Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Mənə görə, insanlar dünya ilə olan mübarizələrini cisimləri ilə deyil, ruhlarıyla verirlər. Həddindən artıq fiziki ağrı cana, həddini aşmış mənəvi ağrı isə ruha əzab verər. İnsanlar üzümüzdəki göy qurşağını görüb, içimizdəki yağışlardan xəbərsiz qalar. Biz isə, bu hala özümüzü unudacaq dərəcədə öyrəşərik.
İnsana nəyisə qəbul etdirmək üçün, onu ilk öncə həmən şeyə öyrəşdirməlisən. Öyrəşən, qəlbi zülmətə məhkum olmuş biri üçün gündüz və ya gecə olduğunun bir önəmi qalmaz.
Uşaq ikən biz öz etirazımızı ağlayaraq göstərərdik. Böyüdükcə, dəfələrlə həyatımız qaraldı, bizim isə ağaran saçlarımız oldu. Yaşımız artdıqca, həyat bizə "səssiz haray"ı öyrətdi.
Həyatın acı gerçəklərini üzümüzə şillətək vuran, adı ilə izləməyə sövq edən "Səssiz haray" filmindən bəhs edək.
Sədaqət Kərimova bu filmin ssenari müəllifi və quruluşçu rejissorudur. Həmçinin "Soyuq Günəş" və "İtən gündəlik" filmlərinin də yaradıcısı odur.
Quruluşçu operatoru Elxan Rüstəmov, Sevda Məmmədova isə filmin rəssamıdır. Baş rollarda Fariz İlyas, Ədalət Abdulsəməd, Qəmər Məmmədova, Elçin Əfəndi, İlhamə Əhmədova, Elşən Rüstəmov, Mirzə Ağabəyli, Aygün Fətullayeva, Zemfira Abdulsəmə, Dilarə Fərəcullayeva, Zümrüd Qasımova və digərləri çəkilmişdir. Çəkilişlərin əksəriyyəti Qusar Peşə liseyində həyata keçirilmişdir.
Filmdə dərdin yaşı olmadığını, hər yaşın bizi üzləşdirdiyi çətinliklər tam şəffaflığı ilə izləyicilərə çatdırılmışdır.
-Ağıllı qız ol, burada otur, məni gözlə, mən də gəlim.
-Yaxşı, bax, gecikmə ha, söz verirsənmi?
Anasının başını təsdiqləyərək:
-"Darıxma, tez gələcəyəm" deyib, bir daha heç gəlməməsi ilə filmin baş rollarından biri olan Sənubərin elə uşaq ikən yaşadığı və bundan sonrakı həyatına təsir edəcəyi pisliyi anası tərəfindən görmüş, bununla da film bizə həyatda doğma dediyimiz insanların, bəzən ən böyük sağalmaz yaralara yol açacağını öyrədir.
Həmçinin onun 18 il sonra böyüyüb boya-başa çatdığı yetimxanaya gələrək, öz otağına keçməsi və onunla eyni taleyi paylaşan Teymuru görməsi bizə, həqiqətən bu dünyada fərqli insanların, eyni çətinliklərdən keçə, bir çox yüzlərlə ruhun, eyni bədbəxtliklə mübarizə apardığını görmək imkanı yaradır, tək olsaq da, tale dostlarımızın olduğunu göstərir.
Sənubərin qayğı görməməsinə rəğmən, illər sonra qayğı göstərən biri olmasını işlədiyi qocalar evində olan yaşlılara göstərdiyi qayğıdan, "yaşadıqlarım məni pis biri edib" cümləsinin sadəcə zəiflik olduğunu görə bilərik.
Filmin bu hissəsinə qədər tənqidimiz, övladından uşaqlığı əsirgəyən valideynlər idi. Filmin növbəti hissələri, həyatın digər üzlərini göstərir. Gəlin, indi də vəfa ilə böyüdülüb, vəfasız övladlardan danışaq. Bəzi cavanların rahat yaşamaq üçün, cavanlıqlarını qurban edən varlığa, ana-ata deyilir.
