Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Ölüm bir evə girəndə sağ qalanları da bir az öldürür"
Peyami Safa
Düşünürəm ki, hər bir xalqın mədəniyyəti və mədəniyyətin müxtəlif sahələrinə aid olan əsərləri özündə bir az həmin xalqın ailə-məişət və cəmiyyət həyatını, bir az milli ruhunu, bir az soykökünü, bir az dünyagörüşünü də ehtiva edir.
Necə ki, milli kinolarımızın mövzu və məzmununa diqqət yetirəndə görürük ki, müharibə (istər ön, istər arxa cəbhə), insanların məişət həyatı, soykökü, qəhrəmanlıq mövzularında çəkilmiş filmlərimiz üstünlük təşkil edir.
Biz milli kinolarımızda daha çox hər zaman ön cəbhələrdə cəsarətlə vuruşmuş Mehdi Hüseyzadə, Həzi Aslanov, İbad Hüseynov kimi qəhrəman, söhbət müharibədən, cəbhədəki əsgərlərdən gedəndə əlindəki varını-yoxunu cəbhəyə gedənlərə paylayan Cəbiş müəllim kimi insan, tək
başına evindən çıxıb cəbhəyə yollanan balaca Murad, məişət qayğıları ilə yanaşı kolxozlarda, çay və pambıq plantasiyalarında, fermalarda çalışan zəhmətkeş, həkimə ehtiyacı olan bir yaralıya tibbi yardım göstərmək üçün fırtınalı gecədə dağ döşünə qalxan fədakar Azərbaycan qadını obrazlarını izləyirik.
Bu gün də məhz sujet xəttinin əsasını müharibə motivlərinin təşkil etdiyi və Azərbaycan kino tarixinə ən faciəli film kimi iz salan "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmindən söz açacağıq.
"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan film 1968-ci ildə xalq yazıçısı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılıb.
Quruluşçu rejissorlar Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, operator Aleksey Polkanov, rəssam Kamil Nəcəfzadə, bəstəkar Fikrət Əmirovdur. Filmin ssenarisini Bayram Bayramov, Ağarza Quliyev və İqor Strekov birgə yazıblar.
Rollarda Xuraman Qasımova, İsmayıl Osmanlı, Şahmar Ələkbərov, Eldar Əliyev, Sadıq Hüseynov, Ələddin Abbasov və başqaları çəkilib.
Filmin çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə və Lənkəranda baş tutub.
Ekran əsərində hadisələr Böyük Vətən müharibəsi illərində Azərbaycanın dağ kəndlərinin birində cərəyan edir.
Burada qəhrəmanımız Səidənin taleyinin fonunda biz müharibənin insan həyatına təsirlərini izləyirik.
Fəxrəddin Manafovun qonaq olduğu bir verlişdə Yusif obrazından danışarkən söylədiyi "Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil. Yəni fiziki olaraq əlbəttə ki, şükür, qayıdanlar var, amma düşüncə, ruh olaraq onlar ordadırlar."-, sözləri gəlir ağlıma.
Xalqların azadlıq hərəkatlarını müharibələrdən ayırıb düşünəndə məncə müharibədə heç qazanan da olmur. Bir tərəf işğalçılıq edərkən, digər tərəf özünü müdafiəyə keçir. Çünki insan həyatının, dahası insan ruhunun itirildiyi bir yerdə heçnəyi qazanmaq mümkün deyil.
Və əgər düşünürsüzsə ki, müharibə sadəcə cəbhədə əli silah tutanlar arasında gedir, yanılırsız.
Müharibə də bir növ ölüm kimidir. Necəki ölüm bir evə girəndə sağ qalanları da bir az öldürür, eləcə müharibə də vuruşan tərəflərdən xəbərsiz, onların arasından soxulub cəbhədən insanların evlərinə, məişət həyatlarına, hətta onların ruhlarına qədər girir.
Müharibə fədakarlıq tələb edir, müharibə çoxlu qurban tələb edir.. Çoxlu günahsız qurban...
Kiminin əzizləri, kiminin ruzisi, kiminin həyatı və kiminin də taleyi olur bu qurban...
Film gənc qızın atasını cəbhəyə yola salmas səhnəsi ilə başlayır.
Uşaq ikən anasını itirən Səidə yeniyetmə çağında atasını da cəbhəyə yola salır.
Müharibə həm də çətin bir dövr deməkdir. Ön cəbhədə ordu düşmənlə savaşarkən, arxa cəbhədə də xalq müharibənin gətirdiyi bəla və çətinliklərlə mübarizə aparır. İnsanlar sadəcə özləri üçün deyil, başqaları üçün də yaşamalı olduqlarını anlayır, sadəcə özlərini deyil başqalarını da düşünməyə başlayırlar.
