Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
1.
İri planda dayanmış kişinin üzündə heç bir ifadə yoxdur.
Kadr arxasından səs eşidilir: – Tək necə yaşayacaqsan?
Üzü görünən kişinin tükü də tərpənmir.
Araya bir müddət sükut çökür.
– Səninləyəm e!
Kişi yenə dillənmir.
Fonda aeroport dispetçerinin elanı səslənir.
“Bakıdan Frankfurta uçan sərnişinlər on yeddinci qapıya yaxınlaşsınlar!”
Kamera geri çəkilir. Ümumi planda üz-üzə iki kişi dayanıb. Səsi bizə tanış olsa da, üzünü indi gördüyümüz adamın aşırma çantasından harasa getdiyi aydın olur.
Həmin adam: – Telefonunu açıq saxla. Çatan kimi zəng vuracam! – deyib onu yola salanın boynuna sarılır.
Üzündə heç bir ifadə olmayan kişi də ötürdüyü dostunu qucaqlayıb pıçıltıyla: – Arxayın get. Gözün geridə qalmasın! – deyir.
Üzündə heç bir ifadə olmayan kişinin güclü və əsəbi əlləri var.
O, dostunu bərk-bərk qucaqlayıb heç hara buraxmaq istəmir. Dostu kişinin əlləri arasından zorla dartınıb çıxır.
Boş dəhlizlə təyyarəyə tərəf gedir.
Dəhlizin axırında dayanıb uzaqdan dostuna çığırır: – İndi sən tək neynəyəcəksən?
Ümumi planda çox sayda insanın içində tənha qalmış ifadəsiz üzlü kişinin üzü görünür. Yenə onun üzündə heç bir ifadə yoxdur. Soyuq və donuq ifadədən başqa heç nə.
2.
Dağınıq əşyalı, səliqəsiz mənzil.
Pəncərədən yağan yağışın səsi eşidilir.
Divara nizamsız kitab rəfləri mıxlanıb. Rəflərdə üz qabıqları saralmış kitablar görünür.
Otaq soyuq olduğu üçün paltosunu əynindən çıxarmamış fransız dili müəlliməsi üzündə heç bir ifadə olmayan, artıq bizə tanış olan kişiyə fransız dili dərsi keçir.
Müəllimə: – Balzakı-zadı hələ bir kənara qoy. Frankofon olmaq ən əvvəl səninçün bir insan kimi sərfəlidir. Bu dil vasitəsilə sən qitələrin hamısında asanca danışa biləcəksən!
Kişi: – Mən bütün dillərdə susmaq istəyirəm! Danışmaq yox!
Müəllimə: – Yaxşı, qoy sən deyən olsun. Susursan sus. Amma bir şərtlə: xahiş edirəm mənim dərsimdə fransızca susasan!
Kişi: – Balzak kimi?
Müəllimə: – O qədər roman yazmış Balzak, sənin fikrincə, susurdu?
Kişi: – Əlbəttə susurdu. Mən fransız dilini ona görə öyrənirəm ki, onun sükutunu dilimizə çevirim!
Müəllimə: – İki ildir buna görə evdən eşiyə çıxmırsan?
Kişi: – Vallah, siz olmasaydız, öz dilimi də unudacaqdım. Nə mən indikiləri anlayıram, nə də onlar mənim dilimi bilirlər!
Müəllimə: – Yaxşı. Uzatma! Bu gün sənə fransız moralistlərindən danışacam!
Kişi: – Sonuncu moralist dostum Səfər dünən Almaniyaya köçdü. Başa düşürsən? Təmasda olduğum yeganə adam da burdan getdi. Heç kəsim daha qalmayıb. Mən burda tənhayam! Sən mənə özüm-özümlə, adamca danışmağı öyrət!
Müəllimə: – Adam - Loraşfuko!
3.
Aeoroporta qayıdış.
Dostunu ötürmüş bizə tanış kişi dəhlizlə aram-aram gedən dostu Səfərin arxasınca baxır.
Səfər dəhlizin sonuna çatanda sonuncu dəfə çevrilib dostuna doğru boylanır.
Səfər sonuncu addımı atıb dəhlizdə görünməz olur.
Kişi dostunun arxasınca bir xeyli baxdıqdan sonra bərkdən: “Salam, Loraşfuko”, – deyir.
