“Səhnə” teatrı YARAT Müasir İncəsənət Mərkəzində yenidən “Bir dəfə Qarabağda” tamaşasını teatrsevərlərə təqdim edib.
Tamaşa mərhum aktyor Əməkdar artist Elşən Çarhanlının xatirəsinə ithaf olunub.
Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin motivləri əsasında müzikl janrında hazırlanan tamaşa dəfələrlə səhnə və kino kontekstində tamaşaçı ilə üz-üzə dayanan obrazların köməyi ilə bu dəfə onları bir başqa ovqatla Qarabağa aparıb. Aktyor oyunu və ecazkar musiqi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir.
Səhnə əsərində rolları Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Elçin Hacı, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim, Ruhiyyə Yəhyayeva, Qüdrət Fətullayev və Absalam Həşimli ifa edib.
Tamaşada musiqiləri qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblı səsləndirib. Ansamblın bədii rəhbər Məmmədəli Məmmədov olub.