Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.
Molla Qafar böyük qızını çox sevirdi. Ayişə doğulandan ağzı dualıydı. Dünya elmlərinə meyli olmadığından Molla Qafar onu məktəbə qoymamışdı. Evdə oturub taleyinə boyun əyən bütün kənd qızları kimi, Ayişə də Allahından razı idi. Onun bu dünya ilə höcəti yox idi. Barış və hüzn ovqatına təndi. Özünə karyera qurmağa çalışan fikri qarışıq qızları Ayişə sevməzdi. Bacısı Sənubərdən fərqli olaraq, o, heç zaman icazə almadan evdən küçəyə belə çıxmamışdı. Çox sadəlövh və bir az da avam idi. Molla Qafarı da ən çox qorxudan onun həddindən artıq saf olması idi. Bacısının qəfil ölümündən sarsılmış Ayişə mehrini sarışına salmışdı. Bütün günü onun yenicə doğulmuş körpəsi ilə əylənərək başını qarışdırırdı. Bacısına olan niskilini uşaqla ovudurdu. Sarışınla onun qəribə yaxınlıq halələri vardı. Harada olurlar-olsunlar, elə bil bir-birlərini maqnit kimi cəzb edirdilər. Bir-birlərinə Siam ekizləri kimi pərçimlənirdilər. Bu təmasa ruhların savaşı da demək olardı, doğma qəlblərin yaxınlığı da. Onlar eyni dam altında olanda astral halələrinin toqquşmasından qıcıqlanıb dəli kimi olurdular. Bir-birlərini görməyəndə də eyni cür olub otaqda var-gəl edirdilər. Bir yerdə olanda da, olmayanda da bir-birləri üçün narahat idilər. Onların arasında olan bu gərginlik ən çox Nazlıya ziyan idi. Demək olar ki, gərginlikdən hər gün Nazlının ürəyi gedirdi. Ayişə də, Nazlı kimi, baş verən qəribəlikləri anlamırdı. Bu olanların niyə olduğunu dərk edə bilmirdi. Sarışın onun qardaşı idi. Bu qardaşlıq ona bəs idi. Son zamanlar atasının tənhalaşması, anasının evdən soyuması Ayişəni incidirdi. Ölənlə ölmək olmazdı. Bir zamanlar kəndin ən şən ailəsi sayılan ailələrinin daha üzü gülmürdü. Sənubərin ölümü evlərinə payız rəngi gətirmişdi. Bir də bu evə çətin gün doğaydı. Sarışın isə tamam başqaydı. Onun qəmi bircə anda söndürməyə qadir gücü vardı. Və bu güc indi çətin anlarını yaşayan Ayişəyə çox gərəkdi. Ayişə çox gözəl qız idi. Qonşu kəndlərdən belə elçiləri vardı. Hər dəfə elçilərinə bir bəhanə ilə yox deyib, işi yubadardı. Özü də niyə belə etdiyini bilmirdi. Sanki bir səs ona ərə getməyin hələ tez olduğunu pıçıldayırdı. O da bu pıçıltıya dinməz itaət edirdi.
Molla Qafar otağa girəndə Ayişə namazını qılıb qurtarmışdı. Eləcə döşəmədə dizi üstə oturub Sənubərin bağışlanması üçün dualar edirdi. Atasının içəri girdiyini görüb ayağa qalxmaq istədi. Molla Qafar çiynindən aşağı basıb qoymadı.
– Allah namazını qəbul etsin, qızım, – deyib söhbətin uzun olacağına işarə etdi. Hər dəfə söhbət uzun olanda Molla Qafar nədənsə namazın qəbul olunmasından başlardı.
– Çox sağ ol, ata. – Ayişə də səsinin sakit tonu ilə atasına söhbətə hazıram işarəsini verdi.
– Sən indi mənim yeganə balamsan, Ayişə. Atanı dinlə. O sarışından uzaq dur. Ondan bizə xeyir gəlmir.
– O, sənin oğlun deyil, ata? – soruşan Ayişənin üzündə təəccüb əmələ gəldi.
Molla Qafar bu suala cavab verməyib:
– Ondan bizə bəla gəlir, görmürsən? – dedi.
– Axı sənə kim deyib ki, ömrün hamar olmalıdır. Həyatında itkilər də olacaq, uğurlar da. İş odur ki, imtahandan üzüağ çıxmağı bacarasan. Sənə dərd göndəriləndə başqalarını günahkar bilməyəsən. Bəlkə elə günah özündədir?
