Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan öz kökünə bağlı bir məmləkətdir, bu səbəbdən də, ulu mədəniyyətimiz daim inkişafda, özünütəkmildədir. Bu gün ölkəmizdə əyalət teatrlarının yaşaması, funksionallığı onu deməyə əsas verir ki, zəngin ənənəsi olan Azərbaycan teatrı dəbdən düşmür, həm insanlarımızın asudə vaxtının təşkilində, həm də onların mədəni səviyyə plankasının yüksəkdə qalmasına xidmət edir.
Bu gün sizə ən Qərb teatrımız olan Qazax Dövlət Dram Teatrı barədə söz açmaq istəyirəm, belə ki, teatr türkiyəli dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerasına hazırlaşır. Premyera sabah - yanvarın 27-də baş tutacaq.
“Dosya” tamaşası barədə danışacağam, öncəliklə istərdim sizlərə teatr barədə məlumat verim.
Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılıb, 1943-cü ildə bu teatr dram teatrına çevrilib və ona Səməd Vurğunun adı verilib. Dövlət Dram teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərib. O dövrdə teatrın repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin əsərləri, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı. Teatrda çox məşhur isimlər - Gürcüsatan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əməkdar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərmişdir.
1949-cu ildə Mərkəzi Komitə əyalət teatrlarının qeyri-rentabelliyini nəzərə alaraq Qazax Dram Teatrının fəaliyyətinə xitam verib. Əslində isə bu antihimanist addım sırf antiAzərbaycan addım idi, çünki cəmi 15 kilometr məsafədə Ermənistanın əyalət teatrı - İcevan Teatrı fəaliyyətini davam etsirməkdəydi.
11 il fəaliyyətsiz qaldıqdan sonra Qazax teatrı 1960-cı ildən Xalq teatrı kimi fəaliyyətini davam etdirdi, 1988-ci ildən isə yenidən Dövlət Dram teatrı statusunda fəaliyyətə başladı, Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını göstərdi.
Teatr müxtəlif illərdə Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində oldu. 90-cı illərin əvvəlində atəşkəsdən əvvəl Qarabağ bölgəsində-Ağdərə və Tərtər rayonlarında əsgərlər qarşısında çıxış etdi.
Bu illər ərzində teatrda 70-dən artıq əsərə quruluş verilmiş, teatr respublikada keçirilən festivallarda dəfələrlə iştirak etmişdir. Müxtəlif illərdə teatrda Respublikanın Xalq artistləri Zülfiqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, əməkdar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstərmişdir. Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiyasına müntəzəm müraciət edib, klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir.
Teatr Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif teatr festivallarının iştirakçısı olub.
Teatrın direktoru Saqif Sarı oğlu İskəndərov, baş rejissoru Musa Eyyub oğlu Eyyubovdur.
Və indi də növbəti premyeraya - “Dosya”ya qayıdaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Məmmədovadır.
Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov, Məmməd Hacəliyev ifa edəcəklər.
Teatrda cari ilin repertuar planından kənar uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasında eyniadlı tamaşa da hazırlanır. Quruluşçu rejissoru Vüsal Məmmədov olan səhnə işi fevralın sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.
Qazax Dövlət Dram Teatrı cari sənət mövsümü üçün plan üzrə 4 əsəri repertuarına daxil edib. Bunlar aşağıdakılardır:
Əli Əmirlinin “Onun iki qabırğası” komediyası. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verəcək.
Həmçinin Braziliya yazıçı-dramaturq Gilyerme Fiqeyredunun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət” əsərləri Əməkdar artist Xəzər Gəncəlinin, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsəri Qazaxa dəvət olunacaq Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzənin quruluşunda hazırlanacaq.
Uğurlar, elm, söz və sənət məskəni olan ulu Qazaxın teatrı!
“Ədəbiyyat və incəsənət”
(26.01.2024)