Gəncə Dövlət Kukla Teatrının 2024-cü il üzrə repertuar planı zəngindir. Sənət ocağının açıqladığı məlumata görə, teatr balaca tamaşaçılarına il ərzində plan üzrə 4 yeni tamaşa təqdim etməyi nəzərdə tutub.
Bunlar Korney Çukovskinin “Milçək – Vizilçək” (quruluşçu rejissor Zülfiyyə Əliyeva), Avropa xalqları nağıllarından “Üç donuz balası” (səhnə üçün işləyəni və quruluşçu rejissoru Əməkdar artist Fərmail Paşayev), Azərbaycan xalq əfsanəsi əsasında “Məhəbbət dastanı” (Estoniyada fəaliyyət göstərən “Avşar” kukla teatrının rəhbəri Əməkdar artist Rauf Avşar quruluş verəcək) və “Padşah və xoruz” Azərbaycan xalq nağılının motivləri əsasında Osman Ümmanın qələmə aldığı “Xoruzun hikkəsi” (quruluşçu rejissor Şamil Məmmədli) tamaşalarıdır.
Hazırda “Milçək – Vizilçək” tamaşası üzərində yaradıcılıq işi gedir. Premyera mart ayının sonuna planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)