Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Teatrdan 2009-cu ildə uzaqlaşmışam, amma bu o demək deyil ki, səhnədən də uzaqlaşmışam. Doğrudur, səhnəyə qayıtmağımla bağlı müəyyən təkliflər var, hələ ki, mən həmin təkliflərə münasibət bildirməmişəm. Aktyor olaraq ilk çalışdığım teatr Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı olub. Daha sonrakı iş yerim Şuşa teatrı oldu. 1992-ci ilə kimi orada fəaliyyət göstərdim və teatrın Bakıda məskunlaşması üçün çox işlər gördüm. 1993-cü ildə iş üçün Bakı Bələdiyyə Teatrının direktoru mərhum Xalq artistimiz Amaliya Pənahovaya müraciət etdim. Amaliya xanım məni müqavilə ilə işə götürdü. 2007-ci ilə qədər, düz 15 il Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərdim. Zamanla elə bir vəziyyət yarandı ki, artıq mənim o teatrda qalmağım mümkün deyildi. Heç kimin qəlbini qırmadan dostcasına ayrıldım. Oradan ayrıldıqdan sonra heç bir teatrda işləmədim. Təəssüf olsun ki, bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb. Mən belə şeylərin əleyhinəyəm. Azərbaycan teatr və kinosunun çox zəngin tarixi var. Biz bu kinonu, teatrı yaşatmağı bacarmalıyıq...”
Qaraqabaq, zəhimli görünsə də əslində ürəyi yumşaq adamdır. Davranışında sadə və mehribandır. Heç kimin xətrinə dəyməyi xoşlamır. Bağışlamağı, mərhəmət göstərməyi bacarır.
“Bəzən çox ürəyi yumşaqlıq elədiyimə görə özümü danlayıram. Sonra fikirləşirəm ki, yox, Allah məni insan yaradıb, gərək insanlığımı icra edim. Axı Allah adamı it də yarada bilərdi, pişik də. Mən isə insanam, deməli Yaradanın etimadını doğrutmalıyam. Allah mənim məhz insan olmağımı istəyibsə, bunu nəzərə alıb yaşamalıyam. Heç vaxt unutmuram ki, hər bir hərəkətim üçün o dünyada cavab verməli olacam.”- söyləyir...
Haqqında söhbət açdığım Azad Hətəm oğlu Şükürov 1959-cu ildə Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. 1977-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb, sonra bir müddət aktyor kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında fəaliyyət göstərib. 1990-cı ildən həmin ali təhsil ocağının “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır, 2001-2006-cı illərdə kafedra müdiri olub. Sonra Bakı Bələdiyyə Teatrının aktyoru kimi səhnədə maraqlı obrazlar yaradıb, bu teatrdakı fəaliyyətinə görə 2002-ci ilin noyabrında Əməkdar artist fəxri adına layiq görülüb. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Azad Şükürov həm də tez-tez mətbuatda elmi məqalələrə çıxış edir. “Televiziyada danışıq” proqramı , “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin müəllifidir...
Qəribə xüsusiyyətləri də az deyil. Çox prinsipial adamdır. Necə deyərlər, “nemes kimidir, “yox” dedisə, onu fikrindən döndərmək çətindir.” Amma bütün bunlara baxmayaraq xeyirxahlığından da qalmır. Əl tutmağı, kömək etməyi xoşlayır. Heç vaxt şit zarafatlar etmir, lakin yumor hissi yüksəkdir. Yerində deyib gülməyi də bacarır, ciddiliyinə də söz ola bilməz...
Deyir ki,- “Doğrudur, teatrda çalışdığm dövrdə heç cür vaxt tapıb kinoya çəkilə bilmirdim. Amma arada Nadir Muqbilovun “Prokuror”, Azər Zamanlının “Oyun” filmində baş rollara çəkilmişəm. Ramiz Həsənoğlunun “Cavid ömrü”, “Sübhün səfiri” filmlərində, Ramiz Əzizbəylinin “Yalan” filmində də rol almışam. İndi demək olar ki, hər il ən azı bir filmə çəkilirəm...”
Həyatı boyu ona çox təkliflər olub. Hətta onu- sənin danışığın da, savadın da, görkəmin də filan vəzifəyə uyğundur- deyib həvəsləndiriblər də. O isə bu təkliflərdən imtina edib, qəbul etməyib ki, öz sənətindən uzaq düşməsin. Çünki o, bu sənətə kortəbii deyil, şüurlu surətdə gəlib və sənətə gəldiyi zaman bütün çətinlikləri əvvəlcədən göz önünə alıb...
“İş orasındadır ki, mənim sənət müəllimlərim görkəmli sənətkarlarımız Rza Təhmasib və Əliabbas Qədirov olublar. Onlar mənə hər zaman acı həqiqəti deyərdilər. Sənətin və həyatın gözə görünməyən, amma reallıqda adamı gözləyən çətinliklərdən söz açırdılar. Mən erkən yaşlarımdan həyatın çətinliklərini yaşayan insanam və bu gün çətinlikdən qorxmuram”- söyləyir.
Siyasətdən çox uzaq adamdır. Heç vaxt siyasi proseslərdə radikal mövqe nümayiş etdirməyib. Amma ata-baba torpağlarının işğaldan azad olunması onu çox sevindirir. Buna görə Ali Baş Komandana minnətdarlığını gizlətmir. Prezident seçkilərində məhz ona səs verdiyini dilə gətirir: “Allah şəhidlərimizə rəhmət eləsin! Bir mədəniyyət xadimi, pedaqoq olaraq insanlara bildirmək istəyirəm ki, bizə qələbələr bəxş edən, 30 il ərzində məhrum olduğumuz ana torpağa, doğma yurda, doğulduğumuz kəndə-kəsəyə getmək, valideynlərimizin məzarını ziyarət etmək imkanını yaradan müdrik şəxsiyyətə, ölkə rəhbəri İlham Əliyevə səs verdim və bunu ona olan minnətdarlığımın təzahürü hesab edirəm!”
İllər sürətlə bir-birini əvəz edirlər. Sanki bir neçə il bundan öncə, Amerika qitəsindən ona göndərdiyim təbriki dünən yazmışdım. Budur, fevralın 11-də haqqında söhbət açdığım əməkdar artistin artıq 65 yaşı tamam oldu, yubileyi idi. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşayın, sənətkar!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)