Molla Qafar qızının dini məntiqini sarsıda bilməyəcəyini anlayıb:
– Bəlkə gedib o sarışının evində yaşayasan? – qışqırdı.
Ayişə atasına cavab qaytarmadı. Ayağa qalxıb otaqdan eşiyə çıxdı.
Molla Qafar bilmədi neyləsin. Sarışının adı artıq evinin içindəydi. Hər yerdə, hamıda bir sarışın havası yaranmışdı.
Molla Qafar dəhlizə çıxıb qorxa-qorxa:
– Gülər... Gülər... – çığırdı.
Gülərin səsi gəlmirdi. Yəqin, o da nəvəsinə baş çəkməkdən ötrü sarışının daxmasına getmişdi.
***
Bir səhər kəndə böyük vəzifəli şəhərlilər gəldi. Klubun qarşısında xırda toplantı keçirib Molla Qafarı bələdiyyə sədri vəzifəsindən çıxartdılar. “Öz-özüylə danışan bələdiyyə sədri bizə gərək deyil” dedilər. “Bələdiyyə sədri zirək olmalıdır, əkməlidir, biçməlidir, qışa tədarük görməlidir. İşlək olmayan bələdiyyə sədri kimə lazımdır?” Şəhərlilər uzun sözlərinin axırında Molla Qafarın yerinə sarışını təyin edib yenidən deyə-gülə maşınlarına doluşdular. Gethagetdə arxa maşının açıq şüşəliyindən başını çölə çıxarmış bir suyuşirin qadın Molla Qafara: “Molla, balta xaltanı kəsdi ha”, – deyib ucadan güldü. O gülən, bu gülən, Molla Qafara elə gəldi ki, bütün kənd ona gülür. O gündən Molla Qafar gülüşdən də qorxub yan gəzdi.
Sarışın bələdiyyə sədri olan kimi qollarını çırmalayıb işə girişdi. Başlanğıc üçün məktəbdə ingilis dili kursları yaradıb, İngiltərə səfirliyini kəndə dəvət etdi. “Çaqqal dərəsi”nə iki turist marşurutu açıb şəhərliləri “ekstrim turlara” çağırdı. Əkinə yatan torpaqları varlı şəhərlilərə satdı. İstirahət üçün villalar tikdirib, restoranlar açdı. Torpaq yolları asfalt yollarla dəyişdi. Və ən nəhayət, kəndlilərə söz verdi ki, Armavirdən kəndə dəmir yolu çəkdirəcək. Onun işləkliyi kənd uşaqlarını da yerindən dəbərtdi. Oğlanlı-qızlı ingilis dili öyrənən kənd uşaqları Molla Qafardan ağır dərslər tələb etməyə başladılar. Onlar yeni texnolojiləri öyrənmək istəyirdilər. Molla Qafarın da dindən savayı heç nədən başı çıxmırdı. Və beləcə, uşaqlar Molla Qafarın üzünə ağ olub onu məktəbdən də qovdular. İki gün sonra məktəbə şəhərdən yeni müəllimlər gəldi. Və Molla Qafar məktəblə də üzülüşdü. Onu məktəb direktoru vəzifəsindən də çıxartdılar.
Molla Qafarın bu qədər kiçilməsi ən çox Gülərə təsir etmişdi. Necə olsa, Molla Qafar onun adıydı. Uşaqlarının atasıydı. İnsafən, Molla Qafar ona pis ər olmamışdı. Bütün günü ailəsinə qul olub, pul qazanmışdı. O ki qaldı qadınlarla əylənməyə, hansı kişi qadınla əylənmir ki? Təkcə bunun əməli misə dəyib səs saldı. Bir də sarışının kəndə yiyəlik eləməsi Gülərə yer eləmişdi. “Yersiz gəldi, yerli qaç” olan sarışın gələr-gəlməz atasının bütün işlərini əlindən almışdı. Amma adamın Allahı vardı. Molla Qafarın sağalmasını sarışın da istəyirdi. Demək olar ki, hər gün Gülərə: – Sən Allah, atamın üzünə yaxşı bax. Onun buzunu əritsən, ancaq sən əridəcəksən, – deyirdi.
