“Araz sahilində doğan günəş» Naxçıvan Dövlət Milli Teatrının səhnəsində Featured

Bilman İsaq, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu gün müstəqilliyimizin inkişafına doğru atılan hər bir addım, yazılan hər bir əsər müasir Azərbaycan ədəbiyyatı tariximiz üçün sanballı töhfədir. Şair-dramaturq Həsənəli Eyvazlı da «Türkmənçay qətli», «Araz sahilində doğan Günəş», «Qurtuluşa gedən yol» tarixi dramlarında, «Ərtoğrul Cavid, yaxud bir ailənin dramı» mənzum faciəsində, “Vəzifə hərisi”, “Yasda toy əhvalatı”, “Ruhların görüşü” və digər  pyeslərində müxtəlif dövrləri əhatə edən hadisə və əhvalatlara öz müəllif münasibətini bildirməklə qalmamış, tarixi keçmişimizin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışmış və buna nail olmuşdur. 

Həsənəli Eyvazlının əsərlərində  qarşıya qoyduğu yüksək əxlaqi-mənəvi keyfiyyətlərin bədii şərhi bir daha göstərir ki, zaman keçsə də bu əsərlər öz aktuallığını və əhəmiyyətini itirməmiş və itirməyəcəkdir.

2024-cü il 9 fevral tarixində  Naxçıvana Muxtariyyət verilməsinin 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Muxtariyyətin 100 illiyinin təntənəli keçirilməsi haqqında sərəncam imzalanmışdır.

Bu günlərdə məlim oldu ki, Sərəncama uyğun olaraq Naxçıvan MR Mədəniyyət Nazirliyi bir sıra tədbirlərlə yanaşı şair-dramaturq Həsənəli Eyvazlının «Araz sahilində doğan günəş» əsərinin də yenidən Naxçıvan Milli Dram Teatrında tamaşaya hazırlanmasını məsləhət bilmişdir.

«Araz sahilində doğan günəş» tarixi dramının gənclərə vətənpərvərlik duyğularının aşılanması baxımından özünəməxsus yeri vardır. Əsər 10 aprel 2008-ci il tarixdə  Naxçıvan Dövlət Musiqili  Dram Teatrında  tamaşaya qoyulmuşdur. Daha sonra isə 2014-cü ildə  yenidən bərpa edilərək səhnə həllini tapmışdır.

Pyesdə Naxçıvana Azərbaycan Respublikasının tərkibində Muxtariyyət verilməsi ilə bağlı aparılan siyasi mübarizədən bəhs edilir. 1921-ci ildə bağlanmış “Moskva” və “Qars” müqavilələrinin mahiyyəti bədii dillə işıqlandırılmışdır. Əsərdə o dövrü əhatə edən tarixi faktlara, bədii, sənədli və mətbu materiallara və bir çox mənbələrə istinad edilmişdir. Əsərdə N. Nərimanov, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Mirzə Davud Hüseynov, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov, Yusif Kamal, Veysəl Ünüvar, Bahadur Vəlibəyov, Georgi Çiçerin, İosif Stalin, Abbas Qədimov, Tağı bəy Səfiyev və s. kimi tarixi şəxsiyyətlər müasir tamaşaçının baxışları nöqteyi-nəzərincə dəyərləndirilmişdir. 

Əsərdə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yaşayan insanların real həqiqətləri əks etdirən müasir düşüncə tərzinə uyğun fikirləri bədii həllini tapmışdır.

Tarixi faktlara əsaslanan müəllif Naxçıvanın ermənilərə verilməsinə qarşı çıxan naxçıvanlıların əzmi, vətənpərvərliyi, bu işdə naxçıvanlılara tarixi köməyini əsirgəməyən qardaş Türkiyənin hərbi-mənəvi yardımını da əsərdə səmimi şəkildə işıqlandırmışdır.

Pyesdə adı çəkilən insanların fəaliyyəti haqqında arxiv materiallarından, eləcə də başqa mötəbər mənbələrin materiallarından istifadə edilmişdir. 

Müəllif böyük uzaqgörənliklə 1921-ci ildən 1992-ci ilə körpü salır. Əsrin əvvəllərində Naxçıvanın taleyi ilə bağlı ciddi narahatçılıq keçirən Nəriman Nərimanov, Mustafa Kamal Atatürk kimi  tarixi şəxsiyyətlərin Naxçıvanla bağlı narahatçılığına, sonsuz sevgisinə, bu torpağın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin də övlad sevgisini, yurd sevgisini qatır.

Müəllif tarixilik prinsipini gözləyərək süjeti tarixi bir ardıcıllıqla inkişaf etdirərək, müasir günümüzə qədər gətirib çıxarır. Əsərdən belə bir ideya ortaya çıxır ki, bu torpaq bizə ata-baba əmanətidir. Onu qorumaq, gələcək nəsillərə çatdırmaq isə torpaq üzərində gəzən oğulların vətəndaşlıq borcudur. Nəriman Nərimanovun, Mustafa Kamal Atatürkün düşmən pəncəsindən saldırdıqları Naxçıvan torpağını onların şərəfli yolunu ləyaqətlə davam etdirən ulu öndər Heydər Əliyev də bir övlad kimi üzərinə düşən şərəfli missiyanı uğurla sona çatdıraraq bu yurdun övladları üçün qoruyur, onu ata-baba əmanəti kimi Vətənin övladlarına tapşırır.

Əsərdə ermənilərin torpaq iddiaları, Stalinin, Çiçerinin onlara havadarlıq etmələri real tarixi faktlar əsasında təsvir olunur. Həmin dövrdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanovun və Azərbaycan SSR Ədliyyə Komissarı işləyən Behbud Şahtaxtinskinin Naxçıvanla bağlı nigarançılığı daha geniş, daha dolğun verilir.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, Tərəqqi medallı, Prezident mükafatçısı Şair-dramaturq Həsənəli Eyvazlını «Araz sahilində doğan günəş» əsərinin  yenidən Naxçıvan Milli Dram Teatrında tamaşaya hazırlanması münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.