pıçıltıyla: – Bəlkə qayıdaq? Bilirsən o kazarmalarda nə qədər bolşevik var? – deyir.
Onbaşı İzzət: – Dostu darda qoymazlar, – deyir.
Ravi-aşıq: – Bəs mən? – soruşur.
Onbaşı İzzət: – Sən burda dur, on-on beş dəqiqəyə qayıtmasam, çıxıb gedərsən, – deyir.
Onbaşı İzzət sürünə-sürünə tövləyə yaxınlaşır.
At tövlədə onbaşı İzzətin yaxınlaşdığını hiss edib bərkdən kişnəyir...
Atın qəfil kişnəməsi keşik çəkən əsgərlərə qəribə görünür.
Tövləni qoruyan əsgərlərdən biri qapıları açıb içəri boylananda at onun sinəsindən qoşa təpiklə vurub yerə sərir.
İkinci əsgəri də onbaşı İzzət asanlıqla zərərsizləşdirir.
At onbaşı İzzəti görüb sevincindən şahə qalxır...
Onbaşı İzzət: “Səs salma... Buxara əmiri deyilsən”.
At onbaşıya yaxınlaşıb üzünü onun üzünə sürtür...
Onbaşı İzzət də tövlənin qapısı ağzında atı qucaqlayır...
Onbaşı İzzət atın belinə qalxıb meşəyə doğru çapır...
Güllə səslərinə yuxudan hövlnak oyanmış bolşeviklər həyətə çıxıb qaranlığa tərəf atəş açırlar...
Ağacların arxasında gizlənmiş Ravi-aşıq da ayağa qalxıb onbaşının arxasınca qaçır...
Ravi-aşıq: – “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”.
Güllə səsləri eşidilməkdədir...
Onbaşı İzzət qəfil qaranlıqdan çıxıb meşə cığırı ilə qaçan Ravi-aşığı bir göz qırpımında atın belinə qaldırır...
Ravi-aşıq: – Dostu darda qoymaq, doğurdan da, yaxşı iş deyilmiş, onbaşı.
Onbaşı: – Cənnəti qazandın, aşıq. Heç bilirsən bu at mənimçün nə deməkdir?
Ravi-aşıq: – Səni bilmirəm, mən bu ölkədən çətin cənnətə düşəm.
Onbaşı İzzət: – Deyirsən cənnətdə artist yoxdur?
Ravi-aşıq: – Artistin olub-olmamağın bilmirəm, təkcə onu bilirəm ki, heç cəhənnəmdə də arxamca bir bölük bolşevik qaçmayacaq.
Onbaşı İzzətlə Ravi-aşıq meşənin dərinliyində görünməz olurlar...
Onların arxalarınca atlı bolşeviklər çaparaq gəlir...
***
Titr yazı. İstanbul. Vağzal binasının önü. 1918-ci il. Dekabr.
Perronda yaxınlaşmış qatardan indicə aşağı enən Nuru paşa görünür...
O, mülki geyimdədir. Əlində qara çanta tutub...
Nuru paşa gözləmə zalının qarşısından keçəndə izləndiyini hiss edir...
Qaçmağı özünə sığışdırmır...
Qarabaqara arxasınca gələn Hərbiyyə Nəzarət Polisinə tərəf çevrilir...
Hərbiyyə Nəzarət Polisi üç nəfərdən ibarətdir.
Nuru paşanın dayandığını görüb onlar da ayaq saxlayırlar...
Nuru paşa: – Nəsə bir çətinliyin var, əsgər? – soruşur.
Polis: – Paşam, sizi həbs etmək əmrini almışıq, – deyir.
Nuru paşa: – Kim verib bu əmri? – soruşur.
Polis: – Paşam, özünüz də bilirsiniz ki, sizi necə sevirik. Görünür, belə lazım imiş. Mənimlə Bəkir ağa bölüyünə getməlisiniz. Sizə başqa heç nə deyə bilmərəm.
Nuru paşa polislərin qarşısına düşüb vağzal binasından çıxır...
Bəkir ağa bölüyü... Səhər.
Nuru paşa kiçik dindirilmə otağında oturub.
Qapı açılır.