Sarıyad içdən içə övladlarına ehtiyac duymasına rəğmən, onların rahatlığını, öz narahatlığı ilə əvəzləyirdi.
Məgər dünyadakı ən böyük rahatlıq, sənə rahatlığı bəxş edənin rahat olduğunu görmək deyildi?!
Sarıyadın xəstələnib, yaş alıb gücdən düşməsi və övladlarını narahat etməmək üçün xəbər verməməsi həssas ana ürəyinin göstəricisi idi.
"Övlad qayğısına həsrət bəzi ahıl adamlar, ömürlərinin qalan illərini qocalar evində keçirməyə məhkumdurlar".
Bəli, artıq çarəsiz qalan Sarıyad bu cümlənin mənasını bütün ruhu ilə dərk edir və qocalar evinə yerləşir. Həyat iki yaralı insanı - ana qayğısından məhrum qalan Sənubəri və övlad qayğısına möhtac olan Sarıyadın yollarını kəsişdirir.
Daha bir təsirli dialoq, Sarıyadın qocalar evində yaşlı kişi ilə etdiyi söhbətdə, qocanın işlətdiyi həmin o cümlələr idi.
-Həyat yoldaşım 10 il bundan qabaq vəfat edib. Çox gözəl xasiyyəti var idi. Amma gəl ki, onu incitməkdən həzz alırdım. Deyirdi ki, mənim qədrimi öləndən sonra bilərsən. Sözlərini zarafata alardım, elə bilərdim ona heçnə olmaz. Bir gün quş kimi uçub getdi. Həmən gün başa düşdüm ki, arxamda dağ dayanmışdı. Onun getməsilə dağıldı.
Təəssüf ki insanoğlu nankordur. Bir şeyi ən çox artıq ona sahib olmayanda yox, artıq ona sahib olmadığını "anlayanda" onun qiymətini anlayır.
-Ömürlük getmirəm ki, birdə gördün, müharibə qurtardı, mən də qayıdıb gəldim.
Müharibə qurtardı, amma Sarıyadın yarı gəlmədi.
Daha bir təsirli dialoq anası olmayan Teymur ilə müdirin dialoqu idi.
-And iç.
-Anamın canı üçün...
Anasız biri üçün bu cümlə, həyatının ən ağrılı, ən yaralayıcı cümləsi ola bilərdi bəlkə də. Axı bu andı anası olanlar işlədir və Teymurun anası yox idi?! Var idimi? Bəlkə də, hə. Hə, hə, var idi. Anası Teymurun yanında deyil, qəlbində idi. Teymur anası var imiş kimi, bu andı içmişdi...
Sarıyad obrazının qocalar evindəki zibilliyi bostan yeri etməsi, həmçinin ona atılan şər-böhtanlara rəğmən təmiz qalması, inci daşının palçıqda belə parlayacağı gerçəyi ilə üst-üstə düşür.
Qocalar evində illər sonra Sənubərin yazdığı mahnının səslənmə səhnəsi, insanın bir-başa ruhuna işləyirdi...
-Nə mən Zübeydəni, nə də sən İbrahimi əvəz edəcəksən.
Bu cümlə isə bizə, əsl sevginin insanın qəlb qapısını bir dəfə döydüyünü, ondan sonrakıların sadəcə qonaq kimi, gəlib getdiyini göstərir...
Filmin sonlarında əslində doğmaları varkən yetim qalan Sarıyad, Sənubər və Teymur birlikdə yaşamağa qərar verirlər. Bu isə bizə onu göstərir ki, insanın həyatdakı yaxınları, qan bağı olanlar deyil, can bağı olanlardır. Əsas məsələ könül, qəlb, ruh yaxınlığı imiş...
“Ədəbiyyat və incəsənət”
(19.03.2024)