“Turan” (4-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“TURAN” bədii film ssenarisini təqdim edirik.

 

 

Titr yazı. 1921-ci il. Qarabağ.

Onbaşı İzzət tamaşa göstərilən yerdə atdan enir...

Aktyorlarla çarşablı qadınlar şərti səhnədədirlər...

Yallı gedirmişlər təki qol-qola dayanıb ağı deyirlər...

Tamaşa dekorları yığılmayıb...

Aktyorlar səf tutub çiyin-çiyinə dayanıblar.

Ravi-aşıq təkərləmə üstə tələsik yanıltmac deyir:

– Nə idik, gör nə olduq? İllərdən iyirmi bir. Əsrlərdən iyirmi. Yerin də qulağı var. Mən deyim, sən barmağını qatla: dövlətim vardı, indi yoxdur. Hürr idik, heç olduq. Bizə yalan gətirdilər, doğru bildik. Yalana doğru dedik. Allahı dandıq. Daşnak gəldi, bolşevik oldu. Bolşevik gəldi, daşnak oldu. Nuru paşa getdi. Txelis öldürüldü. Topçubaşov Parisdədir; bizi Avropaya tanı­dır. Nəriman burdadır. Əlindən heç nə gəlmir. Aldanan aldandı. Öldü­rülən öldürüldü. Bizi də satın aldılar. “Yaşamaq istəyir­sənsə, – dedilər, – biz deyəni de”. İndi onlar deyəni deyirəm. Onlar yalan deyir. Yalan deməsən, öldürürlər. Yalandan yaşa­yıram. Bir daş nədir ki, qaldırıb yalana atmadınız? Axı mən sizə yalan dediyim kimi, siz də mənə yalandan daş ata bilər­diniz. Bunu etmədiniz. At ağızlı igidlərim. Laylay dedim yatasız, qızılgülə batasız. Qızılgüllər içində şirin yuxu tapasız... Lay.. lay.. lay...

Ravi-aşığa yaxınlaşan onbaşı İzzətin gördüklərini biz onun gözü ilə görürük.

Ravi-aşıq bolşeviklərin öldürdüyü kəndlilərə yanılt­mac deyirmiş...

O, dirilərə deyə bilmədiyi həqiqəti ölülərə deyirmiş. Ölülər eşitmir axı. Danışmırlar da. Onu satmayacaqlar.

Ravi-aşıq onbaşı İzzəti görən kimi qorxa-qorxa ayağa qalxır.

Ravi-aşıq: – Sən kimsən? Bura adamına oxşamır­san, – soruşur.

Onbaşı İzzət: – Onları basdırmaq lazımdır, – deyir.

Ravi-aşıq: – Sizi on birinci qızıl ordu buralardan qovmamışdı?

Onbaşı İzzət: – Ölüləri basdırmaq lazımdır, aşıq, diriləri yaşatmaq.

Ravi-aşıq: – Atın səni satacaq.

Onbaşı İzzət: – Dua edə bilirsən?

Ravi-aşıq: – Bircə nəfər olsun belə din adamı qalma­yıb. Hamısını güllələyiblər. Bilən də “bilmirəm” deyir.

Onbaşı İzzət: – Mən oxuyaram onların duasını.

Onbaşı İzzət öldürülmüş kəndlilərin son duasını oxuyur...

Aktyorlar kəndliləri bir-bir basdırırlar...

Ağlaşan qadınlar...

Səhər yenicə açılır...

Onbaşı İzzət səhərin açıldığını görüb atını haylayır...

Güllələnən kəndlilər artıq basdırılıb...

Aktyorlar dekorları yığışdırırlar...

“Agit teatr”ın köçü toparlanıb meşəyə yönəlir...

Onbaşı İzzət də onlara qoşulub kənddən çıxır...

“Agit teatr”ın aktyorları meşənin içində tonqal qalayır­lar...

Ravi-aşıqla onbaşı İzzət tonqal kənarında oturub söhbət edirlər...