Sonra çevrilib aeroportun çıxışına doğru qaçır.
4.
Redaksiya.
Kişi işlədiyi saytın baş redaktorunun kabinetində ayaq üstə dayanıb.
Baş redaktor çox gəncdir.
Yumşaq kresloya yayxanıb oturub. Bahalı siqaret çəkir.
Baş redaktor: – Sənin yazdıqlarını daha heç kəs oxumur. Redaksiya üçün reklam da tapa bilmirsən. Bizə hələ bir qəpik də olsun pul gətirməmisən. Gündəmdə deyilsən e.... Başa düşürsən məni? De modesən! Yuxulusan elə bil. A kişi, daha heç kəs ağıllı yazı istəmir. Oxumur da. Düşünmək daha dəbdə deyil. Oxucunu əyləndirmək lazımdır. Ona maraqlı yazılar təklif etmək lazımdır. Məsələn, qızını zorlayan atadan yaz. Özünü damdan atan sevgilidən yaz. Oğraşdan yaz!
Kişi: – Loraşfukodan yaza bilərəm?
Baş redaktor: – O kimdir və neynəyib?
Kişi: – Yüzlərlə yazı yazıb!
Baş redaktor siqaretini sakitcə söndürüb ayağa qalxır: – Biz bir- birimizi başa düşmürük deyəsən! – deyir.
5.
Kişi yazı masasının gözlərindən şəxsi əşyalarını toplayıb redaksiyadan çıxır.
Onun arxasınca baxan kök və tərli xadimənin üzündə qəribə bir gülüş ifadəsi var.
Xadimə üzünü kişini qapıya qədər ötürən gənc baş redaktora tutub deyir: – Şükür, zibilləyənin biri də azaldı, müəllim!
Baş redaktor köksünü ötürüb: – Belə getsə, bu xarabada axırda ikimiz qalacağıq! – deyir.
6.
Kişinin mənzili.
O, parçasının rəngi soluxmuş köhnə divanın üstündə şax oturub. Çiyninə köhnə adyal atıb. Skaypda Amerikada yaşayan arvadı və qızı ilə danışır.
Skaypdan arvadının əsəbi səsi eşidilir: “Nə var e avara-avara oturmusan orda?! Daha işləmirsən də. Loraşfuko sənə yemək gətirəcək? Səfər də köçdü getdi Almaniyaya. Ölsən, yerdən götürənin də daha orda yoxdur. Nə verib e sənə bu Bakı? Bizi də acından öldürürdün orda. Zamana adamı deyilsən də sən. Atdığını-tutduğunu da elə əvvəldən bilmirsən. Ziba... Ziba... Ay Ziba... Gəl bura atanla danış. Mənim çənəm yoruldu ona öyüd verməkdən. Onsuz da xeyri yoxdu. Elə bil daşa, divara deyirsən. Kərgədan kimi dayanıb baxır adamın üzünə. Ay kişi, bir tərpən də...”
Skaypdan kişinin qızının səsi eşidilir.
Qız: “Salam, papa. Ay pa, necə arıqlamısan? Yemək yemirsən sən? Mama, mama... Papam gör necə arıqlayıb? Ay Allah, indi ağlayacam! Ay papa...”
Skaypdan kişinin arvadının əsəbi səsi eşidilir: “Cəhənnəmə arıqlayıb papan, gora arıqlayıb. Biz burda kefdəyik bəyəm? Bütün günü meksikanların evlərini yığışdırıram e. Gör nə gündəyəm ...qulun quluyam. Bir dəfə ordan sənə pul yollayıb o? Heç bizdən xəbəri var onun? Qurban olsun mənim qeyrətimə. Başqası olsa, vallah, burda qəhbəlik eləyərdi. İki uşaq saxlayıram e burda...
Kişi əlini uzadıb kompüterin qapağını qapadır.
Ayağa qalxıb otaqda əsəbi-əsəbi var-gəl etməyə başlayır.
Bir qədər sakit gəzdikdən sonra kişi otaqda sürətlə irəli-geri qaçmağa başlayır.
7.
Kişi supermarketdə hündür stellajlı sıraların arasıyla sadəcə dolaşır.