Axşam Gülər ərinin qarşısına çayı bir az yumşaq qoyub gözünün altından üzünə baxdı. Kişinin cini çıxmışdı. Əməllicə sınıxmışdı. Gülər ixtiyarsız olaraq əlini qaldırıb ərinin tüklü üzünə çəkdi. Molla Qafar duyğulandı. Başını Gülərin ovcuna qoyub biləyini boynu ilə sıxdı. Baxışları toqquşanda Molla Qafar hönkürtüylə ağlamağa başladı. Sözləri göz yaşına büküldüyündən yamyaş idi:
– Sənubəri sarışın öldürüb. Ayişəni də əlimdən alıb. Bir azdan səni də məndən ayıracaq. Onunla bacarmıram.
Gülər əliylə ərinin sözlərini sığallayıb sinəsinə qısıldı. Molla Qafara bu təmas bəs idi. Dizlərinə güc gəldi. “Kişi ağlamaz”, – düşünüb toparlandı. Ayağa qalxıb otaqdan çölə çıxdı. Ensiz cığırla tövləyə çatıb taxta qapını açdı. Samanlıqda gizlətdiyi əl qumbarasını götürüb cibinə qoydu. Sarışının daxmasına çatana qədər Allah kəlamlarını bilərəkdən xatırlamadı ki, fikrindən dönməsin. Sarışının uşağını, Nazlını düşünməməyə çalışırdı. Sənubər də uşağıydı. Sarışın onu zorlayanda bunu düşünməmişdi. Ürəyiyuxalıq pis şeydir. Kişini kiçildir. Sarışın onun azan ərazisinə girmişdi. Yaratdığı nizamı pozmuşdu. Qızını öldürmüşdü. Yəni bütün bunlardan sonra Molla Qafar ondan qisas ala bilməzdi?
Sarışının daxması kənd evlərindən aralıydı deyə həyəti uzaqdan görünürdü. Nazlı həyətin ortasında iri ləyəndə paltar yuyurdu. Uşaq da həyətdəydi. Əlində tutduğu “qalac” çörəyini diddələyirdi. Molla Qafar “Uşağın günahından azad oldum”, – düşündü. Sinə-sinə daxmanın pəncərələrinə qədər gəlib içəri boylandı. Sarışın içəridə saçları çiyninə qədər tökülmüş bir qadınla sevişirdi. Bu qadın kim ola bilərdi, görəsən? Qafarın ürəyinə elə bil bıçaq soxdular. Nazlının günüsümü var? Sarışın ikinci arvad alıb? Axı Nazlı evdə ola-ola sarışın bura başqa qadın gətirə bilməzdi. Onun işindən Allah da baş çıxarmır. Ondan ancaq qumbara ilə qurtulmaq olacaq. Molla Qafar çox gözləyə bilməzdi. Gülər duyuq düşüb kəndi ayağa qaldıra bilərdi. Əl qumbarasını cibindən çıxarıb halqasını çəkdi. Pəncərənin şüşəsini yavaşca taqqıldatdı ki, sarışın səsə tərəf gəlsin. Sarışından qabaq sevişdiyi qadın səsə boylandı. Molla Qafar şüşəni yumruqları ilə sındırıb, qumbaranı içəri atdı. Səsə çevrilib döşəməyə düşən qadının Ayişə olduğunu ancaq qumbara partlayandan sonra gördü. Qumbara Ayişənin sinəsində partladığından qızın bədəni bircə anda tikə-tikə oldu. Sarışın Ayişənin parça-tikə olmuş bədəninə paltar geyindirə-geyindirə:
– Molla Qafar bacımı öldürdü, ay camaaat, – deyə bağırdı.
Molla Qafarın dili-ağzı qurumuşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Haçandan-haçana özünə gəlib Ayişənin üzünə baxdı. Ayişə, doğrudan da, üzdən sarışına bənzəyirdi...
Molla Qafarı həmin gecə həbs etdilər.
Altı ay sonra məhkəmə ona ömürlük iş kəsdi.
Qərar Molla Qafarın üzünə oxunduğu gün məhkəmə salonuna sarışın da gəlmişdi. O, arxa sıraların birində əyninə qara paltar geyinmiş Gülərlə yanaşı oturmuşdu. Gülər nədənsə gözlərinə qara eynək taxmışdı. Dodaqlarının boyası da bir az artıqdı. Bu kiçik detallar dəmir barmaqlıq arxasında oturmuş Molla Qafarın gözündən yayınmamışdı. Məhkəmə iclasının keçirildiyi zaman sarışın Gülərin əlini dizinin üstünə qoyub buraxmamışdı. Vəkili Molla Qafara Ayişənin də hamilə olduğunu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)