Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirlər ki, ən güclü futbolçular məhlə komandlarında yetişirlər. Amma heç bir komanda bu işi görə bilmir. Yəni, heç bir komanda, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan.
Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlarını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir də insan kimi ifadə etdiyi fikirlər, əməlləri həmişə yaddaşlarda qalacaq…
Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan oldu. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür...
Yüz il bundan sonra, onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda da ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə…
Ruhun şad olsun, Fuad!
“Ədəbiyyat və incəaənət”
(16.01.2024)