Könül, “Ədəbiyyat və incəsənət”
Cümə, şənbə və bazar. Ardıcıl 3 gözəl gün. Nə edək? Bəlkə teatra gedək? Bu dəfə də Rus Dram Teatrına.
Afişaya baxaq.
23 fevral – “Kapitan qızı”
Dərhal yada bu adda məşhur əsər yazmış rus şairi A.S.Puşkin düşür.
Elə düz də düşür. A.S.Puşkinin eyniadlı povesti əsasında səhnəyə qoyulan tamaşa imperatriça Yekaterinanın hökmranlığı dövründə Yemelyan Puqaçovun üsyan hadisələrini əks etdirir, zabit Pyotr Qrinev ilə qalanın komendantının qızı Maşa Mironovanın zərif sevgisindən söhbət açır.
Tamaşanın premyerası 2023-cü il iyunun 9-da olub və dahi rus yazıçısı A.S.Puşkinin anadan olmasının 225 illiyinə həsr edilib. Quruluşçu rejissor İqor Konyayevdir (Rusiya).
24 fevral – “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
25 fevral – “Artistin taleyi”
Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.
Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.
Çox maraqlıdır!
Buyurun, gəlin, tamaşa edin!
Sizlərə xoş izləmələr!
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)