Hiss olunur ki, nəsə almağa pulu yoxdur.
Ərzaq mallarının qiymətini gözünə yaxın gətirib aşırı diqqətlə baxır.
Gözü də, hiss olunur ki, pis görür.
Kişi kassanın yanında dayanıb qiyməti ucuzlaşdırılımış malları da bir-bir nəzərdən keçirir.
Nəhayət, supermarketdən əliboş çıxıb ayağını sürüyə-sürüyə evinə doğru gedir.
8.
Kişi artıq bizə tanış olan epizoda qayıdıb aeroportun şüşəli qapılarından çölə çıxır.
Küləkli bir gündür.
Kişi şüşə qapıların böyründəki zibil qutusunun qarşısında dayanmış küçə itinin yanından keçəndə ayaq saxlayır.
İt də kişinin dayandığını görüb onun yanına qaçır.
Kişi aşağı əyilib itin başını sığallayır.
İt də ona doğması kimi yalmanır. Ayaqlarına düşüb zingildəyir.
Kişi üzünü itə tutub: “Darıxmırsan?” – soruşur.
İt dal ayaqları üstündə qalxıb kişinin boyu bərabəri dayanır. Kişi onun başını tumarlayır.
9.
Kişi bankomatın qarşısında dayanıb. Köhnə, zamanı keçmiş iş kartını bankomatın koğuşuna salır. Bir-bir rəqəmli şifrələri yığır. Bankomatın ekranında pulun olmadığı göstərilir. Və bankomat pul kartını geri qaytarır.
Kişi kartı koğuşdan çıxarır. Sonra yenə təkrarən bankomatın koğuşuna salır.
Yenə də ekranda pulun olmadığı göstərilir.
Kişi bunu bilsə də, təkrar-təkrar kartı bir neçə dəfə bankomata salır.
Hər dəfə də kartda pulun olmadığı göstərilir.
10.
Kişi aeroportdan şəhərə gələn avtobusa minir.
Avtobusun salonunda oturmuş turistlər yerli adamlardan çoxdur. Onların içində ərəb turistləri geyimləri və ucadan danışmaları ilə xüsusi seçilirlər. Onlar avtobusda pintiliklə yemək yeyir, ucadan gülüb-danışırlar. Turist şirkəti tərəfindən onları qarşılayan bələdçinin əlində kiçik çaxçaxlı dəfi var. O, əlində tutduğu dəfi çala-çala ərəblərə ərəb dlində Bakı tarixi haqqında nəsə danışır. Ərəblərin heç biri ona qulaq asmır.
Bayaqdan bəri bu mənzərəni izləyən kişi ayağa qalxıb oturacağıın üstünə qalxır. Əlini ağzına qoyub ucadan üç dəfə: “Allahu əkbər!” – qışqırır.
Onun bu qəribə hərəkətindən sonra avtobusdakıların hamısı qorxa-qorxa kişinin sonra nə edəcəyini gözləyirlər.
Kişi: – Qulaq asın. Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Bir pəncərədən çölə baxın. Burda yaşayan insanların ruhu bütün dünyanı nizamında saxlayır. Bizim qədər xeyir, bizim qədər saf, bizim qədər nurlu insanlar dünyanın heç harasında daha yoxdur. Mənim ovcumun içinə baxın. Görün ovcumun içində nə qədər işıq var! – deyir.
Tərcüməçi ərəb turistlərə kişinin dediklərini tərcümə edir.
Kişi monoloqunu bitirib sirk illüzionisti kimi ovuclarını geniş açır. Və hamı birdən-birə onun ovuclarının boş olduğunu görür.
Bu qəribə təzad, bu qəfil hərəkət birdən-birə hamının eynini açır, turistləri güldürür. İlk baxışdan çox ciddi görkəmi olan kişinin birdən-birə bu cür hoqqabazlıq etməsi ərəblərə xüsusi zövq verir. Onlardan biri ayağa qalxıb kişinin ovcunun içində, ciblərində hər hansı bir əşyanın olub-olmadığını da yoxlayır. Və heç nə tapmadığına sevinib gülə-gülə əllərini yuxarı qaldırır.
Ərəb: – Veir is Allahu əkbər? – soruşur.
Avtobusdakılar ayağa qalxıb kişiyə gülə-gülə əl çalırlar.