Çingiz və Məzahir obrazları insanların aclıq dərdinin, ərzaq probleminin həlli üçün çalışarkən, mütəmadi olaraq atası ilə məktublaşan Səidə obrazı cəbhədən gələn məktublarla insanları sevindirmək arzusu ilə poçtalyona məktub paylamaqda kömək etməyə başlayır.
Axı müharibə dövründə insanlar sadəcə yeməyə ac olmurlar. Onlar həm də daim bir xəbər intizarında olurlar. Cəbhədən gələn xoş bir xəbərin intizarında.
Lakin Qurbanın da dediyi kimi, belə bir vaxtda camaatı yedizdirmək asan məsələ deyil, nədə ki, cəbhədən gələn bütün məktubları sevinc hissiylə paylamaq.
Məktublarla sevinc paylamaq arzusunda olan Səidənin çiynləri qəfil bir yükün ağırlığı ilə çox bərk əzilir. Axı məktublar sadəcə şad xəbərlərin deyil, bununla bərabər həm də qara xəbərlərin müşdəçisidir.
Səidə içində qara xəbər daşıyan məktubları sahiblərinə verməkdə çətinlik çəkərkən hələ bilmirdi ki, Şərif də ona atasının ölüm xəbərini verməkdə belə çətinlik çəkir.
Müharibə dövründə insanların əzizləri müharibədə həlak olanların dərdinə şərik çıxması, camaatın qayğısını çəkərkən fədakarlıq etmək, çətin bir dönəmdə insanları əlindən gələn qədər sevindirməyə çalışmaq kimi bəşəri dəyərlər filmdə ön plana çəkilir.
Atası son məktubunda Səidəyə belə yazırdı:
"Biz təyyarə ilə qalxırıq, sakitcə uçuruq. Dan yeri söküləndə düşmən arxasına keçdik, paraşutlarla atıldıq. Mən ömrümdə yeri bu qədər gözəl görməmişdim. O sübh şəfəqlərinə boyanmış şəkilə oxşayırdı. Məni hər şeydən çox heyran edən kəndləri, obaları, evləri birləşdirən yollar, cığırlar idi. Onlara baxanda fikirləşirsən ki, adamları bir-biri ilə birləşdirən bu yollar, bu cığırlardır. Qızım, biz ondan ötrü vuruşuruq ki, insanları birləşdirən bu möhkəm bağlar qırılmasın. Səidə, qızım, tezliklə müharibə qurtarar, görüşərik."
İnsan müdriklik təyyarəsi ilə mənən yüksələrkən evləri, obaları birləşdirən yollar, insanları birləşdirən bağlara çevrilirdi. Və Çingizlər, Səidələr, Məzahirlər isə məhz bu bağların qırılmaması, əksinə daha da möhkəmlənməsi üçün mübarizə aparırdılar.
Səidə obrazı taleyi müharibənin ağır qanunları ilə kəsişərək mənən böyüyən, həssas, duyarlı gəncləri, Çingiz obrazı insanların qayğısını çəkərkən lazım gəldikdə fədakarlıq edib üzərinə məsuliyyət götürməyi bacarmağı, Məzahir obrazı isə bütün çətinliklərə rəğmən nikbin olmağı və ümidi itirməməyi təmsil edir.
“Mən ki gözəl deyildim” müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda mükafat qazanan ekran əsərində Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb
Əvvəldə də qeyd etdiyim kimi film həm də Azərbaycan kino tarixinə ən faciəli film kimi iz salıb. Bunun səbəbi isə çəkiliş zamanı baş verən dəhşətli bədbəxt hadisədir.
Belə ki, Lənkəranda Dneprin alınması səhnəsi çəkilərkən çaya iki qayıq buraxılır. Qayıqların birində aktyorlar, digərində çəkilişin texniki heyəti olur.
Pirotexnikin partlayıcı qurğunu səhv salması nəticəsində baş verən dəhşətli partlayış zamanı rejissor Ramiz Əliyev, Arif adlı operator və daha iki kino işçisi həlak olur. Döyüş səhnələrində yaradıcı heyətə kömək edən rus əsilli polkovnikin isə ayaqları kəsilir.
Hadisədən sonra filmin çəkilişi dayandırılır. Aktyorlar və yaradıcı heyətin bir qismi, eləcə də Rasim Ocaqov operator kimi filmdən imtina edirlər. Sonradan başqa tərkib cəlb olunur və filmi Tofiq Tağızadə başa çatdırır.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)