“GECİKMİŞ BAHAR”- Nuri Bilgə Ceylanın sevdiyi 10 filmdən 4-cüsü Featured

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

4. "Gecikmiş bahar" (1949), Yasuciro Ozu

 

İnanılmaz dərəcədə təsirli film olan "Gecikmiş bahar" qaçılmaz olanın nostalji şəkildə qəbulundan bəhs edir: Uşaqlar ilə valideynlərin yolları haradasa ayrılmalıdır; Dünyanın nizamı belədir. Ozunun həyata qarşı sakit, dinc və yaponvari baxışı beyni sakitləşdirir.

"Gecikmiş bahar" filmində rejissor özünü fəda etməyin, ayrılığın, ailə sevgisinin real və təsirli portretini çəkir. O, minimal arxa plan görüntüləriylə xarici təsirlərdən uzaqlaşaraq orta və aşağı təbəqə yapon ailələrinin həyatını dürüstlüklə əks etdirir.

Manipulyasiya və süni hekayələrdən uzaq "Geçikmiş bahar" sadə insanların acınacaqlı vəziyyətindən, adi həyatın gözəlliklərindən həzz almaqdan, zamanın qaçılmaz olaraq axıb getməsindən səmimi şəkildə bəhs edir.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.