İçəri osmanlı zabiti ilə bərabər bir ingilis zabiti də daxil olur.
Osmanlı zabiti üzünü Nuru paşaya tutub deyir: – İngilislər sizi erməni qətliamları törətdiyinizə görə mühakimə etmək üçün həbs edib. Biz bu işdə yalnız vasitəçiyik.
Nuru paşa ayağa qalxıb: – Siz məni düşmənə təslim edirsiz? – deyə çığırır.
Osmanlı zabiti başını aşağı salıb susur.
Nuru paşa ayağa qalxıb otaqdan çıxır...
Nuru paşa ingilislərin maşını ilə yenidən dəmiryol vağzalına gətirilir.
Onu qolu qandallı halda dörd əsgərin müşayiəti ilə qatara mindirirlər.
Qatar Batum stansiyasına çatır...
Dörd əsgər Nuru paşanı qatardan düşürüb yenidən hərbi maşına oturdur...
Maşın Ərdəhan qışlaları deyilən ingilislərin hərbi kazarmaları qarşısında dayanır...
Nuru paşanı maşından düşürüb təkadamlıq kameraya salırlar...
***
Titr yazı. Bakı. 1919-cu il. May.
Azərbaycan Demokratik Respublikasının Baş naziri Nəsib bəy Yusifbəylinin otağı.
Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlı ilə qabaq-qənşər oturub.
Nağı bəy Şeyxzamanlı: – Nəsib bəy, Xəzər sularında üzən iyirmi yeddi Nikolay gəmisini heyətqarışıq öz tərəfimizə çəkə bildik. Bircə güllə belə atmadan onların dorundan bayrağımızı asdıq.
Nəsib bəy: – İşlər barədə sonra məruzə edərsən, Nağı bəy. Səni bura başqa iş üçün çağırmışam. Nuru paşanı ingilislər İstanbulun göbəyində həbs ediblər. Oturduğumuz bu binanın mühafizəsini belə ingilislərdən o, xahiş etmişdi. Lənkəranın və Muğanın Azərbaycana aidliyinin təsdiq edilməsi də onun tələbidir. Biçeraxovun və ermənilərin Bakıdan çəkilməsi, ingilislərin Azərbaycanı rəsmən tanıması da onun əməyidir. Mən hələ Bakının azad olunmasını demirəm. Bizim ona bir dövlət borcumuz var, yəqin ki, başa düşürsən.
Nağı bəy: – Türklər onu ingilislərə necə təhvil verib? Axı o, Bakıya sultanın əmri ilə gəlmişdi. Bəs Ənvər paşa bu işə nə deyir?
Nəsib bəy: – Ənvər paşa artıq söz sahibi deyil. Cəbhədəki məğlubiyyətlər, rusların, yunanların kiçik uğurları Osmanlını sarsıdıb. Nuru paşanı Batum qalasından qaçırmaq üçün xeyli iş görmüşəm. Hopa bəyləri verdikləri sözün üstündə durublar. Onlar Nuru paşanın Ərdəhan qışlaqlarından Ağsuanovkaya gətirilməsini gözləyirdilər. Dünən ingilislər edam etməkdən ötrü Nuru paşanı Ağsuanovkaya gətiriblər. Gecəylə yola çıx, Hopa bəylərinə rəhbərlik edəcəksən.
Nağı bəy Şeyxzamanlı ayağa qalxıb otaqdan çıxır...
Nəsib bəyin qəmli üzündən gecə planlarına keçid...
Gecə planları... Ağsuanovka birliyi...
Nağı bəyin rəhbərliyi ilə kiçik dəstə birliyin həyətindəki kiçik həbsxanaya hücum edir...
Atışma...
Atışma zamanı üç ingilis hərbçisi yerindəcə öldürülür...
Nağı bəyin dəstəsindən olan bir azərbaycanlı da şəhid düşür...
Əllərini yuxarı qaldırmış keşikçilər həbsxana qapılarını açıb Nuru paşanı azad edirlər...
Nağı bəy, Nuru paşa və digər dəstə üzvləri qaranlıq dağ yolları ilə Batuma doğru qaçırlar...
“Ədəbiyyat və incəsənət”
(26.04.2024)