Könül, “Ədəbiyyat və incəsənət”
Türk dünyasının ən görkəmli yazarları sırasında yer alan dahi qırğız yazıçısı Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanını yəqin ki, çoxlarınız oxuyub. “Bu yerlərdə qatarlar elədən-elə gedir, belədən-belə” cümlələri ilə başlayan roman insan və Yaradan, insan və cəmiyyət, insan və təbiət ünsiyyətini, eləcə də qarşıdurmasını ustalıqla açır, mənəvi zənginliklər aşılayır.
Səhv etmirəmsə, ötən ilin noyabrında ilk dəfə xəbər tutduq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu romanın
əsasında eyniadlı tamaşa hazırlanacaq. Tamaşanın dekabrda nümayiş olunacağı da elan edilmişdi. Amma müəyyən səbəblər üzündən planlar dəyişdi, məşqlər təxirə salındı. Və budur, teatrdan gələn xəbərə görə, artıq tamaşanın məşqlərinə başlanılıb.
Xatırladım ki, səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Elə bu ad bizə bəs edir söyləyək ki, möhtəşəm bir tamaşa görəcəyik - Çingiz Aytmatovun adına layiq!
Tamaşada altmış aktyorun rol aldığı bildirilir.
Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey) Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov (Nayman tayfa başçısı), Əli Nur (Tansıkbayev-müstəntiq), Kazım Abdullayev (Konvensiya), Sabir Məmmədov (Mühəndis), Əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Anar Heybətov (Sabitcan), Elşən Rüstəmov (Abutalıb), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Rövşən Kərimduxt (Juanjuan tayfa başçısı və Kospan), Rəşad Bəxtiyarov (Juanjuan), Məzahir Cəlilov (Qəbilə sakini), Kazım Həsənquliyev (Yolçu qonaq), Əlvida Cəfərov (Qəbilə sakini), Aslan Şirin (Osman və şagird), Əminə Babayeva (Bikə), Elşən Cəbrayılov (Baş mühəndis və hərbçi), Mətləb Abdullayev (Hərbçi), Elnar Qarayev (Kosmonavt), Almaz Amanova (Baş nəzarətçi), Cavidan Novruzov (Tansıkbayev), Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Rüstəm Rüstəmov (Qalibbəy), Vüsal Mustafayev, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov (Manqurtlar, əsgərlər və şagird), Cümşüd Zeynalov (Yolçu qonaq və trofim), Dilarə Nəzərova, Ləman İmanova, Firuzə Balayeva, (Naymanlar - qadınlar), Ramin Şıxəliyev (Maşinist və şagird), Elnur Qədirov (Konsmonavt), Elçin Əfəndi (Mühəndis), Rada Nəsibova, Afət Məmmədova (Paritet astronavtlar), Nəzrin Abdullayeva (Meşədöşlü), Aylin Həşimova (Şərafət) və Dəniz İmanlı (Səulə) - tamaşada iştirak edəcəklər.
İlk dəfəsində tanınmış aktyor Ramiz Məlik də heyətdə yer almışdı, Meşədöşlü rolunu oynayacaqdı. Amma dekabr ayında aktyor haqq dünyasına qovuşdu.
Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur. Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika və montaj işi Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.
Tamaşanın rejissor assistentləri Dilbər İsmayılova, Xanım Həsənova, Könül Kərimova, Vüqar Məmmədov və Nərmin Həsənovadır.
Qeyd edək ki, “Əsrə bərabər gün” tamaşası insanla yaradan arasındakı bağın mütləqliyi, yaradanın kamil insan gözləyişi konsepsiyası üzərində qurulub. Əcdadlarımızdan yaradana qədər gedən yol insan yaddaşından başlayır. Tarixi yaddaşı korlanmış, hafizəsini itirmiş xalq məhvə məhkumdur. Manqurtlaşmaq etnik təhlükənin son və sos siqnalıdır. Bu, həm də bəşəriyyətin iflasıdır.
SSRİ dağılan zamanlarda milli ideologiyalar arasında məhz manqurtlaşma ideologiyası öndə gedirdi ki, o da Çingiz Aytmatovun bu romanından götürülmüşdü.
Tamaşa Azərbaycan teatr tarixində yeni və ilk səhnə mühəndisliyi, rəssam işi, bədii tərtibatı ilə yadda qalacaq.
“Əsrə bərabər gün”ün premyerasının martda keçirilməsi planlaşdırılır.
Səbirsizliklə gözləyirik!
Şəkildə: tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə “Əsrə bərabər gün”lə bağlı yaradıcı heyət qarşısında çıxış edərkən.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)