Ravi-aşıq: – Necə sağ qaldın?..

Onbaşı İzzət: – Atın Allahı var. Məni də O qoruyur.

Ravi-aşıq: – Mən tanıdımsa səni, ruslar da tanıyacaq. Atının quyruğu da kəsilməyib. Bolşeviklərin quyruğu kəsilmə­miş atı və yiyəsini sorğusuz güllələmək əmrləri var. Osmanlı türkü olduğun da üzündən bəllidir. Bilirsən də bu gün burda türk olmaq nə deməkdir? Nə qədər gizlənəcəksən? Birinci əsgər patrulu tutub səni ən yaxşı halda dama basacaq. Atın da ge­də­cək, özün də. Qoşul mənə. Bolşeviklər mənə səlahiyyət ve­rib­lər ki, türklərin əleyhinə təbliğat aparım. Köçümü yoxla­mır­lar. Sərhədlərini də sənədsiz keçirəm. Səni “Agit teatr”ım­da axtarmaq onların ağıllarına belə gəlməz.

Onbaşı İzzət: – İncimə, aşıq, mənim bir üzüm var.

Ravi-aşıq: – Bolşeviklər bir ildən artıqdır ki, Bakıda hökumət qurublar. Türkiyənin başı özünə qarışıb. Bütün sər­həd­lər, sınırlar bağlıdır. Cümhuriyyət adamlarını tutub damla­yıblar. Məmməd Əmin İrana qaçdı. Məmmədbağır bəyi, Murad Txelisi bolşeviklər öldürdü. Şıxlinskinin ordusundakı bütün türkləri Narginə sürgün etdilər. Sizi hamı qurban verdi... Başa düşmürsən?

Onbaşı İzzət: – Nuru paşa ilə Dağıstandaydıq. Biçe­ra­xo­vun kazakları ilə vuruşurduq. Heç kəsimiz olmasa da, savaşı­mız var, aşıq. Qarabağı da geri almışıq.

Ravi-aşıq sevinə-sevinə: – Nuru paşa sağdır? – soruşur.

Ravi-aşığın son sözlərini “Agit teatr”ın Mələk qanadlı aktri­sası da eşidir.

Mələk qanadlı aktrisa onbaşı İzzətə yaxınlaşır.

Mələk geyimli aktrisa: – Mən Beşinci Firqədən gən­cəli Osman ağanın qızıyam. Babamı gözümün qabağın­da öldür­dülər... Məni paşamın hüzuruna apar; döyüşmək istəyirəm...

Onbaşı İzzət bilmir qıza nə desin.

Bir xeyli susandan sonra onbaşı İzzət: – Arxanca gələrəm, – deyir...

Onbaşı İzzət ayağa qalxıb fit çalır.

Fit səsini eşidən təki Nuru paşanın atı qaranlığın içindən çıxıb onbaşı İzzətə yaxınlaşır.

Onbaşı İzzət: – Vaxtdır, aşıq. Getməliyəm. Danışıq qoyunu qurda verər.

Ravi-aşıq da ayağa qalxıb onbaşı İzzətə yaxınlaşır.

Ravi-aşıq rəngli aktyor çuxasını çıxarıb İzzətin çiyninə salır.

Ravi-aşıq: – Bilmirəm hara gedirsən. Adın nədir? Yolun haradır? Bu təlxək çuxasını əyninə geyin. Hərbi şinelini çıxart. Atının da quyruğunu hör. Dindirsələr, dinmə. Özünü lallığa vur. Bəlkə bu yol ilə sağ qaldın. Bu gün buralar yalan üstədir. Düz danışsan, səni öldürəcəklər. Çalış buna öyrəşəsən. Məni yaşadan yalandır.

Onbaşı İzzət atın belinə qalxır.

Mələk qanadlı qız ona yemək bağlaması uzadır.

Onbaşı bağlamanı alıb heybəsinə qoyur.

Və bircə anda qaranlığın içində itir...

 

 “Ədəbiyyat və incəsənət”

(18.04.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.