Kişi bir dəfə də özü öz ovcunun içinə diqqətlə baxıb oturacağın üstündən suyu süzülə-süzülə aşağı enir.
Ərəb turistləri onun ovcunun içinə yenə də baxmasına daha da ucadan gülürlər.
Kişi bələdçidən soruşur ki, ərəb nə dedi. O da cavab verir ki, soruşdu, “hanı Allahu-əkbər”?
Bir azdan turistlər yenə öz işləri ilə məşğul olurlar.
Kişi avtobusun iri şüşəsindən peşman-peşman çölə baxır.
Avtobus şəhərə doğru getməyindədir.
Turist bələdçisi avtobus oturacaqlarının arasıyla keçib kişiyə yaxınlaşır.
Bələdçi kişinin yanındakı boş oturacağa oturub onun çiyninə toxunur.
Kişi çevrilib çiyninə toxunan bələdçiyə baxır.
Bələdçinin əlindəki dəfin içi dollarlarla doludur. Bələdçi dəfi kişiyə uzadır.
Kişi: – Bu nədir?
Bələdçi: – Qazancımızdı. Yarı böləcəyik. “Allahu əkbər”i çox yaxşı düşünmüsən. Əməlli-başlı pul tuta bilərsən! Şərik olsaq, səni bütün avtobus marşrutlarına salaram. Nə deyirsən?
Kişi bələdçinin çiyni üstündən boylanıb ərəb turistlərə tərəf baxır. Onların üzündən gülüş hələ də silinməyib.
Kişi dəfi dartıb bələdçinin əlindən alır.
Hirslə ayağa qalxır.
Dəfdəki pulları bir-bir ərəblərə qaytarır.
Ərəblər yenə ucadan gülə-gülə ona əl çalırlar.
Ərəblərdən biri onun çiyninə toxunub: – Ar yu Allahu əkbər, –deyir.
Kişi ərəbin ona nə dediyini anlamadan sürücüyə yaxınlaşır.
Kişi: – Burda saxla, mən düşürəm! – deyir.
Sürücü avtobusu saxlayıb deyir:
– Nə verirdilər, gərək götürəydin. Allah bərəkət versin!
Kişi: – Allah verib də bərəkət!
O, avtobusdan aşağı enəndə də yenə qorxa-qorxa ovcunun içinə baxır.
Kişinin ovcu boşdur. Bunu biz də görürük.
Kişi magistral avtomobil yolu ayrıcındakı dəmir arakəsməyə söykənib sağdan-sola, soldan-sağa sürətlə şütüyən maşınlara baxır.
Beləcə xeyli zaman keçir. Maşınların sürəti get-gedə artdığından artıq biz də onları sezə bilmirik.
Kişi yolun ortasında hərəkətsiz dayanıb.
Kadr get-gedə lap sürətlənir.
11.
Artıq gecədir.
Kişi kimsəsiz şəhər küçəsi ilə gedir.
Ətrafda heç kəs yoxdur.
Ancaq kadrda yanıb-sönən küçə fənəri görünür.
Qəfil gözümüzün qabağında küçə fənərinin işığı yavaş-yavaş öləziyir. Və nəhayət, son dəfə işarıb sönür.
Bunu kişi də görür.
Kişi işıq dirəyinə yaxınlaşır.
Və birdən-birə gözümüzün önündə möcüzə baş verir. Kişinin ovcunun içi yavaş-yavaş gözümüz önündə işıqlanmağa başlayır. Get-gedə artan bu işıq artıq əməlli-başlı sezilir.
Kişinin ovucları əməlli-başlı işıqlanıb.
Kişi əlini küçə fənərinin dirəyinə toxundurur.
Fənər kişinin ovcundakı işığın təmasından yenidən yanır.
Kişinin təəccübündən gözləri irilənir. Sonra o, digər fənərə yaxınlaşır. Yenə də hər şey təkrarlanır. Beləcə, kişi sönmüş küçə fənərlərini əlinin təması ilə yandıra- yandıra kimsəsiz şəhərlə evinə doğru gedir...
Kişi ovcunda işıq şəhərə girir. Və biz şəhəri onun ovcunun işığı altında görürük.
Gümüşü və təmiz...
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)